Muəllif:

Urmiya fəlakəti: 100-dən çox kəndin boşalması təsdiqləndi

İran hökumətinin təqsiri üzündən Urmiya gölünün quruması və ekoloji fəlakətə uğrayan bu gölün ətrafında 100-dən çox türk kəndinin boşalması təsdiqləndi. Deyilir ki, kəndlərin boşalması gölün qurumasıyla birbaşa bağlıdır və İranın Azərbaycan səfirliyinin iddia etdiyi kimi, bunun Maku şəhərinə sel gəlməsiylə heç bir əlaqəsi yoxdur. Bu barədə “Oyanews” saytı 12 səhifəlik araşdırma material yayıb. Sayt Urmiya gölünün quruması və kəndlərin də bu səbəbdən boşalmasına dair 8 millət vəkilinin, Urmiya Elm Mərkəzinin “Artemiya” institutunun direktoru Nasir Ağ, Qərbi Azərbaycan vilayət Ekologiya İdarəsinin baş direktoru Həsən Abbasnejad, Şərqi Azərbaycan vilayət Kənd Təsərüfatı İdarəsinin sədri, İran prezidentinin müavini Məhəmməd Cavad Məhəmmədzadənin müsahibələrini toplayıb.

“Oyanews” xəbər agentliyinin rəhbəri Məcid Xoşətər APA-ya bildirib ki, sayt öz müxbirlərini boşalmış kəndlərə ezam edərək, yerlərdən reportajlar da hazırlayıb:

“İranın Azərbaycan səfirliyinin fevralın 23-də Urmiya gölüylə bağlı yaydığı açıqlama həqiqəti əks etdirmir. Biz agentlik olaraq, elə o gündən bu məsələylə bağlı ciddi araşdırma apardıq. İran deputatlarının və vəzifəli məmurların Urmiya gölüylə bağlı açıqlamalarını müxtəlif saytlardan topladıq. Müsahibələr müxtəlif tarixlərdə İranın rəsmi saytlarında və ya dövlət tədbirlərində qeydə alınıb. İran öz deputatlarının və məmurlarının açıqlamalarını da təkzib edəcək? Biz Urmiyadan seçilən deputatlar — Cavad Canahgirzadə, Abid Fətahi, Seyid Salman Zakir, Nasir Qazipur, Təbrizdən deputatlar- Məsud Pəzəşkian və Məhəmməd İsmayıl Səidi, Şəbistardan deputat Əli Əlilu, Bocnurddan deputat Musa Əlirza və məmurların müsahibələrini təkrar yaydıq. Məsələn, Nasir Ağ 2008-ci il mayın 7-də deyib ki, 7 ildən sonra Urmiya gölünün şoranlığa çevrilməsi yüzlərlə kəndin boşaldılmasına səbəb olacaq. N.Qazipur 2012-ci il iyulun 10-da açıqlamasında bildirib ki, gölün quruması nəticəsində Urmiyada kənd təsərrüfatı məhv olmaqdadır. O 2012-ci il aprelin 18-də isə Urmiya gölünün 70 faiz quruduğunu, bu gedişlə milyonlarla azərbaycanlının kəndlərindən köç edəcəyini deyib. H.Abbasnejad isə müsahibəsində Urmiya gölünün quruması nəticəsində ətrafdakı bir sıra kəndlərdə yaşayan əhalinin qonşu şəhərlərə köç etdiyini söyləyib. İran prezidentinin müavini M. C. Məhəmmədzadə də açıqlamasında gölün quruması və yaranmış şoranlıq nəticəsində Qəbri Azərbaycan vilayətinin 40 kəndinin boşaldığını deyib. Bütün bu açıqlamalar və müsahibələr İranın mötəbər media orqanlarında çap edilib və yayılıb. Biz açıqlamamızda hər bir müsahibənin mənbəyi haqqında da məlumat vermişik. İran səfirliyi 100-dən çox kəndin boşalmasını Makuya sel gəlməsiylə izah edir. Biz bu şəhərə də əməkdaşlarımızı göndərdik. Məlum oldu ki, güclü sel Makuya 2 il əvvəl gəlib və hadisə nəticəsində heç kəs kənddən köçüb getməyib. Yəni o qədər ağır tələfata səbəb olmayıb. Belə olan halda Urmiya kəndlərinin boşalmasını sellə bağlamaq çox gülüncdür”.

M.Xoşəxtər əlavə edib ki, gölün quruması bölgədə iqlim şəraitini də dəyişib: “Bizim müxbirlər həmin ərazilərin fotolarını da çəkiblər. Ağaclara qədər duz bağlayıb. İqlim dəyişikliyi əhali arasında psixoloji gərginliyi artırıb. Şindava kəndində son bir ildə 3 nəfər Nasir Kərimi, Əsgər Codət və xanımı depressiyaya düşərək intihar edib”. M.Xoşəxtər qeyd edib ki, Şəbistər şəhərindən Sofiyan tərəfə doğru 30 kilometrlik ərazidə olan bütün badam bağları duzlu küləklərin əsməsi nəticəsində tamam quruyub. Onun sözlərinə görə, bir çox kəndlərdə quyu suları duzla dolub və yararsız hala düşüb: “Su tapmayan, kənd təsərrüfatı və heyvandarlıqla məşğul ola bilməyən əhali məcburən kəndlərini tərk edib. Liman şəhəri olan Şərabxana bir zamanlar bölgənin əsas turizm mərkəzlərindən biri idi. İndi isə duzla dolu şoranlığa çevrilib. Hətta böyük və məşhur Şərabxana oteli də bağlanıb”.

“Oyanews” araşdırmada sayt əməkdaşlarının kənd sakinlərindən aldığı müsahibələrini də yayıb. Şindava kənd sakini Mehdi bildirib ki, camaat arasında əsəb və psixoloji xəstəliklər, dəri qaşınmaları, öskürək artıb: “Küləklə duz tozları ağacların budaqlarına, yarpaqlara qonur. Bu gedişlə yayda bizim kənddə də bağ qalmayacaq. Kəndimizin Miriban, İsgəndər, Zaviyə, Durman, Daf, Qulu kimi 30-a yaxın su quyusu acılaşıb və yararsız hala düşüb”. Dizəc Xəlil kəndinin sakini Aydın isə bildirib ki, 10 nəfər yaxın qohumu depressiya xəstəliyindən müalicə alır:

yyKəndimizin İmam Zaman, Xoşbəxt, Kamal bəy, Mərhəməti, Seyid Motori və s. su quyuları duzlaşıb, suyundan istifadə etmək olmur. Bu şəraitdə qalıb yaşamaq mümkün deyil. Kəndimizin 70%-i köçüb Tehrana gedib”.

Qeyd edək ki, İranın Azərbaycan səfirliyi fevralın 23-də açıqlama yayaraq, Urmiya gölünün qurumasına dair xəbərlərin doğru olmadığını yazıb: “Urmiya gölü qurumaq təhlükəsiylə qarşı-qarşıya deyil. Əksinə göl mühafizə indeksinə görə əla səviyyədədir. 100 kəndin boşalmasının isə Urmiya gölüylə heç bir əlaqəsi yoxdur. Bu Maku şəhərinə selin gəlməsiylə bağlıdır”…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 232