Unudulmuş
Bayramlar adamı lap işdən soyudur. Bir həftə aradan sonra son bir neçə gündür nə yazacağım barədə düşünürdüm. Elə bu gecəni də dağı-arana, aranı-dağa qatıb gah Putindən, gah Obamadan, gah prezident seçkilərindən, gah da «Dağıstan» adlı Rusiya raket gəmisinin kapitanının nədən azərbaycanlı olduğundan yazmağı düşünürdüm. Elə yazacaqdım da, amma…
Bu gün işə gəlib kabinetin qapısını açar-açmaz masamın üstündə böyük bir gül çələngi görüb narazı şəkildə köməkçimdən soruşdum ki, bu nədi belə? Qız pərt olub dedi ki, «Sizə göndəriblər». Hiss elədim ki, qızcığaza bu saat nəsə bir köntöy söz deyəcəm. Ona görə də tezcə içəri keçib qapını arxamca örtdüm — heç belə şeylərdən xoşum gəlmir. Niyəsini indicə izah edərəm.
Anam danışardı ki, günlərin birində atası, yəni babam Məmməd Şıxlı, işdən evə qayıdanda dəhlizin uzaq küncündə həddindən çox böyük bir qarpız olduğunu görür. Nənəmdən soruşur ki, «ay Badisəba, bu nədi belə»? Arvad da kişinin zəhmindən qorxa-qorxa deyir ki, «heç, əmimoğlu kənddən pay gətirib». Kişi bir şey demir. Sonradan yeməyə əyləşəndə soruşur ki, «bəs bir şey demədimi»? Nənəm də cavabında «nə deyəsiydi ki, heç nə. Allahın payıdı gətirib». Babam yenə dinmir, amma bir müddət sonra qayıdır ki, «ay Badisəba, mənim bu qarpızdan gözüm heç su içmir, vallah, bunun dalında nəsə gizlənib». Əlqərəz, ertəsi gün əmioğlu gəlir ki, «ay Şıxlı yeznə, amanın bir günüdür, uşax məytəvi bitirif, gör onu instituta düzəldə bilirsənmi?». O vaxtdan ailəmizdə bu söz zərbi-məsələ çevrilib. Gözlənilmədən kimsə paylı-ürüşlü gələndə bir-birimizə baxıb gözümüzdən gülür və gələnin yanında deməsək də, bilirik ki, hərə ürəyində «bu qarpızın dalında nəsə gizlənir» deyir. Elə buna görə də az qala özümdən çıxmışdım.
Gül dəstəsinin yanındakı məktubu oxuyanda yadıma düşdü ki, bu gün, yəni avqustun 15-də, «Ayna» və «Zerkalo»nun 23 yaşı tamam olur. Başım o qədər işə-gücə qarışıb ki, tamam yadımdan çıxıb. Sağ olsunlar, unutmayıblar. Heç işdəkilərin də yadına düşməyib. Bəlkə də düşüb, kim bilir… Hər halda, bu günü də ötən 23 ilin digər günləri kimi qəzet buraxmaqla məşğul olacağıq.
Bu 23 ildə cəmi iki dəfə təmtəraqla yubiley keçirmişik. Birinci dəfə 10 illiyimizi qeyd etdik, ikinci dəfə isə 15. Birincidən sonra redaksiya ikiyə bölündü. Ondan sonrakı 13 ili qəzeti əvvəlki dostlarım və şəriklərim olmadan idarə edirəm. İndi hərənin öz qəzeti var, amma… keçənə güzəşt deyərlər. İrəliyə baxmaq lazımdır. Hərçənd, bəzən o günlərdən ötrü burnumun ucu göynəyir. Hərdən fikirləşirəm ki, bu qəzetə gəlib çalışıb və sonradan gedən uşaqları yenidən bir yerə yığa bilmək olsaydı, qabağımızda duran olmazdı, amma nə edəsən ki, həyat hərəni bir yana yönləndirir. Kimi İngiltərədə BBC-dədir, kimi İrlandiyada, kimi ABŞ-da, kimi Türkiyədə, kimi Rusiyada, kimi də Qazaxıstanda. Burda qalanlar da, böyük əksəriyyət qəzet, jurnal, agentlik, televiziya və radiolarda çalışırlar. Jurnalistikadan gedib nə vaxtlarsa yazılarında yıxıb sürüdükləri dövlət strukturlarında işləyənlər də az deyil. Bir sözlə, hamısının qəzetin 23 il yaşamasında böyük zəhməti və canının hissəsi var. Buna görə də onlara minnətdaram. Dünyasını dəyişənlərə isə ulu Tanrıdan rəhmət diləyirəm. Ümidvaram ki, 2015-ci ildə 25 illiyimizdə onların hamısını yubileyə dəvət edə biləcəyəm.
[email protected]