Trans-Avrasiya Super İnformasiya Magistralı yaradılır
Gürcüstanın tezliklə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsində iştirakçı kimi qoşulacağı gözlənilir. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov APA-Economicsə açıqlamasında deyib ki, layihənin təşkilati işlərinin başa çatması üçün Gürcüstanın bu layihədə iştirakı olduqca vacibdir: «Çünki Gürcüstanın bu layihədə iştirakı strateji məna kəsb edir. Biz məsələ ilə bağlı Gürcüstana müraciət etmişik, hazırda onlar bu məsələni nəzərdən keçirir və yaxın vaxtlarda Gürcüstan hökuməti bu layihəyə razılığını bildirəcək. Bu mərhələdən sonra isə müvafiq operatorlar böyük layihənin həyata keçirilməsinə başlayacaq».
Qeyd edək ki, TASİM layihəsi Şərqi Avropadan Çinə qədər ərazini əhatə edir. Bu beynəlxalq layihə regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, internet bağlantılarının sürətinin artırılmasına və internet xidmətlərinin inkişafına kömək edəcək.
Azərbaycan və Gürcüstan qarşılıqlı teleradioyayımla bağlı sənəd imzalayıb
Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Gürcüstan sərhədində telekommunikasiya resurslarının bölünməsi və düzgün istifadə olunmasına dair protokol imzalanıb. Sənəd tezlik resursları, televiziya resursları, eləcə də televiziya kanalları, stansiyaları və GSM resurslarının bölünüb, düzgün istifadə olunmasını nəzərdə tutur.
APA-Economics-in məlumatına görə, sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gürcüstan tərəfindən isə iqtisadi və dayanıqlı inkişaf nazirinin birinci müavini Dmitri Kumsişvili imzalayıblar.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, bu sənədlə iki ölkə bir çox məsələlərə dair razılığa gəlib: «Məsələn, Gürcüstanda azərbaycanlıların çoxluq təşkil etdiyi zonalarda Azərbaycan kanallarının yeni rəqəmsal mühitdə yayımlanması, həmçinin gürcü dilli kanalların Azərbaycanda yayımlanması, Azərbaycan peyki üzərindən gürcü kanallarının yayımlanması və ya Gürcüstanda Azərbaycan peykinin resurslarından istifadə mümkün olacaq».