Ukrayna BTR-4MV zirehli transportyorunu Azərbaycana təklif etməyə hazırlaşır
Ukrayna hərbi sənayesi BTR-4MV zirehli transportyorunu Azərbaycana təqdim etməyə hazırlaşır.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Ukroboronprom şirkəti gələn ilin sentyabrda Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində BTR-4MV transportyorunu Azərbaycan hərbi qurumları üçün əyani şəkildə sərgiləmək niyyətindədir. Bununla bağlı Ukrayna tərəfi Azərbaycanda sərgi təşkilat komitəsinə müraciət edib.
BTR-4MV Ukraynanın Müdafiə Nazirliyi üçün yaradılmış modifikasiyadır. İlk dəfə 2013-cü ilin fevralında Abu Dabidə keçirilmiş İDEX-2013 beynəlxalq müdafiə sərgisində təqdim edilib. Zirehli maşının konstruksiyasında baza modifikasiyasıyla müqayisədə dəyişikliklər aparılıb. Sələfləri ilə müqayisədə “BTR-4MV”nin burun hissəsinə yeni dizayn verilib, yan qapılar ləğv edilib. Sürücünün və komandirin çıxışı ayrı lyuklar vasitəsilə həyata keçirilir. Arxa hissədə isə apparel qurulub. Maşının zirehli müdafiə “STANAG 4569 Level 3” səviyyəsinə uyğundur.
Döyüş maşını BM-7 “Parus” döyüş modulu ilə silahlandırılıb. Döyüş moduluna 1 ədəd 30 mm çaplı KBA-1 topu, 1 ədəd 30 mm çaplı avtomatik qumbaraatan, 1 ədəd 7.62 mm çaplı pulemyot və “Baryer” tank əleyhinə idarə olunan raket kompleksi daxildir.