Universitet müəlliməsinə zorakılıq edənlərin yaxası ələ keçdi
Baş Prokurorluq və DİN Moskva Dövlət Universiteti Bakı filialının müəlliməsinin zorlanması barədə mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirilər ki, bəzi kütləvi informasiya vasitələrində müəllimənin zorlanması və işgəncələrə məruz qalması barədə həqiqətə uyğun olmayan informasiyalar dərc edilib: “Həmin informasiyalar tərəfimizdən təkzib olunur. Bununla əlaqədar bildiririk ki, martın 21-də saat 16 radələrində iki naməlum şəxs Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində, MDU Bakı filialının orta yaşlı müəlliməsini zorlamağa cəhd göstərib. Müəllimənin müqavimətini qıra bilməyən həmin şəxslər hücuma məruz qalan qadının sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə onun fotoaparatını, qızıl üzüyünü və qol saatını ələ keçirərək hadisə yerindən qaçıblar. Həyatı təhlükə altında olan müəllimə öz ləyaqət və şərəfini qoruyub saxlaya bilib.
Faktla bağlı həmin tarixdə Binəqədi Rayon Prokurorluğunda CM 29,149.2.1 (bir qrup şəxs tərəfindən zorlamaya cəhd) və 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının “isti izlər”lə birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətin Abşeron rayonunun Qobu qəsəbə sakinləri Elşad Nərimanov və İlkin Sadıqov tərəfindən törədilməsi müəyyən edilib və hər iki zorakı tutulublar. Onlardan zərərçəkmişə məxsus əşyalar götürülərək istintaqa təqdim olunub.
E.Nərimanov və İ.Sadıqov barəsində həbs-qətimkan tədbiri seçilib.