Muəllif:

Türkün türkdən başqa

İstanbul

«Qonşularla sıfır problem». İndiki türk hökumətinin xarici siyasət doktrini dünənə qədər qulağa xoş gələn bu prinsip üzərinə qurulmuş idi. Amma bu doktrin Türkiyəni elə bir çıxmaza sürüklədi ki, heç dostu qalmadı — «sıfır problem» oldu «sıfır dost».
Türkiyə təkləndi, yalnız qaldı. R.T.Erdoğanın İbrahim Kalın adlı müşaviri ölkəsinin düşdüyü durum haqda «Bu, dəyərli bir yalnızlıqdır», — deyə bir tvit atdı. Diplomatiya tarixi İngiltərənin XIX əsrdəki xarici siyasətindən bəhs edərkən «Splendid isolation» termininə yer verdi. Lakin İ.Kalın bu termini «Möhtəşəm təcrid» kimi deyil, «Dəyərli yalnızlıq» kimi tərcümə edib.
Müşavirin linqvistik qabiliyyəti polemika mövzusuna çevrilsə də, zənnimcə, tərcümə bilərək belə edilib. Çünki «yalnızlıq» kəliməsinin içində bir az romantizm, həyəcan və s. kimi «sarı simi» oynadan hisslər var. «Təcrid» isə qatı, kəskin və durumun ağırlığını ortaya qoyan bir kəlimədir. Və bu kəlimə kimlərinsə acığına gedə bilərdi. Biz isə gəlin baxaq, görək gerçək vəziyyət «Dəyərli yalnızlıq»dır, yoxsa «Möhtəşəm təcrid»…
1. Misirdə ordunun Mursini devirməsi ilə Türkiyə-Misir münasibətləri ən kritik günlərini yaşayır. Rəsmi Qahirə Erdoğanı daxili işlərinə qarışmaqda suçlayır. Dünənki qəhrəman artıq «arzuolunmaz» adam olub.
2. Suriya ilə münasibətlər isə daha bərbad və təhlükəli hal alıb. Erdoğanın «məzhəb ayrı-seçkiliyinə» dayalı siyasəti iki qonşunu durduqları yerdə düşmən elədi. Bu sətirləri yazdığım saatlarda artıq savaş tamtamlarının səsi eşidilirdi. Nobel Sülh mükafatı laureatı B.Obama Rubikonu keçmək üzrə idi.
3. İranla zatən mövcud olan ziddiyyətlərə Suriyadan dolayı yeni bir problem əlavə olununca «Əcəm-Turan» yeni mərhələyə keçdi. Suriyadan sonra növbə İranamı gəlir?
4. İraqdakı mənzərə də ürəkaçan deyil. Erdoğanın şiə baş nazir Nuri El Malikiyə olan pataloji antipatiyası, Malikinin korrupsiyada suçladığı sünni vitse-prezident Haşimiyə Türkiyədə siyasi sığınacaq verməsi aradakı etibarı heçə endirib.
5. İsrail «Mavi Mərmərə» üçün üzr istəsə də, Erdoğanın «Misirdəki çevrilişin arxasında İsrailin barmağı var» deməsi Tel-Əvivlə münasibətləri qopma nöqtəsinə gətirib.
Gəl gör ki, vəziyyət, sadəcə, qonşularla korlanmayıb. Amerika da hər fürsətdə narazılığını dilə gətirir. Soyuq yellər Avropa ölkələri arasında da əsməkdədir — «Merkel haqsızdır», «Avropa Parlamenti Gezi hadisələrində obyektiv deyil» və s. Başqa sözlə, Erdoğan «Yetənə yetir, yetməyənə də bir daş atır».
Neo-osmançılıq və məzhəb ayrı-seçkiliyi Yaxın və Orta Şərqdə nə qədər narazılıqla qarşılanırsa, Ankaranın açıq antisemit baxışları da bir o qədər Amerika və müttəfiq ölkələrdə etirazlara, qınamalara səbəb olur. Qərbin siyasət qurumlarının bu etirazları təbiidir və gözləniləndir. Amma işin içinə maliyyə çevrələri girincə məsələ dəyişir.
Keçən həftə nüfuzlu «Finansial Times» qəzetinin ən güclü imzası sayılan Gideon Rachman və «Bloomberg»dən Jerry Goldbergin Türkiyənin baş nazirini təhqiredici sözlərlə tənqid etməsi hər kəsi çaşqına çevirdi. Hər ikisi yəhudi əsilli olan Rachman və Goldberg Erdoğanın yəhudi düşmənliyinə görə böyük problemlər yaşayacağını hədələyərək dilə gətirdilər. «Radikal» qəzeti də Türkiyənin «sıcak para»ya olan ehtiyacına diqqət çəkərək, yəhudilərin nəzarətindəki finans mərkəzlərinin atacağı addımlardan ehtiyat edilməsini yazdı. İki gün sonra 1 Amerika dolları tarixində ilk dəfə olaraq 2 lirəni keçdi.
Türk lirəsinin populist siyasətlər nəticəsində əriməsinin son 10 il idi ki, sarsılmayan iqtisadi gedişatı necə bir xaosa doğru apardığını görmək çətin deyil. Daxili siyasətdə bütün addımları seçkilərə görə atsan, hər kəsi azarlayıb, hamını yerinə otuzdursan, bu avtomatik olaraq xarici siyasətə də sıçrayacaq. Və dünənə qədər «Türk modeli»ni örnək olaraq göstərənlər bu modelin memarını təhqir etməklə kifayətlənməyib, təhdid edəcək qədər də baş qaldıracaqlar.
Ərəbdən çox ərəbi sevəndə biri də qalxıb belə deyəcək — «Türkün Müsəlman qardaşlardan başqa dostu yoxdur». Bu da sənin dəyərli dediyin yalnızlığın. Yalnız ölkə də yalnız insan kimidir, məğlub olmağa məhkumdur…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 608