Muəllif:

Tromb

Bazar ertəsi yağan şiddətli yağış məmləkətin ənlik-kirşanını da yuyub apardı. Dərs ili başlanandan və camaatın əl-ayağı şəhərə yığışandan sonra onsuz da, maşın əlindən tərpənmək olmurdu. Leysan da bir tərəfdən üstünü düzəltdi. İllərlə «Müvəqqəti narahatlığa görə üzr istəyirik» tablolarının müvəqqətiliyinə inanıb hər halda nə vaxtsa yolötürücüləri və tunellərin tikilib-qurtaracağından sonra rahat maşın sürüləcəyini gözləyənlərin arzusu boşa çıxdı. Yollar bir-bir təntənə ilə təhvil verilsə də, küçələrdə maşın əlindən elə əvvəlkitək tərpənmək olmur. Sistem yanlış qurulub. Yağışdan sonra isə tunelləri su basdı və Bakı dayandı — kin və nifrət püskürən möhtəşəm bir tıxaca çevrildi. Hökumətə işləməyən mütəxəssislərin dediyinə görə, bu gündən plan üzrə düzgün çalışmağa başlasaq, bəlkə şəhərin bu qisim problemlərini 2035-ci ilədək həll edə bilərik. Bir sözlə, müvəqqəti olaraq daha 22 il də narahatlıq içində yaşayasıyıq, o da ki, bizim nəsildən bir çoxlarına ömür vəfa etsə…
Nə isə, işə gələndə günümüzü tıxacda keçirməmək üçün düz yolu qoyub dolamasıyla gedəsi olduq və dünyasını vaxtsız dəyişmiş tələbə dostumun evinin yanından ötəndə yadıma rəhmətliyin anası düşdü və öz-özümə «Rəfiqə xalaya bir dəymək lazımdır» deyə düşündüm. Bir təhər işə çatanda isə binada işığın olmaması kefimə lap soğan doğradı. Bakıya yağış yağmışdı axı. Başa düşdüm ki, çölə çıxıb havamı dəyişməliyəm.
Redaksiyanın binası, demək olar ki, Yasamal qəbiristanlığının içindədir. Pəncərədən boylananda son mənzil yerini görürsən. Amma yenə də ağıllanmırıq. Əksinə, qəbiristanlıqla üzbəüz şadlıq sarayı tikirik.
Redaksiyadan çıxıb qəbiristanlığın içiylə Badamdara sarı uzanan yolla getdim ki, məzarlığın sükutunda rahatlanım. Alınmadı, maşınlar burda da şütüyürdü, hətta yolun dar hissəsində sürətini yavaşıdıb yanımdan hündürdən nəsə bir guppultulu havaya qulaq asaraq keçən bir cavana «heç olmasa burda musiqinin səsini al» dedim. O da kefini heç pozmadan qayıtdı ki, «ay dayı, nolasıdı ki, onsuz da onlar heç nə eşitmir». Hövsələm bircə ona çatdı ki, «sən ki, eşidirsən», — deyib aralanım. Cəmilin (rəhmətlik tələbə dostumun) üstünə son dəfə 6-7 il əvvəl sazaqlı bir qış günündə getmişdim. Yeri təxmini yadımda idi. Tapacağıma heç inanmırdım, amma elə əsas yoldan azca məzarların arasına getmişdim ki, rəhmətliyin baş daşını gördüm. Mollalardan birini haylayıb dua oxutdurdum. Rəhmətlik 80-ci illərdən Moskvada yaşayırdı, jurnalist idi. O vaxtlar onu nə qədər elədim Bakıdan getmək fikrindən daşındırammadım. «Bu xarabada yaşamaq istəmirəm»,- deyib getdi. Ağır xəstələndi, iflic olmuşdu, yenə də dönmədi, dedi ki, mən Bakıdan bundan ötrü getməmişdim. Amma sonunda döndü — doğma torpağa gömülmək və rahatlıq tapmaq üçün. Molla duasını bitirəbitirdə Cəmilin yanındakı məzarın yazısına gözüm sataşdı — Rəfiqə xalanın məzarıydı. Mən də ona baş çəkmək istəyirdim. Düz bir il gecikmişdim. Üstündə «Qızından və nəvələrindən» yazılmışdı — Kanadada yaşayırlar. Görünür elə tələm-tələsik gəlib analarını dəfn edib, tezcə də qayıdıblar. Burda yaşasaydılar, xəbər edərdilər…
Pərişan halda işə qayıtmışdım ki, İstanbulda yaşayan dostumdan zəng gəldi. Ən azı 20 ildir ki, oralardadı. İşi-gücü, dolanışığı da qaydasındadı, amma son zamanlar elə hey Bakıya dönmək istədiyindən söhbət salır. Eyni zamanda da, iki gün burda qalandan sonra «abi, siz burda necə yaşayırsız?» deyir. Sonuncu gəlişində onunla düz iki saat tıxacda ilişmişdik. Baxıb-baxıb dedi ki, bu, tam bir kollapsdır. İndi də leysandan sonra vəziyyətlə maraqlandı, biabırçılıqdır dedi və sözünü:»Abi, bax elə buna görə də evdən ötrü burnumun ucu göynəsə də, qürbətdə yaşamağa məhkumam».
Axşamsa dostum Arif Əliyevin «Vətən cəzalı girov oğullar» yazısını oxudum. Leytmotiv eyni idi — vətəndə qalıb-qalmamaq dilemması. Qalırsan — bir faciə, gedirsən — daha böyük bir faciə. Biz heç, artıq burdan heç yerə gedəsi deyilik, çünki getsək belə, el-oba üçün, torpaq üçün darıxıb ölərik, ayrılığa dözəmmərik. Niyə də dözməliyik axı? Artıq seçimimizi etmişik. Bəs cavanlar? Onlar nə etsin? Dünyanın dörd bir yanında gözəl təhsil alıb, amma öyrəndiklərinin bu torpaqda heç kimə lazım olmadığını görəndə, geri qayıdacaqlarmı?
Ernest Heminqueyin «Çayın o tayındakı ağacların kölgəsində» əsərinin ikinci plan personajlarından biri olan italyan əsilzadə altı xarici dildə sərbəst danışır və əsərin qəhrəmanı uzun illərin ayrılığından sonra qoca baronla İtaliyada görüşəndə ev sahibi ondan ingiliscə deyil, italyanca danışmağı xahiş edir. Demə yaşlandıqca baron digər dillərdə danışanda yorulurmuş. Onu yormayan yeganə dil — doğma diliymiş.
Bütün bunları yazmaqda məqsədim heç də sıslamaq və ya şikayətlənmək deyil. Sadəcə, bir şeyi anlamaq istəyirəm — bütün bunlar nədən baş verir? Səbəb nədədir?
Bilirəm ki, sadaladıqlarım zahiri əlamətlərdir. Əsas deyil. Tıxacların yaranması, hamımızın tıxaclarda ilişib qalmasının səbəblərini bilmək istəyirəm. Əkrəm Əylisli «Möhtəşəm tıxac»ı yazdı, «Daş yuxular»ındakı bütün kəsəkləri başında çatlatdıq. Olmaya bundadı səbəb? Bəlkə yazıçını məhv etmək əvəzinə bunu nə üçün yazdığı barədə düşünsək, daha yaxşı olardı?
Tromboz deyə bir xəstəlik var. Bu xəstəlik zamanı qan damarlarında tromb, yəni qan laxtası əmələ gəlir. Qanın laxtalanması öz-özlüyündə orqanizmin qoruyucu funksiyalarından biridir, çünki qan laxtalanmırsa, bunun özü də bir xəstəlikdir. Amma qanda xolesterin çoxdursa, tromb böyüyüb damarda tıxac yarada bilər. Lakin bu da hələ son deyil. Həyat üçün təhlükəli olanı vaxtında həkim müdaxiləsi olmadığından böyük bir tıxaca çevrilmiş kiçik trombun — qan laxtasının yerindən qopub orqanizmin damarları boyunca səyahətə çıxmasıdır. Vay o gündən ki, tromb-tıxac ürəyə və ya beyinə çatsın…
Deməli, əsl səbəb heç də trombda deyil, onu tıxaca çevirən xolesterindədir ki, onun özü də iki cür olur — pis və yaxşı. Pis yaxşını üstələməməlidir. Bu baş verməsin deyə isə həkim müdaxiləsinə ehtiyac duyulur. Amma həkimin kimliyindən asılı olmayaraq, istənilən halda, pəhriz saxlamaq, pis vərdişlərdən imtina etmək və deməli, həyat tərzini dəyişmək gərəkdir. Bizim halda isə həyatımızı və yaşam tərzimizi dəyişməliyik. Bunu etməsək, TIXAC istisnasız olaraq hamımızın axırına çıxacaq.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1935