Üçüncü dəfə arvad ala bilmədi
Xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə ittiham olunan Daşkəsən rayon sakini Ceyhun Nəbiyevin (1995) cinayət işi üzrə məhkəmə başa çatıb. Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Ceyhun Nəbiyevin bacısı Ceyran Nəbiyeva onun və valideynlərinin razılığı olmadan 27 sentyabr 2012-ci il tarixdə Vüsal Əliyev ilə evlənib. Ceyran Nəbiyeva bir müddət sonra ərinin qohumlarından küsüb. O, ata evinə Daşkəsən rayonu Bayan kəndinə qayıdıb.
Ceyhun bacısı Ceyran Nəbiyeva ilə birgə qohumlar arasında yaranmış narazılığı həll etmək məqsədi ilə dekabrın 30-da Samux rayonu Qarayeri qəsəbəsində yerləşən bacısının qayınanası Kifayət Əliyevaya məxsus və bacısının əri ilə yaşadıqları evə gəlib. Həmin gün saat 23 radələrində həmin evin həyətində aralarında baş vermiş mübahisə zamanı Vüsal Əliyev Ceyran Nəbiyevanı boşamaq barədə qəti fikrə gəlməsini bildirib. Ceyhun Nəbiyev Vüsalın bu qərara gəlməsi səbəbindən, eyni zamanda bacısının onun və valideynlərinin razılığı olmadan evlənməsinə, hazırda da boşanma həddinə çatmasından qəzəblənib. O, qisas almaq məqsədilə Vüsal Əliyevi və bacısını qəsdən öldürmək qərarına gəlib.
Bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü üstündə gəzdirdiyi bıçaqla Ceyran Nəbiyevanın gözü qarşısında müstəsna dərəcədə amansızlıq, rəhmsizlik nümayiş etdirməklə Vüsal Əliyevi bıçaqlayıb. O, Vüsal Əliyevə çoxsaylı bıçaq zərbələri vurandan sonra Ceyran Nəbiyevanın da qarın nahiyəsindən qəsdən bir dəfə vurub. Vüsal Əliyev aldığı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib, Ceyran Nəbiyevaya vaxtında tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Bu əməlləri ilə Ceyhun Nəbiyev CM 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, bacısı Ceyran Nəbiyeva onun və ailəsinin icazəsi olmadan Vüsal Əliyevlə ailə qurub: “Sonradan həm özüm, həm də ailəm bacım və yeznəm ilə barışmışıq. Yeznəm Vüsal Əliyevlə və onun ailəsi ilə münasibətlərimiz normal olub. 2012-ci ilin dekabr ayında Bakıda işləyən zaman bacım Ceyranın əri Vüsalın qohumlarının onu yola veməməsinə görə Bayan kəndinə ata evinə qayıtmasını eşitdim. Dekbarın 30-da Yeni il bayramını evdə keçirmək məqsədilə Bakı şəhərindən qayıtdım. Həmin gün yeznəm Vüsalın bacım Ceyranla birlikdə yaşadıqları Vüsalın anası Kifayət Əliyevaya məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evə gəldim. Orada bacım qaynanası Kifayət Əliyeva ilə bir qədər söhbət etdikdən sonra bacım Ceyranı öz əli ilə gətirib ailəsi ilə barışdıracağına söz verdim. Bayan kəndinə qayıdaraq anam Familə və bacım Ceyranla söhbət etdim. Sonra hər üçümüz həmkəndlilərim Əli Tağıyevin idarə etdiyi VAZ 2107 markalı avtomobillə Vüsal Əliyevin yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evə gəldik. Sürücüyə təxminən 30 dəqiqəyə çıxacağımızı bildirdim. Biz evə girdik. Həmin vaxt evdə Vüsaldan başqa anam Kifayət və bacım Sevinc olublar. Vüsalın anası Kifayətlə anam Familə Ceyran və Vüsalın hansı səbəbdən yola getmədikləri barədə söhbət etməyə başladıq. Sonra bu söhbət mübahisəyə çevrildi. Həmin vaxt Vüsalın anası Kifayət özünü pis hiss etdi. Buna görə də Vüsal həkim çağırmağa getdi. Həkim Kifayət Əliyevanı müayinə edən zaman həyətə çıxdım. Evin içərisi qarışıqlıq olduğuna görə Vüsalı və Ceyranı söhbət etmək üçün həyətə çağırdım. Orada Vüsaldan nə üçün bacımla yola getmədiyini soruşdum. Vüsal ana və bacısının Ceyranı gəlin gözündə görmədiklərini dedi, Ceyrandan qabaq da birini alıb boşadığını, Ceyranı boşayıb üçüncü dəfə toy edəcəyini bildirdi. Ona “4 ayın gəlinini boşamaq olmaz” dedim. Vüsal “mənə nə edəcəksən?” deyərək məni ağır söyüşlə təhqir etdi. Yalnız bundan sonra cibimdəki bıçağı çıxararaq, Vüsalı vurmaq istədim. Ceyran əlimdə olan bıçaqla Vüsalı vurmağa mane olmaq istədi. Bu zaman bıçaq zərbəsi Ceyran da dəydi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Ceyran aldığı bıçaq xəsarətindən yerə yıxılıb. O, ifadəsində qeyd edib ki, bacısını bıçaqla xəsarət yetirməsində Vüsal Əliyevi günahkar bilib: “Vüsal Əliyevə “sənə görə bacımı vurdum” deyərək ona bir dəfə bıçaq zərbəsi yetirdim. Vüsalın yaralandığını gördüm və hadisə yerindən qaçdım. Vüsal Əliyev isə öz növbəsində əlində bellə mənim arxasınca qaçdı. Lakin mənə çata bilmədi”.
Ceyhun Nəbiyev ifadəsinə görə, əkin sahələrinin içərisi ilə piyada Gəncə şəhərinə bibisi Qızyetərgilə gəlib: “Bibim Qızyetərə və əmim Elmixana Vüsalı və Ceyranı vurduğumu dedim. Bıçağı da orada olan tualetə atdım. Vüsalı və ya bacım Ceyranı öldürmək niyyətim olmayıb. Ceyranı ehtiyatsızlıqdan, yəni araya girmək istəyən zaman vurduğumu, Vüsalı isə dediyi ağır təhqiredici sözlərə görə vurmuşam”.
Məhkəmə bütün tərəfləri dinləyəndən sonra təqsirləndirilən şəxsin barəsində hökm elan edib. Məhkəmənin hökmü ilə Ceyhun Nəbiyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin azyaşlı olmasını nəzərə alan hakim heyəti onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.