Muəllif:

Tümendə soydaşımızı öldürənlər üzünmüddətli həbsə məhkum edildilər

Rusiyanın Tümen vilayətində 100 rubla görə Azərbaycan vətəndaşını qətlə yetirən şəxslərə hökm oxunub. Kalininsk rayon məhkəməsinin hökmü ilə həmyerlimizin qətlində təqsirləndirilənlər — 22 yaşlı Oleq Bobov 7 il, 20 yaşlı Viktor Potapov 14 il müddətinə azadlıqdan məhrum ediliblər (APA).

İstintaqla müəyyən edilib ki, bu ilin martında həbsxanadan yenicə azad olunan Oleq Bobov və Viktor Potapov martın 18-də birlikdə yeyib içdikdən sonra pullarının qurtardığını görüb, quldurluq etmək qərarına gəliblər. Onlar qarşılarına çıxdığı piyadadan pul tələb etməyə başlayıblar. Bu zaman 54 yaşlı Azərbaycan vətəndaşı onların hədəfinə tuş gəlib. İlk əvvəl quldurlar ondan 100 rubl tələb ediblər. Həmyerlimiz cibində qalan sonuncu 100 rublu onlara verib. Bu zaman quldurlar 100 rublun az olduğunu bildiriblər, daha ondan çox pul verməsini istəyiblər.

Azərbaycanlı müqavimət göstərib, hadisə yerindən qaçmağa çalışsa da, V. Potapov ona çataraq zərbələr endirməyə başlayıb. Bu zaman müqavimətini itirən həmyerlimiz hündür pilləkənlərdən yerə yıxılıb. Hirsi soyumayan Potapov yerdə hərəkətsiz halda uzanan azərbaycanlının bədəninin müxtəlif yerlərinə təpiklə zərbələr endirməyə başlayıb. Həmyerlimiz hadisə yerindəcə keçinib. Quldurlar onun üzərindən başqa pul çıxmadığını görüb, dəyəri 534 rubl (13 manat) olan mobil telefonu götürərək hadisə yerindən qaçıblar.

Həmyerlimizi qətlə yetirən şəxslər RF CM 162-ci (Quldurluq) və 111-ci (bir qrup şəxs tərəfindən ölümlə nəticələnən sağlamlığa qəsdən ağır zərər vurma) maddələri ilə ittiham olunublar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 177