Türkiyə ilə ticarət dövriyyəsi 15 milyard dollara çatdırıla bilər
«Azərbaycanla Türkiyə arasında arasında ticarət dövriyyəsi kifayət qədər gözəçarpan dərəcədədir. Bu bizə deməyə əsas verir ki, siyasi və iqtisadi əməkdaşlığımızın yüksək mərhələsi nəticəsində ticarət dövriyyəsinin həcmini mövcud 4,2 milyard dollardan nəzərdə tutulan 15 milyard dollara çatdırmaq mümkündür». Bu barədə Trend-ə MM Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov prezident İlham Əliyevin Türkiyəyə son rəsmi səfərinin nəticələrini şərh edərkən bildirib.
Millət vəkilinin sözlərinə görə, hər iki dövlət başçısının səyi nəticəsində əməkdaşlığımızın genişlənməsi və bunun təntənəsi olaraq hər iki dövlət başçısının bir-birinə dövlətin ən ali mükafatlarını təqdim etməsi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək olmasından və inkişafından xəbər verir: «İki dövlət, bir millət olan Türkiyə və Azərbaycan xalqları bütün səylərini səfərbər edir ki, siyasi və iqtisadi əməkdaşlıq nəticəsində enerji və digər sahələrdə resurslarımızdan səmərəli istifadə etməklə dünyada bir-birimizi qüdrətli dövlətə çevirək və bir-birimizə dəstək verək».
Məmmədovun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni bir mərhələ kimi dəyərləndirilə bilər: «Azərbaycan dövlət büdcəsinin ümumi konsepsiyasına diqqət yetirsək, orada nəzərdə tutulan bütün layihələr Azərbaycanın həm daxili enerji təhlükəsizliyini təmin edəcək, həm də cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan öz enerji resurslarından səmərəli istifadə etməklə qlobal layihələrə dəstək verəcək və Azərbaycan qüdrətli dövlət kimi daha da güclənib tanınacaq».