ÜDM-də elmin payı aşağıdır
Elmin inkişafında öndə gedən ölkələrdə əsas elmi-araşdırma işlərini universitetlər, fondlar aparır. Hökumət isə təqdim olunan layihələrin bir qismini maliyyələşdirir. Qalan hissənin xərcini isə ali məktəblər, fondlar çəkir və bundan böyük gəlir əldə edirlər. Məsələn, Estoniyada aqrar sektorda hər hansı bir texniki kəşfi həyata keçirən şəxs ondan əldə etdiyi faiz hesabına ömrünün sonuna kimi yüksək maddi imkanla yaşaya bilər. Bu sıra ölkələrin ümumi daxili məhsulunda elmin payı da yüksəkdir. Belə ki, Yaponiyada ÜDM-də elmə ayrılan vəsaitin payı 3,5 faiz, Amerikada 3 faiz, İsveçrədə 3,8, Finlandiyada 3,2 faiz, Almaniyada 3 faiz, Fransada 2,6 faiz, Danimarikada 2,3 faiz, İspaniya və Portiqaliyada 1 faizdir. Bundan əlavə, özəlliklə ABŞ və Yaponiyada kommersiya bankları və fondları birgə vəsaitlərinin 75-77 faizini, Avropa ölkələri 66 faizini elm və təhsilə yönəldir.
Bəs bizdə? 2012-ci ilin dövlət büdcəsində elmin inkişafı üçün 122,6 milyon manat vəsait ayrılıb. Elmin inkişafına yönələn vəsait ötən ilin büdcə xərclərinin 0,7 (!) faizini təşkil edib.
İqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, beynəlxalq təcrübəyə diqqət edəndə bəlli olur ki, yalnız elm xərcləri həmin ölkələrin ÜDM-də 2-3 faiz həddindən aşağı olmur. Hansı ölkədə ki, ÜDM-in bu səviyyədə olan elm xərcləri olursa, bu hal cəmiyyəti əməlli-başlı narahat etməyə başlayır:
«Azərbaycana gəldikdə, 122,6 mln. manat ÜDM-nin 0,30 həcmindədir. Demək biz həmin ölkələrlə müqayisədə 7-8 dəfə az vəsait ayırırıq».
M.Talıblı əlavə etdi ki, dövlətin təhsil və elm siyasətini həyata keçirən kifayət qədər qurumlar var:
«Bununla yalnız Təhsil Nazirliyi məşğul olmur. Bura Prezident Aparatının humanitar şöbəsi, Nazirlər Kabinetində təhsil və elm şöbəsi aiddir, eyni adda Milli Məclisdə də şöbə var. Prezident Aparatında təhsil üzrə komissiya, TQDK və sair qurumlar da var. Elm Fonduna ayrılan vəsait 3 mln. manat həcmində olur. Fondun xərcləri daha çox konseputual inkişaf təyinatlıdır. Elm İnkişaf Fondundan bəzən elə universitetə layihə üçün vəsait ayrılıb ki, o mövzunun aktuallığı və elmə gətirdiyi fayda və qazandırdığı dəyər xeyli müəmmalıdır. Ona görə, vəsaitin həcmi artırılmaqla yanaşı, ayrılmış vəsaitin effektivliyinə və rasionallığına da nail olmaq gərəkdir».
İqtisadçı elmə ayrılın pulların yalnız bir istiqamətə yönəlməsinin əleyhinədir. Talıblı hesab edir ki, Elm İnkişaf Fonudunun və AMEA-nın ləğv edilərək səlahiyyətlərin universitetlərə yönəldilməsi Azərbaycan şəraitində effekt verməyəcək. Burada universitet rəhbərlikləri tərəfindən mənimsəmə halları yüksək həddə çata bilər, elmi-tədqiqat işlərinə yalnız özlərinə yaxın şəxsləri cəlb edə bilərlər.
Professor Şahlar Əsgərov XXI yüzilin elmlə bağlı olduğunu və elmə hədsiz dərəcədə ehtiyac duyulduğu qənaətindədir: «Rusiyanın bu baxımdan yaxşı təcrübəsi var. Rusiya hökuməti Təhsil Nazirliyinin adını dəyişərək, Təhsil və Elm Nazirliyi etdi. Gürcüstan, Qazaxıstan, Ermənistan və s. ölkələr də bu addımı atdı. Bu ona görə edildi ki, universitetlərə də bir stimul verilsin. Yəni universitetlər tələbələrə bilik öyrətməklə bərabər, özləri yeni elmi araşdırmalar aparsın və yeni biliklər alsın».
Əsgərov deyir ki, vaxtilə də universitetlərdə elm olub, amma xarici universitetlərdə olduğu kimi olmayıb. Professor Elm və Təhsil Nazirliyi yaradılsa belə, akademiyanın bağlanmasının tərəfdarı deyil. Onun fikrincə, akademiya yeni bir formada öz işini davam etdirməlidir. Deyir:
«Alimlərimiz nə qədər kitablar yazıblar, faydalı işlər görüblər. Azərbaycanın tarixi, Ermənistan və Azərbaycan münasibətləri ilə bağlı kitablar, monoqrafiyalar çap olunub. Bu geniş müzakirəyə ehtiyacı olan məsələdir. Burada təşkilati məsələni həll etməzdən öncə, çoxlu düşünülmüş araşdırma lazımdır ki, nə, necə olmalıdır. Düşünüb bu məsələnin həllini tapmaq lazımdır. Güman edirəm ki, dövlət komissiyası yaradılmalıdır».
Onu da qeyd edək ki, MEA tərəfindən Azərbaycan Elminin İnkişaf Konsepsiyası hazırlanıb. MEA I vitse-prezidenti Arif Həşimovun sözlərinə görə, Konsepsiya «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasında elm qarşısında duran məsələlərin icrasına nəzarət etmək məqsədilə hazırlanıb:
«Azərbaycan elminin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı 2009-cu ildə təsdiq olunub. Bu proqram 2015-ci ilə qədər elmin inkişafını özündə əks etdirir. Azərbaycan elminin bundan sonrakı inkişafı yeni hazırlanan Konsepsiyada əks olunacaq. Yanvarın 30-dək MEA-ya tabe olan qurumlar da öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidirlər. MEA bu təklifləri İqtisadi İnkişaf Nazirliyinə təqdim edəcək. «Azərbaycan Elminin İnkişafı Konsepsiyası» «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının tərkibinə daxil olacaq».
Həşimov deyib ki, 2020-ci ilə qədər ölkədə uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək üçün bilik iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiyaların, məhsulların yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişlətmək əsas istiqamətlərdən biri olacaq. Elmi infrastruktur təkmilləşdiriləcək, maddi-texniki baza modernləşdiriləcək. Eyni zamanda, elmin maliyyələşdirilməsinə dövlət büdcəsi ilə yanaşı, digər mənbələrin də cəlb olunması stimullaşdırılacaq. Bu da elmlə məşğul olan işçilərin, o cümlədən gənclərin sosial müdafiəsini gücləndirəcək, ölkədən beyin axınının qarşısını alacaq.