Ürək-damar xəstəlikləri xeyli «cavanlaşıb»
Ölkəmizdə ürək-damar xəstəlikləri ötən illərlə müqayisədə xeyli cavanlaşıb. Bu barədə SN Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Azad Hacıyev məlumat verib. Hacıyev bildirib ki, əgər 30-40 il əvvəl çox nadir hallarda 30 yaşdan aşağı yaşda olan insanlarda infarkt və digər kardioloji xəstəliklər qeydə alınırdısa, indi bu say çoxalıb və daha cavan yaşlı insanları əhatə edir (APA).
Bəli bizim günlərdə yeni doğulan uşaqlarda da ürək-damar xəstəliklərinə rast gəlmək mümkündür.
Hacıyevin sözlərinə görə, cavan insanlarda bu xəstəliklər stress nəticəsində yaranır: “Onlara ilkin yardımın göstərilməsi çox önəmlidir. Çünki köməkliklərin vaxtında edilməsi ilə onların xəstəlikdən vaxtında azad olunması imkanları var. Əgər əvvəllər 30 yaşdan aşağı hər min nəfərdə 2-5 nəfər insanda ürək-damar xəstəlikləri aşkarlanırdısa, indi onların sayı 100-ə yaxındır”.
A.Hacıyev qeyd edib ki, paytaxt Bakıda ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin sayı daha çoxdur: “Bakı meqapolis olduğundan və burada insanlar stresslə daha tez-tez qarşılaşdığından, ürək-damar xəstəliklərinə daha çox rast gəlinir. Amma rayonlarda insanlar təbiətlə daha çox əlaqədə olduğu üçün və digər amillərin təsiri ilə onlarda xəstəlik daha az qeydə alınır”.

