Urmiya gölünün quruması 3 milyon türkü köçməyə məcbur etdi
Urmiya gölünün quruması 3 milyon nəfərin işsiz qalmasına və köçməsinə səbəb olub. İran parlamentinin deputatı bundan başqa deyib ki, gölun qurumasının doğurduğu ekoloji fəlakətdən dolayı hövzənin ətrafında yerləşən və əsasən aqrar sənayeyə bağlı zavodların 34%-i bağlanıb…
Urmiya şəhərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Nadir Qazipur deyib: “Bu zavodların bağlanmasının səbəbi isə Urmiya gölünün ətrafındakı qazılmış quyuların sularının qurumasıdır. Bu da bölgədə əkinçiliyin məhv olmasına gətirib çıxardığından zavodlar işi dayandırmaq məcburiyyətində qalıb. Zavodların bağlanması isə yalnız Qərbi Azərbaycan vilayətində baş verib. Urmiya gölünün quruması nəticəsində bölgədə sosial-iqtisadi, sənaye və mədəni problemlər yaranacaq”.
Qazipur əlavə edib ki, İran hökuməti Urmiya gölündəki ekoloji fəlakəti aradan qaldırmaq üçün lazımi addımı atmayıb: “Gərək hökumət bu gölün qurumasının minlərlə iqtisadi və iş imkanlarını aradan qaldıracağını anlasın. Ölkə parlamenti Urmiya gölünün xilası üçün qanunlar qəbul edib. Ancaq hökumətin bu qanunları icraya yönəldilməsinə və gölün qurumasının qarşısını almağa marağı və hədəfi yoxdur”.

