Tsarnayev deyib ki, bu işi qardaşı təşkil edib
Boston marafonunda terakt törətməkdə şübhəli bilinən və hüquq-mühafizə orqanları tərəfindən yaralı halda yaxalanan Cohar Tsarnayev partlayışları polislə atışmada öldürülən qardaşının boynuna qoyub. Bu xəbəri CNN telekanalı ABŞ hakimiyyət dairələrindəki mənbəyə istinadən yayıb.
Tsarnayev deyib ki, terroru qardaşı hazırlayıb və bununla islam ideyalarını müdafiə etmək istəyib. O, beynəlxalq terrorçularla əlaqələrinin olmadığını və təklikdə fəaliyyət göstərdiklərini iddia edib.
CNN-ə bilgi verən qaynaq Tsarnayevin xəstəxanada istintaqa verdiyi bu ifadənin müstəntiqlər tərəfindən yoxlanılacağını bildirib. Cohar Tsarnayev tutularkən başından, boynundan, əlindən və ayağından yaralanıb. O, ifadəni yazılı verib. Xəstəxanaya gələn hakim ona rəsmən ittiham elan edib. Tsarnayev vəkil tutmaqdan imtina etdiyinə görə ona dövlət tərəfindən vəkil təyin olunub.