Muəllif:

Tümendə Fərman Salmanovun xatirə lövhəsi açıldı

Sibirin Tümen şəhərində tanınmış azərbaycanlı geoloq Fərman Salmanovun xatirə lövhəsinin təntənəli açılış törəni olub. Xatirə lövhəsi Sibir neftini kəşf edən azərbaycanlı Fərman Salmanovun yaşadığı Lenin küçəsi, 65 ünvanında yerləşən binanın divarına vurulub. Törəndə Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev, Azərbaycanın Rusiyaı səfirliyinin əməkdaşı Aqşin Əliyev, Yamal vilayətinin ilk qubernatoru Yuri Neelov, Azərbaycanın Yekaterinburq baş konsulu Soltan Qasımov, geoloqlar Aleksandr Maltsev, İvan Nesterov və neft-qaz sənayesinin digər veteranları iştirak ediblər.

Yakuşev Fərman Salmanovun əfsanəvi şəxsiyyət olduğunu, onun perspektivsiz region sayılan Qərbi Sibirdə neft kəşfiyyatının aparılmasının əsas təşəbbüskarlarından olduğunu bildirib. Aqşin Əliyev çıxışında səfir Polad Bülbüloğlunun adından minnətdarlığını çatdırıb: “Sibir neftinin hər damlasında Fərman Salmanovun əməyi var”.

Geoloqun oğlu, Rusiyanın əməkdar həkimi İlya Salmanov mərasimə qatılan qonaqlara və atasının həmkarlarına təşəkkürünü bildirib: “Atam bu şəhəri, burada yaşayan insanları sevirdi. Çox sağ olun ki, onu xatırlayırsınız”.

Daha sonra Yakuşev və Əliyev xatirə lövhəsinin açılışını ediblər.

Xatirə lövhəsinin müəllifi gənc azərbaycanlı memar Zaur Rzayevdir.

Qəhrəmanın bioqrafiyası:

Salmanov Fərman Qurban oğlu (1931, 28 iyul, Şəmkir — 2007, 31 mart, Moskva)
— Qərbi Sibirin nəhəng neft və qaz yataqlarını kəşf etmiş adlı-sanlı geoloqdur.
Əslən Qazax elinin Aşağı Salahlı kəndində olan, 30-cu illərdə Şəmkir rayonunda hüquq-mühafizə orqanlarında işləmiş Əhməd Salmanovun ailəsində Şəmkirdə doğulmuşdur. Orta məktəbi burada bitirib. Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinin məzunudur. Təyinatla Kuzbas neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. Buranın neft-qaz sarıdan perspektivsizliyini yəqin edib, rəsmi icazə olmadan könüllü olaraq geoloqlar qrupuna qoşulub Şərqi Sibirə yollanır. O illərdə bu rayon perspektivsiz sayılırdı, hətta Salmanova qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxusu yuxarıların güzəştə getməsi ilə nəticələnir.
Salmanov 1961-ci il martın 21-də Megion yatağını kəşf edir. İlk kəşfiyyat quyusunda neft fontan vurur. SSRİ Geologiya Nazirliyində bunu anomaliya hesab edirlər. Ardınca Salmanov Ust-Balıqda ikinci neftli-qazlı rayonu kəşf edir. Bu barədə sovet kommunistlərinin 22-ci qurultayına baş katib Nikita Xruşşova məktub yazır. Yalnız bundan sonra sovet rəhbərliyi Salmanovun kəşfinin əhəmiyyətini dərk edirlər və Sibirin tükənməz karbohidrogen ehtiyatları ölkə iqtisadiyyatına cəlb edilir.
Fərman Salmanov o vaxtdan həyatını Sovet İttifaqı və Rusiyanın neft-qaz sənayesinə həsr etmişdir. 100-dən artıq nəhəng neft-qaz yatağının (Mamontov, Megion, Pravdinsk, Ust-Balıq, Surqut, Urenqoy, Yamburq və s.) kəşfi onun adı ilə bağlıdır.
Rusiyada çox məşhur bir adama çevrilən Fərman Salmanov Sosialist Əməyi Qəhrəmanı fəxri adına (1966) və Lenin mükafatına layiq görülür. Bu şöhrətli eloğlumuz Tümen vilayətində Tümen Baş Geologiya İdarəsinə rəhbərlik etmiş (1978-87), SSRİ geologiya nazirinin birinci müavini olmuşdur (1987-91). Ömrünün sonrakı illərində Rusiyanın «İtera» qaz şirkəti prezidentinin məsləhətçisi idi.
Fərman Salmanov eyni zamanda geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olmuşdur. 160-dan çox monoqrafiya və elmi əsərin müəllifidir. Xanti-Mansi, Yamal-Nen muxtar dairəsinin, Surqut şəhərinin Texas ştatının fəxri vətəndaşı idi. Ruslar onun haqqında film çəkiblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 896