Üç fəalın hərəsinə 15 sutka verildi
Səbail rayon məhkəməsi bazar ertəsi dünən saxlanılan üç gənc fəal barəsində 15 gün müddətinə həbs qərarı çıxarıb. Məhkəmə “Azad gənclik” təşkilatının sədri və üzvü Ülvi Həsənli və Məcid Mərcanlını, habelə NİDA fəalı Kənan Qasımlını 310.1-ci (polisə müqavimət göstərmək) maddə ilə təqsirli bilib. Gəncləri vəkilsiz mühakimə ediblər, deyə Turan-ın xəbərində deyilir
Xatırladaq ki, iyulun 14-də saat 15.30-a yaxın “Azad gənclik” hərəkatının rəhbəri Ülvi Həsənli və NİDA hərəkatının fəalı Emil Bağırov metronun “Nizami” stansiyasının çıxışında saxlanılıblar. Onları yaxınlıqdakı Bakı metropoliteni Polis İdarəsinə aparıblar. Özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər gənclərə bildiriblər ki, onlar özlərini “şübhəli aparırlar”, “ora-bura gedirlər”.
Həmçinin NİDA vətəndaş hərəkatının İdarə Heyətinin üzvü Kənan Qasımlı və “Azad gənclik” hərəkatının fəalı Məcid Mərcanlı da Bakı metropoliteninin Polis İdarəsinə çağırılıblar.
M.Mərcanlı polisə getməzdən əvvəl jurnalistlərə bildirib ki, Ü.Həsənli idarədən ona telefon edərək bildirib ki, saxlanma “metroda yapışdırılan vərəqələrlə” bağlıdır.
E.Bağırovu buraxıblar. Qalan üç nəfər naməlum istiqamətə aparılıb. Gənclərin yoldaşları güman edirlər ki, onları məhkəməyə aparıblar. Lakin nə Yasamal, nə də Səbayel məhkəmələrində olmayıblar.
14 iyul saat 22.00-a qədər gənclərin taleyi məlum olmayıb.
Qeyd edək ki, son günlər Bakıda və Xırdalanda anonim vərəqələr paylanılır. Vərəqələrdə “Hakimiyyətdən qorxma!”, “Hakimiyyətə etiraz et!”, “Hakimiyyəti dəyiş!”” sözləri yazılıb. Bu şüarların yanında böyük nida işarəsi qoyulub.
Dünən saxlanılan, lakin sonradan buraxılan NİDA fəalı Emil Bağırov bildirib ki, gənclərin saxlanmasına bir neçə gün öncə metroya vərəqələrin yapışdırılması səbəb olub.
Ü.Həsənli “Azad gənclik” hərəkatının rəhbəridir, M.Mərcanlı isə bu təşkilatın fəalıdır. Onların hər ikisi Milli Şuranın üzvləridir. K.Qasımlı NİDA təşkilatının İdarə Heyətinin üzvüdür.
Demokratik Qüvvələrin Milli Şurası iyulun 14-də Milli Şuranın İcra Aparatının və Seçki Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, “Azad Gənclik” təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli, eyni təşkilatın İdarə Heyətinin digər üzvü Məcid Mərcanlı və “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan Qasımlının həbsini gənclərə qarşı aparılan repressiyanın tərkib hissəsi sayır. Bu barədə Milli Şuranın bəyanatında deyilir.
Sənəddə bildirilir ki, “NİDA”çı gənclərin həbsi ilə başlayan bu repressiv siyasətin davamı narahatlıq doğurur. “Ölkənin seçki prosesinə qədəm qoymağa hazırlaşdığı bir zamanda baş verən hadisələr seçkinin antidemokratik ab-havada keçəcəyinə daha bir işarədir”, — sənəddə vurğulanır.
Milli Şura gənclərin qondarma ittihamlarla həbsini hakimiyyətin cəmiyyətdə xof yaratmaq, siyasi aktivliyin qarşısını almaq cəhdi kimi dəyərləndirir. “Milli Şura Azərbaycan hakimiyyətinin siyasi opponentlərinə və müstəqil mövqedən çıxış edən gənclərə qarşı qanunsuz əməllərini pisləyir, siyasi motivlərlə həbsə atılanların dərhal azad olunmasını, siyasi təzyiqlərə son qoyulmasını tələb edir”, — bəyanatda qeyd olunur (Turan).