Muəllif:

Türk, yoxsa türkiyəli?

Türkiyədə bir müddətdir gündəmin arxa planında qalan konstitusiya müzakirələri kürd probleminin həlliylə bağlı atılan addımlarla birlikdə yenidən aktuallaşıb. Yeni konstitusiya ilə bağlı diskussiyalar yaxın ayların gündəliyində əsas yerlərdən birini tutacaq desək, yanılmarıq. Ancaq nəticə olacaqmı, bunu demək çətindir.
Türkiyədəki bütün siyasi qüvvələr konstitusiyanın dəyişməli olduğunu bəyan edib. Bu səbəbdən də kimsə müzakirələr masasını ilk tərk edən olmaq istəmir. Çünki bu zəmində uzlaşma əldə olunmasa, yeni konstitusiya partiyaların fikri soruşulmadan birbaşa xalqın öhdəsinə buraxılsa və uğur əldə edilsə, masanı ilk tərk edən günahkar durumuna düşəcək, qınaq obyekti olacaq. Bu səbəbdən kimsə «mən bu müzakirələrdə iştirak etmirəm və ya çəkilirəm» demir və böyük ehtimalla, deməyəcək. Sadəcə, müxalifət, xüsusilə CXP və MHP işi ağırdan ala, müzakirələri uzatmağa çalışa bilər. Ancaq müzakirələrin sonsuza qədər davam etməsi də mümkün deyil. Hökumət yeni konstitusiya ilə bağlı müzakirələrin yaxın zamanda tamamlanmasında israr edir. Baş nazir Rəcəb Tayyib Ərdoğan siyasi partiyalar arasında uzlaşma olmadığı təqdirdə, yeni konstitusiya ilə bağlı referenduma gedilə biləcəyini dəfələrlə söyləyib.
Hakim partiyanın millət vəkillərinin sayı yeni konstitusiyanı referendumda qəbul etmə qərarını vermək üçün kifayət etmir. Doğrudur, Ədalət və İnkişaf Partiyası istəyərsə, Barış və Demokratiya Partiyasıyla anlaşıb, çox rahat şəkildə referendum qərarı qəbul edə bilər. Ancaq hakim partiya ciddi dəyişikliklərə məruz qalacaq, az qala tamamilə yenilənəcək konstitusiya ilə bağlı məsuliyyətin yalnız öz üzərində olmasını da istəmir. Yeni konstitusiyanın hazırlanması üçün 2011-ci ildə yaradılan, parlamentdə təmsil olunan 4 partiyanın üzvlərindən ibarət 12 nəfərlik (hər partiyadan 3 nəfər) uzlaşma komissiyası hələ də əsas məsələlərin müzakirəsinə keçə bilməyib. Komissiyanın yeni konstitusiyanı yazması üçün verilən vaxt əslində 31 dekabr 2012-ci ildə bitib. Daha sonra komissiyaya əlavə vaxt verilib. Ən son verilən 45 günlük əlavə vaxt martın 31-də tamamlanıb. Baş nazir Ərdoğan 31 marta qədər uzlaşma tamamlanmadığı təqdirdə Ədalət və İnkişaf Partiyasının öz konstitusiya layihəsini parlamentə təqdim edərək referenduma çıxarmağı sınaqdan keçirəcəklərini bildirib. Lakin son anda uzlaşma komissiyasına əlavə daha 5 gün vaxt verilib. Bu vaxt da aprelin 5-də axşam — yəni bu yazının yazıldığı gün bitir. Komissiya üzvləri o vaxta qədər razılıq əldə edilməyən və müzakirə olunmayan maddələrlə bağlı təklif verməlidirlər. Ancaq komissiya üzvlərindən birinin dediyinə (ümumi gedişat da onun dediyini təsdiqləyir) görə, aprelin 5-də də bu prosesin tamamlanması mümkün deyil. Proses ən yaxşı halda bu ayın sonuna qədər uzanacaq. Çünki hələ komissiyada «ən ağrılı» maddələrə ümumiyyətlə toxunulmayıb. İndiyə qədər müzakirələr «həlli mümkün» məsələlər üzərində davam etdirilib, «çox çətin» məsələlər isə sonrakı mərhələyə saxlanıb. Son olaraq verilən əlavə vaxtda yalnız 4 maddə üzərində razılıq əldə edilib. Bəzi məsələlərin üzərinə heç gedilməyib, bəzi məsələlər isə mötərizə içərisinə alınıb. Hərçənd mötərizə içərisinə alınan məsələlərin çoxuyla bağlı ciddi fikir ayrılıqlarının da olmadığı bildirilir. Yeni konstitusiya ilə bağlı ən «ağrılı» məsələlər «əsas haqq və azadlıqlar» başlığı altındakı «vətəndaşlıq» anlayışı, din və vicdan azadlığı, ana dildə təhsil və hakim partiyanın istədiyi prezidentlik sisteminə keçidlə bağlıdır. Hələlik diskussiyalar vətəndaşlıq məsələsi ilə bağlıdır.
Türkiyə Konstitusiyasının 66-cı maddəsində vətəndaşlığın tərifi bu sözlərlə verilir:»Türk dövlətinə vətəndaşlıq bağı ilə bağlı olan hər kəs Türkdür». Türkiyənin əsas qanununa bu cümlə bu şəkildə 1961-ci ildə daxil edilib. 1982-ci ilin çevriliş konstitusiyasında da bu cümlə olduğu kimi saxlanıb. Daha əvvəl isə bu tərif fərqli şəkildə əksini tapıb. Osmanlının Əsas Qanununda «hansı din və ya məzhəbdən olur-olsun, Osmanlı vətəndaşı olan hər kəsə Osmanlı deyilir» şəklində izah edilə biləcək maddə əks olunub. 1921-ci ildə qəbul edilən konstitusiyada vətəndaşlıq haqda ümumiyyətlə heç bir şey yazılmayıb. 1924-cü ildə qəbul edilən Konstitusiyada isə vətəndaşlıq «Türkiyə əhalisinə din və irq fərqi olmadan vətəndaşlıq etibarilə Türk deyilir» kimi izah edilib. 1964-cü ildən sonra isə bu cümlə «hər kəs türkdür» şəklində dəyişdirilib. İndiki diskussiyalar da bu təriflə bağlıdır. Xüsusilə də son günlərdə PKK-nın ölkədən çıxarılması və kürd probleminin həlli istiqamətindəki addımlar fonunda bu diskussiyalar artıb. Bəziləri bu maddənin dəyişdirilməsini, «türk» yerinə «Türkiyə Cümhuriyyəti vətəndaşı» kəlməsinin, «türklük» yerinə «türkiyəlilik» məfhumunun konstitusiyaya daxil edilməsini istəyir. Bəziləri isə bunun dövlətçiliyin əsaslarını sarsıdacağını iddia edir və sözügedən maddənin eyni şəkildə qalmasını istəyir. Sadəcə partiyalar arasında deyil, partiyaların daxilində də vətəndaşlıq anlayışı ilə bağlı fikir ayrılıqları mövcuddur. Əlbəttə, MHP və BDP istisna olmaqla. MHP birmənalı olaraq «türk» kəlməsinin konstitusiyada qalmasını tələb edir və bu haqda müzakirələrin ölkəni bölməyə xidmət etdiyi iddiasını irəli sürür. BDP isə «Türkiyə Cümhuriyyəti vətəndaşı» termininin gətirilməsini istəyir.
Cümhuriyyət Xalq Partiyasında vəziyyət daha qəlizdir. Bir qrup «türk» ifadəsinin yeni mətndə olmamasını istəyir, başqa bir qrupsa buna qətiyyətlə qarşı çıxır. Bu məsələ CXP-nin uzlaşma komissiyasındakı üç üzvü arasında belə fikir ayrılığına səbəb olub. Komissiyanın CXP-çi üzvlərindən Atilla Kart və Rza Türmən etnik kimliyə əsaslanan vətəndaşlığın səhv olduğunu bildirərək «türk» ifadəsinin dəyişdirilməsini istəyib. Komissiyanın digər CXP-çi üzvü Süheyl Batum isə buna qarşı çıxıb. Bəzi CXP-çilər isə ümumiyyətlə konstitusiyada vətəndaşlığın tərifinə yer verilməməsini təklif ediblər. CXP rəhbərliyi ən son olaraq Süheyl Batumun mövqeyini müdafiə edib.
İqtidardakı Ədalət və İnkişaf Partiyasında isə durum bir qədər fərqlidir. Əslində çoxluq «türk» ifadəsinin konstitusiyadan çıxarılması və ya ümumiyyətlə yeni konstitusiyada vətəndaşlığın tərifinə yer verilməməsi istiqamətindəki fikirləri dəstəkləyir. Bu nöqtədə prezident Abdulla Gül də hökumətə dəstək verir. Abdulla Gül ən son verdiyi açıqlamasında vətəndaşlıq tərifinin çox da mühüm olmadığına işarə edib. 49 ölkənin konstitusiyacının müqayisə edildiyini və bu ölkələrin çoxunda əsas qanunda vətəndaşlıq tərifinin ümumiyyətlə olmadığını qeyd edən prezident Osmanlı və Səlcuqlu imperatorluqlarını misal göstərib:»Osmanlı və Səlcuqlu imperatorluqları tarixdə türk dövlətləri kimi bilinir. Amma bu imperatorluqlar «vətəndaşların hamısı türkdür» deyə bir məcburiyyət qoymayıb. Biz «Mən bu torpağın insanıyam, türk deyiləm, kürdəm» deyən insanlara zorla «Yox, sən türksən» dedirtmişik. Bunlar bizim səhvimizdir. Bunun üçün də güc və enerji itirmişik. Bunları həll etməliyik. Bunun üçün də konstitusiya ilə bağlı görülən işlər bir fürsətdir. Özümüzü dar qiyafətlərə soxmayaq. Dar mətnlərdən daha çox böyük mənalara baxmaq lazımdır».
Prezidentin bu açıqlamaları onun konstitusiyada vətəndaşlıq tərifinin dəyişdirilməsinə müsbət baxdığını göstərir. Abdulla Gül yalnız Türkiyədə illərdir aparılan səhv kimlik siyasətinin düzəldilməsi baxımından deyil, həm də demokratik standartlara istinad edərək vətəndaşlıq məsələsinin böyüdülməməsini istəyir. Bəzi hüquqçular da demokratik dövlətlərin konstitusiyalarında vətəndaşlıq tərifinə çox mühüm şərt kimi baxılmadığına diqqət çəkirlər. Bəzi ölkələrin ümumiyyətlə konstitusiyada vətəndaşlıq tərifinə yer verməyib, bu məsələnin qanunlarla tənzimləndiyini qeyd edən hüquqçulara görə, bəzi ölkələrin konstitusiyalarında isə vətəndaşlıq dövlətlə fərd arasındakı bağ kimi səciyyələndirilir. Etnik təmələ əsaslanan vətəndaşlıq tərifinin çox az ölkənin konstitusiyasında olduğu bildirilir.
Bütün bunlar nəzərə alındığında, əslində bu məsələdə Ədalət və İnkişaf Partiyasının əlinin güclü olduğunu söyləmək mümkündür. Amma məsələ burasındadır ki, Türkiyə demokratiyası hərbi rejim üzərində bərqərar olmuş, dəfələrlə çevriliş zərbələri almış, sınıq-salxaq demokratiyadır. Bu səbəbdən də demokratik ölkələrdə mövcud olan üsulları Türkiyədə tətbiq etmə prosesi olduqca sancılı keçir. Vətəndaşlıq tərifi də bu qəbildən olan məsələlərdəndir. Son günlərdə İlbər Ortaylı, Həsən Cəlal Gözəl, Xəlil İnalcıq, Alev Alatlı, Mustafa Kafalı, Mümtaz Soysal kimi tanınmış isimlər də daxil olmaqla 300 nəfər «Türk millətinin adı konstitusiyadan və vətəndaşlıq tərifindən çıxarıla bilməz» deyə bəyanat imzalayıb. Bəyanat müəlliflərinə görə, konstitusiyadakı «türk» ifadəsi bir irqi deyil, bütün etnik qruplar üçün bir çətir olan vətəndaşlığı ehtiva edir.
Türkiyə cəmiyyətində bu bəyanatı dəstəkləyənlər də, tənqid edənlər də var, amma əsas məsələ bu da deyil. Əsas məsələ seçicidə «türklük», «türkiyəlilik» və bu kimi terminlərlə bağlı fikir aydınlığının olmamasıdır. AKP-nin ən ciddi tərəddüdü də, məncə, bununla bağlıdır. Hökumət «Dimyata düyü dalınca gedərkən evdəki bulqurdan olmaq», yəni konstitusiyadakı vətəndaşlıq tərifi də daxil, illərlə aparılan səhv siyasətdən qaynaqlanan və terrora qədər böyüyən kürd problemini həll etmək istəyərkən cəmiyyətin geri qalan hissəsini özünə qarşı çevirmək istəmir. Bu səbəbdən də son günlərdə AKP içərisində də «türk» sözünün konstitusiyada qalmasına dair mövqenin önə çıxmağa başladığı iddia edilir. Bunun nə qədər doğru olub-olmadığını yaxın vaxtlarda görəcəyik. Çünki hakim partiya uzlaşma komissiyasının fəaliyyət müddətinin aprelin, ən uzağı mayın sonuna qədər uzadılmasını istəyir. İqtidar təmsilçiləri bunun son uzatma olduğunu söyləyirlər. Doğrudur, prezident Gül «İradə olarsa, müddət uzadıla bilər» deyərək, baş nazirin müavini Bülənt Arınç isə «CXP «Sıfırdan başlayaq, yeni konstitusiyanı birlikdə yazaq» desə, üç ay da, dörd ay da oturarıq. Çünki hələ 2015-ci ilə qədər vaxt var» söyləyərək müzakirələrin davam etdirilməsi üçün açıq qapı buraxıblar. Ancaq ortada olan mənzərə budur ki, müxalifət yalnız etiraz etməklə kifayətlənir, konkret təkliflər irəli sürmür.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207