Türk əlifbalarının uyğunlaşdırılması vacibdir
Hələ ötən yüzilin 20-ci illərində dərk olunmuş bu zərurətin üstünə indi qayıtmalı oluruq. O vaxt Moskvanın siyasəti buna mane oldu, hər türk xalqına bir fərqli əlifba icad olundu, o dərəcədə ki, bir-birimizin anlaşıqlı mətnlərini oxuyub, anlaya bilmədik. Moskvanın siyasəti də bunu tələb edirdi ki, biz türklərin arasında mənəvi birlik olmasın. Qəribə burası idi ki, 90-cı illərdə latın əlifbasına qayıdış məsələsi aktuallaşanda yenə də fərqli variantlara üstünlük verildi. İndi isə Türk ölkələri arasında inteqrasiya proseslərinin gücləndiyi bir zəmanədə əlifbaların uyğunlaşdırılması ön plana çıxır.
“Türkdilli ölkələrin əlifbaları bir-birinə uyğunlaşdırılmalıdır. Bu, türkdilli ölkələrin bütün vətəndaşlarının bir-birinin əlifbasını başa düşməsi baxımından böyük önəmə malikdir”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Millət vəkilinin sözlərinə görə, hazırda türkdilli ölkələrin əlifbaları arasında müəyyən ziddiyyətlər var:
“Unifikasiya, yəni uyğunlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, latın əlifbasına keçəndə eyni bir səs bütün türkdilli yazılarda eyni işarə ilə ifadə olunsun. Hətta Türkiyə türkcəsi ilə Azərbaycan əlifbası arasında eyni işarənin müxtəlif cür yazılması faktları var. Bu uyğunlaşdırma çox vacibdir. Biz bir-birimizi oxumalıyıq. Türkdilli dövlətlərin rəhbərləri, Təhsil və Mədəniyyət nazirlikləri, Elmlər Akademiyaları səviyyəsində türkdilli ölkələrin əlifbalarının uyğunlaşdırılmasına dair müzakirələr başlamalıdır. Buna ehtiyac var”.
Cəfərov deyib ki, hazırda türkdilli ölkələrdə vahid yazı qrafikasına keçilməsi prosesi davam edir:
“Azərbaycandan sonra Özbəkistan latın əlifbasına keçib. Lakin onlar kiril əlifbasından da istifadə edirlər. Qazaxıstanda bu proses başlayıb. Onlar həm Türkiyənin, həm Azərbaycanın təcrübəsini öyrəniblər. Yəqin ki, onlar da bu əlifbaya keçəcəklər. Amma Qazaxıstanda rusların üstünlük təşkil etməsi səbəbindən rus dilinin mövqeyi çox güclüdür. Qazaxıstandan sonra Qırğızıstan da bu əlifbaya keçəcək. Çünki bu iki dil bir-birinə çox yaxındır. Həm də rusların sayı Qırğızıstanda çox deyil. Türkmənistanda da latın qrafikasına keçmək meyli aparıcıdır. Tatarıstanda və Başqırdıstanda da bu meyl kifayət qədər güclüdür”.
Ortaq əifba olarsa, qardaş xalqların mətbuatını, ədəbiyyatını internet vasitəsilə asanlıqla oxumaq mümkün olacaq.
Öx növbəsində, Türkdilli Dövlətlər Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlər sırasında Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunmasını, ortaq tarix və ədəbiyyat dərsliklərin hazırlanmasını, universitetlərarası əlaqələrin inkişaf etdirilməsini, tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılmasını vacib sayır. Baş katib Xəlil Akıncı bu əhəmiyyətli məsələləri təhsil naziri Misir Mərdanov ilə müzakirə edib Təhsil naziri Misir Mərdanov da bunları gərəkli hesab edir.
Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşündə türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, xalqların daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini qeyd etmişdir.