Muəllif:

Türkiyəni Suriya üçün düşmənə çevirən nədir?

Ankara
Türkiyənin xarici siyasəti münaqişələrin qızışdırılmasına deyil, sülhün bərqərar olunmasına yönəldilməlidir. Bunu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu partiyasının keçirdiyi «barış mitinqi»ndə deyib. Onun sözlərinə görə, hazırda Türkiyənin İraq, Suriya və Misir kimi bütün qonşu ölkələri ilə müəyyən problemləri var. Müxalifət lideri Türkiyənin Misir və Suriyayla bağlı xarici siyasətini də tənqid edib: «Çünki Ankara bu ölkələrin daxili işlərinə qarışır». K.Kılıçdaroğlu qeyd edib ki, bəzi qonşu ölkələrlə münasibətlərin pisləşməsi ilk növbədə Türkiyənin özünə və iqtisadiyyatına mənfi təsir edir.
İlk baxışdan müxalifət liderinin dedikləri ilə razılaşmamaq çox çətindir. Doğrudan da son üç ildə Türkiyə, demək olar ki, bütün qonşuları ilə münasibətlərini bu və ya digər səbəbdən qarşıdurma səviyyəsinə çatdırıb. Əslində bu gün 2008-ci ildən sonra rəsmi Ankaranın elan etdiyi «qonşularla sıfır problem» siyasətinin iflasından danışmaq olar. Türkiyənin qonşusu olan bölgə dövlətləri ilə müttəfiqlik münasibətlərinin qurulması «qonşularla sıfır problem» siyasətinin ana xətti idi.
Ədalət naminə demək lazımdır ki, bu siyasət Tükiyə cəmiyyətinin böyük bir hissəsi tərəfindən dəstəklənirdi. Özü də söhbət yalnız Ədalət və İnkişaf Partiyasını (ƏİP) dəstəkləyən, Osmanlı dönəminin aşiqi olan mühafizəkar, dindar kəsimdən getmir. Əslində solundan, sağından, liberalından, dindarından, ateistindən asılı olmayaraq Türkiyə siyasətinə, nə qədər əcaib görünsə də, antiimperialist, antiqərb, antiamerikan ruhu hakimdir. Bu ruhun Türkiyənin son 60 ildə həyata keçirdiyi gerçək xarici siyasətlə heç bir əlaqəsi yoxdur. Amma toplum antiimperialist, antiqərb, antiamerikan ritorikanı sevir və belə bir xarici siyasəti dəstəkləməyə həmişə hazırdır. Dediyim kimi, bunun son 60 ildə həyata keçirilən gerçək xarici siyəsətlə heç bir əlaqəsi olmayıb. Başqa sözlə desək, bütün iqtidarlar həmişə gerçəklikləri nəzərə alan, yəni Türkiyənin beynəlxalq münasibətlər sistemindəki yerinə və statusuna uyğun amerikaparəst xarici siyasət həyata keçirirdi. Müxalifətsə öz növbəsində həmişə iqtidarı amerikanpərəstliyinə görə kəskin tənqid edir, hakimiyyətə gəldikdən sonra isə ənənəvi xarici siyasəti davam etdirirdi.
2002-ci ildə ƏİP hakimiyyətə gələndən sonra müxalifətlə iqtidar arasındakı bu ənənəvi «əmək bölgüsü»ndən imtina edilməsinə cəhd göstərildi. ƏİP iqtidarda ola-ola antiimperialist, antiamerikan ritorikanı davam etdirdi, yəni müxalifətin çörəyini əlindən almağa çalışdı. Amma ƏİP öz sələflərindən fərqli olaraq, gerçəkdə də Türkiyənin beynəlxalq münasibətlərdəki yeri və statusu, yəni NATO üzvlüyü ilə uyuşmayan antiimperialist, antiamerikan xarici siyasət həyata keçirməyə çalışdı. Məsələn, 2003-cü ildə Türkiyə ABŞ-ın rəhbərliyi altındakı antiiraq koalisiyasında iştirakdan imtina etdi.
İlk nəzərdən Türkiyə siyasətində görünməmiş bir hadisə baş verdi. Rəcəb Tayyip Ərdoğanın başçılıq etdiyi ƏİP hökuməti bu koalisiyaya qoşulmaq haqqındakı qərar layihəsini təsdiq olunmaq üçün Türkiyə Böyük Millət Məclisinə göndərdi. ƏİP-in mütləq çoxluğa malik olduğu parlament isə bu qərar layihəsini təsdiq etmədi. Bu, R.T.Ərdoğanın baş nazir olduğu dövrdə hakim partiyanın öz liderinə ilk və hələ ki yeganə «etimadsızlıq» nümayişi oldu. Bir qədər sonra, yəni 2008-ci ildən başlayaraq ƏİP xarici siyasətdə çevriliş etməyə cahd etdi. «Qonşularla sıfr problem» siyasətini doğrudan da gerçəkləşdirməyə çalışdı. Bu əslində rəsmi Ankaranı Qərb blokundan ayırmaq cəhdi idi. İlk növbədə Türkiyənin qarşılıqlı problemləri «sıfırlamaq» istədiyi dövlətlərin siyahısına nəzər salmaq lazımdır — Rusiya, İran, Suriya, Ermənistan.
Nəticədə qısa müddət ərzində Rusiya, İran, Suriya potensial təhlükədən strateji tərəfdaşa çevrildilər. Hər halda kağız üzərində belə bir dəyişimin baş verdiyi elan olundu. Yəni NATO üzvü Türkiyə ABŞ ilə qlobal müstəvidə rəqabət aparmağa çalışan Rusiya, Qərb dünyasını düşmən elan edən İran və Suriya ilə strateji tərəfdaş oldu. Təbii ki, belə bir xarici siyasət ABŞ və İsrail ilə münasibətlərdə problem yaratmalı idi. Nəticədə hamıya məlum «Mavi Mərmərə» böhranı yaşandı.
Əslində «Mavi Mərmərə» böhranını Türkiyə xarici siyasətində növbəti dönmə nöqtəsi saymaq olar. Yəni rəsmi Ankara sözdə ənənəvi antiqərb ritorikanı davam etdirməklə yanaşı, gerçəkdə eyni dərəcədə ənənəvi olan amerikapərəst siyasətin həyata keçirilməsinə qayıtdı. Sözsüz ki, bu dönüşün səbəblərindən biri ABŞ-ın 2010-cu ildə baş vermiş «Mavi Mərmərə» böhranından sonra Türkiyənin bölgədəki vacib rolunu nəzərə alaraq Vaşinqton-Ankara münasibətlərində ciddi bir təftiş aparması idi. Lakin çox böyük ehtimalla, rəsmi Ankaranın ənənəvi xarici siyasətə dönüşünün əsas səbəbi Rusiya və İran kimi regional dövlətlərin Türkiyəni bərabərhüquqlu tərəfdaş kimi qəbul etməməsi oldu. Nəticədə «ərəb baharı»nın başlanması ilə çox qısa müddətdə Suriya düşmənə çevrildi. İranla münasibətlər qarşıdurma səviyyəsinə çatdı. Rusiya ilə münasibətlərdə ciddi problemlər yarandı.
Müxalifət daha çox hökumətin Suriya ilə bağlı siyasətini tənqid edir. Doğrudan da, son 50 ildə ilk dəfə olaraq Türkiyənin genişmiqyaslı regional müharibəyə cəlb olunması təhlükəsi yaranıb. Bu, sözsüz ki, Ərdoğan hökuməti siyasətinin nəticəsidir. Amma bu siyasətin nədən ibarət olduğundan daha çox onun tərzinə diqqət vermək lazımdır. Nəzərə alınacaq əsas məsələ isə ondan ibarətdir ki, son beş ildə rəsmi Ankara çox fəal xarici siyasət yeritməyə başlayıb. Bu siyasətin həm pozitiv, həm də neqativ nəticələri ola bilər. Amma bir vacib cəhəti nəzərə almaq lazımdır — Türkiyə Cənubi Qafqazda və Yaxın Şərqdə çox fəal xarici siyasət yeritmək məcburiyyətindədir. Sözsüz ki, belə bir fəal xarici siyasət həyata keçirərkən dövlətlərarası münasibətlərdə maraqların toqquşmasından doğan qarşıdurmalar qaçılmazdır.
Nəticə etibarı ilə, əgər Türkiyə, doğrudan da, sözükeçən regional qüvvəyə çevrilmək istəyirsə, bu tip qarşıdurmalardan nə qorxmalı, nə də qaçmalıdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 346