Muəllif:

Ukrayna ilə ticarət dövriyyəsi 40% azalıb

Ukrayna ölkəmizin ən böyük ticari tərəfdaşlarından biri olsa da, ötən il bu iki ölkə arasında ticarət dövriyyəsi 800 mln. dollar təşkil edib. Ukraynanın Azərbaycan səfiri Aleksandr Mişenkonun gətirdiyi rəqəmlərə görə, bu göstərici 2011-ci illə müqayisədə 40% azalma deməkdir. Səfir bu mənfi tendensiyanı iqtisadi əlaqələrin dinamikası ilə deyil, Ukrayna zavodlarında texnoloji məqamları ilə izah edir.
Səfir xəbər verdi ki, Ukrayna ilə Azərbaycan arasında 5 sənəd imzalanmaq üçün hazırlanır. Təhsil, elm və texnologiyalar sahələrini əhatə edən sazişlər aprel-mayda Hökumətlərarası Komissiyanın Kiyev iclasında imzalanacaq.
Bakı-Kiyev iqtisadi sektorunda yeniliklər gözlənilir. Məsələn, «Ukrayna Beynəlxalq Hava Yolları» fevralın 12-dən Kiyev-Bakı-Kiyev aviareyslərinə başlayır. Aviaşirkətin rəhbərliyi bu məqsədlə Bakıya gəlib. Kiyevdən Bakıya uçuşlar hər həftənin II, IV və VI günləri yerli vaxtla saat 00:50-də, Bakıdan Kiyevə isə III, V və VII günləri saat 07:05-də «Boeing-737» tipli avialaynerlə yerinə yetiriləcək.
Buna qədər Kiyev-Bakı-Kiyev aviareysini Ukraynanın «Aerosvit» şirkəti yerinə yetirirdi. Lakin dekabrın sonunda «Aerosvit» şirkəti müflis çıxıb. Yanvarda isə Kiyev-Bakı-Kiyev aviareysləri üzrə uçuşları dayandırıb.
«Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti 1992-ci ildə dövlət tərəfindən yaradılıb və 2011-ci ildə özəlləşdirilib. Avropanın bir sıra böyük şəhərlərinə reysləri yerinə yetirir və parkında 21 ədəd «Boeing-737» təyyarəsi var.
Aviaşirkətin prezidenti Yuri Miroşnikov bildirir ki, onlar «Aerosvit»in əvvəllər mövcud olan uçuş şəbəkəsini bərpa etməyi planlaşdırırlar. O qeyd edir ki, Ukraynanın ayrı-ayrı şəhərlərindən Bakıya aviareyslərin açılmasında maraqlı olan digər Ukrayna aviaşirkətləri də var.
Bildirilir ki, «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkətinin reyslərinə biletlər baha olmayacaq, məqsəd sərnişin axınını artırmaqdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 124