Turanın baş məşqçisi: Salif Ballo yanıma gəlib, ağlaya-ağlaya üzr istədi
Güclülər dəstəsindən əlimizi üzməmişik. Sonadək mübarizə aparıb, vəziyyətimizi düzəltməyə çalışırıq. Bu fikirləri Turan futbol klubunun baş məşqçisi Əfqan Talıbov deyib. Topaz Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan tovuzlular turnir cədvəlində 11-ci yerdə qərarlaşıb və özündən irəli gedən “Sumqayıt”dan 5 xal geri qalır.
apasport.az saytına açıqlamasında Talıbov bildirib ki, Turan I diviziona düşsə belə, komandadan getməyəcək: “Özüm sponsor tapacağam. I dəstədən yüksək liqaya qayıdacağıq. Turanın yenidən yaxşı nailiyyət əldə eləməsi üçün nə gücümüz varsa əsirgəməyəcəyik”.
Çalışdırıcı malili hücumçusu Salif Ballonun komandada nizam-intizamın aşağı olduğuna, futbolçuların onu vecinə almadıqlarına da münasibət bildirib.Talıbov legioneri bu sözlərinə görə cəzalandırdıqlarını söyləyib: “Salif saytınıza verdiyi o müsahibədən sonra özünü pis vəziyyətdə qoydu. Yanıma gəlib, ağlaya-ağlaya üzr istədi.
Çünki növbəti oyunda “18-lik”də olmayacaq, 1 aylıq maaşı kəsilib. Dedim ki, məndən niyə üzr istəyirsən? Kişi gərək dediyi sözün arxasında dursun”.