«Uçan ələm»lə gəzən siyasətbaz cadugərlər!
Dini mövzularda mübahisələri xoşlamıram. Hər kəs inanıb-inanmamaqda azaddır. Lakin bu məsələdə elə məqamlar var ki, ölkənin taleyində «sarı sim» rolunu oynaya bilər. … Aşura təziyələrində bu il Sabirabad dillər əzbəri oldu.. «Uçan ələm» qəziyyəsini, yəqin ki, hamı bilir. Tarix boyu insan cəhalətin və dini qaragüruhun pressinqindən çox əziyyət çəkib. Allah tərəfindən nazil olunan səmavi dinlər və onun mesajını çatdıran elçilərin xeyirxah niyyətləri insanların tamah və nəfsləri ucbatından bəzən materialist çalar daşıyıb. Dünyada cahangirlik etmək istəyənlər üçün din öz çirkin niyyətlərini gizlətməkdə bir vasitə olub… Xaç yürüşlərini xatırlayın. «İsa döyüşçüləri»nin «ilahi əmri yerinə yetirmək» cəhdi həris qənimət arzularından o yana keçmədi. Şərqdə törətdikləri vəhşət dillər əzbəridir. Yaxud bu gün «Əl-Qaidə» qılafında Şərqdə bir kabus kimi gəzən cərəyana baxın… Arxasında kimin gölgəsinin gizləndiyini təxmin etmək çətin deyil. «İslam» adını ölkələrin sərhəd xəttinin yenidən çəkilməsi üçün bir silaha çevirən dünyagir siyasətbazlar üçün müqəddəs heç nə yoxdur. Körüklənən bu ocağın bir hədəfi var: İnsanı insanla üz-üzə qoymaq..
… Azərbaycanda ateistlərin inanclı vətəndaşlarla mübahisələri bu baxımdan qorxuludur. Köklü etiqad yiyəsi olan azərbaycanlılar tarixin heç bir qatında imansız olmayıblar. Zərdüştdən başlamış ta Məhəmməd peyğəmbərə qədər… Söhbət bunda deyil. 21-ci yüzildə işə düşmüş «dini təfriqə» prosesi dövlətin təşəkkülü üçün ciddi təhlükələr doğurub. Azərbaycan da onun bəzi fəsadlarını hiss etməkdədir.
Fikrimcə, Azərbaycan vətəndaşlarının əksəriyyətinin etiqad etdiyi islam dininə olan hucumlar müstəqil ölkənin fundamentinin laxladılmasına yön verən prosesdir. Burada vacib detallara diqqət yetirmək lazımdır: Nəzərə almalıyıq ki,
…İslam dini bu ölkədə yaşayan xalqların bir-birinə bağlılığının təcəssümüdür..
..İslam dini Azərbaycanın bütövlüyünü təsdiqləyən mühüm komponentdir. Nə qədər qəribə olsa da, din faktoru totalitar, ateist SSRİ-də yaşayan azərbaycanlıların milli birlik kodunun mühafizə edilməsində fövqəladə xidməti olan bir amil olub. Cəhalət və xürafata qarşı etiraz heç bir halda vətəndaşların dini inancına müdaxilə ilə yanaşı ola bilməz. Belə müdaxilə ölkədə vətəndaş sülhünü zədələyə biləcək təhlükəni «şüşədən buraxa» bilər..