Muəllif:

Ünvanlı yardımın sənədləşdirmə prosesi sadələşəcək

Dövlət Sosial Təminat Xidməti ünvanlı sosial yardımın verilmə mexanizminin dəyişdirilməsi ilə əlaqədar təkliflər hazırlayaraq Nazirlər Kabinetinə göndərib. Təkliflər qəbul olunarsa, sənədləşdirmə prosesi sadələşəcək və ailələrin sosial vəziyyətinin araşdırılma mexanizmi təkmilləşəcək.
İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, qanunvericilik bazasının qeyri-təkmilliyi, ətraflı təhlilə əsaslanan düzgün proqnozlaşdırmanın yoxluğu səbəbindən vəsait çatışmazlığının yaranması və qeyri-rəsmi ödənişlər ünvanlı sosial yardımın səmərəli həyata keçirilməsinə maneçilik yaradır. Ölkədə ünvanlı yardımdan sosial reabilitasiyaya keçidi zəruri edən bir sıra amillər mövcuddur. Bunlardan ən mühümü ünvanlı yardım proqramının tətbiqindəki problemlərdir. Bir neçə il davamlı olaraq ÜSY alınması hallarının çoxluğu, dövlətin verdiyi müxtəlif növ sosial yardımların unifikasiyası və əlaqələndirilməsində çətinliklər mövcuddur.
Ekspert bu qənaətdədir ki, aztəminatlı ailələrin yoxsulluqdan çıxarılması üçün ayrıca proqram vacibdir: «Yoxsulluq riskindən passiv müdafiə tədbirlərindən aktiv müdafiə tədbirlərinə keçid, Dövlət Sosial Reabilitasiya Proqramının hazırlanıb həyata keçirilməsi nəticəsində sosial yardıma ehtiyacı olanların sayının azaldılması vacib məsələlərdir. Proqramda ailələrin yoxsulluqdan çıxarılmasının, davamlı işlə, reabilitasiya tədbirləri ilə əhatə olunmasının ümumi istiqamətləri, qarşıya qoyulan məqsədlər, ona nail olunma yolları ümumi şəkildə əks etdirilə bilər. Ancaq ilk növbədə baza məlumatlarının təhlili əsasında ÜSY alan ailələrə fərdi yanaşma tətbiq olunmalıdır. Fərdi yanaşmanın məqsədi aztəminatlı ailələrə özünütəminat (özünüməşğulluq) imkanlarının yaradılmasıdır. Bu tədbirlərin həyata keçirilməsi sosial yardımla paralel aparılmalıdır».
MM İqtisadi siyasət Komitəsinin üzvü Əli Məsimlinin fikrincə, hər şeydən öncə ünvanlı sosial yardımın (ÜYS) məbləğinin artırılmasına ehtiyac var. Belə ki, yaşayış minimumu yaşayış şərtlərini necə diqtə edirsə, ünvanlı sosial yardım da bu katerqoriyadan olan insanlar üçün həyat şəraitini müəyyən edir. Millət vəkili qeyd edir ki, ünvanlı yardımın tam təminatı ciddi məsələyə çevrilib: «Dövlət büdcəsinin bunun üçün imkanlar da yaranıb. Aztəminatlı əhalinin müəyyən təbəqəsi ünvanlı sosial yardıma daha çox möhtacdır. Doğrudur ki, yardımın mənfi tərəflərindən biri budur ki, bəziləri yoxsulluq içində yaşamağa alışır, sosial yardımı əlavə və təmin olunması üçün gəlir kimi qəbul edirlər. Əslində, ÜSY yoxsul insanın problemlərinin həlli üçün daimi çıxış yolu olmamalı, müvəqqəti xarakter daşımalıdır. Mexanizm uzun müddət fəaliyyət göstərə bilər, ancaq bu o demək deyil ki, eyni sosial qrup bu yardımdan daim bəhrələnməlidir. Bu, insanları yoxsulluq tələsinə salar, ələbaxımlılığa öyrədər. Mexanizmin tətbiq olunduğu qruplar aralıq dövründə bundan bir vasitə kimi yararlanmalı, sosial yardım alanlar tez-tez dəyişməlidirlər. Yalnız bu yolla ÜSY-nin səmərəliliyinə nail olmaq mümkündür. ÜSY-yə yoxsulluğun azaldılması vasitəsi kimi baxılması yanlış yanaşmadır”.
İqtisadçı onu da qeyd etdi ki, illərdir iqtisadçılar sosial yardım almaq üçün prosedur qaydalarının sadələşdirilməsinin, sosial yardımın məbləğinin və aztəminatlı ailə üçün əhəmiyyətinin artırılmasının zəruriliyini vurğulayır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 185