TQDK sədri: «Gənclərdə ali təhsil almaq motivasiyasını saxlamalıyıq»
Bütün qruplar üzrə qəbul imtahanları başa çatıb. İndi nəticələri analiz etmək olar. Bu il ilk dəfə olaraq imtahanların keçirilməsi üçün helikopterlərdən istifadə edilib. İmtahan materialları helikopterlər vasitəsilə vaxtında yerlərə çatdırılıb. Ali təhsil müəssisələrinə qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə avqustun 3-də idi. Hər il olduğu kimi, bu il də ali məktəblərə qəbul imtahanları hər yerdə saat 11.00-da başlayıb.
TQDK abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb. Bu il ilk dəfə olaraq, imtahanlar 11 şəhərdə — Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göycay, Şirvan, Lənkəran, Mingəcevir, Qubada keçirilib.
Son 3 ildə — ali məktəblərə sənəd verən abituriyentlərin sayı 7 min nəfər azalıb. TQDK sədrinin müavini Namiq Babayevin sözlərinə görə, ötən müddətdə yalnız I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin sayı artıb. 2011-ci ildə I ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin sayı 33 589 idisə, 2013-cü ildə bu rəqəm 36 877 nəfər olub.
Son 2 ildə I qrup üzrə sənəd verənlərin sayı 10% artıb. II ixtisas qrupu üzrə isə bu il abituriyentlərin sayında 12 % azalma müşahidə edilib. Bu qrup üzrə 2011-ci ildə sənəd verən abituriyentlərin sayı 26 399 nəfər idisə, 2013-cü ildə bu rəqəm 23 054-ə enib. Bu azalmanı müəyyən qədər keçid balları ilə də əlaqələndirən N.Babayev bildirib ki, III qrup üzrə sənəd verən abituriyentlərin sayında da azalma müşahidə edilib. 2011-ci ildə III qrupa sənəd vermiş 32 870 nəfər abituriyentin sayı 2013-cü ildə 28 933-ə düşüb. Bu qrup üzrə sənəd vermiş abituriyentlərin sayı təqribən 4 minədək azalıb.
Komissiyanın sədrinin müavini deyib ki, IV qrup üzrə də abituriyentlərin sayı azalıb. Belə ki, 2011-ci ildə bu qrupa sənəd verənlərin sayı 14 626 olduğu halda, 2013cü ildə 11 914 nəfər olub.
N.Babayevin sözlərinə görə, ən çox abituriyent sayı 2009-cu ildə qeydə alınıb. O il onların sayı 113 min nəfər olub. 2010-ci ildə abituriyentlərin sayı 112 min, 2011ci ildə isə 107 484 olub. 2012-ci il 100 621, bu il 100 778 nəfər ali və orta ixtisas məktəblərinə sənəd verib.
Təəssüflər olsun ki, bu il qəbul imtahanlarında abituriyentlərin göstərdikləri nəticələr keçən illə müqayisədə 1-2 faiz aşağıdır. TQDK sədri Məleykə Abbaszadə deyib ki, ümumilikdə nəticələrin yaxşılaşdığını söyləyə bilmərik.
Bütün qruplar üzrə ballar azaldıldı
2013-2014-cü tədris ili üzrə ali məktəblərin III qrupu üzrə 10 397 plan yeri ayrılıb. Bu il təxminən bir o qədər də abituriyent ixtisas seçimi müsabiqəsinə buraxılıb.
2013-2014-cü tədris ili üçün III ixtisas qrupu üzrə qəbul imtahanlarında 7831 abituriyent 0-100 bal toplayıb. Həmin abituriyentlər III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 28,18 faizini təşkil edib. Qəbul imtahanında 6986 (25,13 faiz) abituriyent 100-200, 4684 abituriyent (16,85 faiz) 200-300, 6246 abituriyent (22,47 faiz) 300-500, 1505 abituriyent (5,41 faiz) 500-600, 542 abituriyent (1,96 faiz) 600-700 bal toplayıb.
Mətbuat xidmətindən bildirilib ki, III qrup üzrə builki qəbul imtahanlarının nəticələri ötən illə müqayisədə bir qədər yaxşıdır. Ötən il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında iştirak etmiş abituriyentlərin 34,47 faizi, yəni 10,272-si 0-100 bal toplamışdı.
IV ixtisas qrupunun imtahanlarında 600-dən yuxarı balı 403 nəfər toplayıb. İmtahanın nəticələrinə əsasən, IV qrupda 973 nəfər 500 baldan yuxarı, 1562 nəfər 400-dən yuxarı, 2187 nəfər 300-dən yuxarı, 2849 nəfər 200-dən yuxarı, 3203 nəfər 150dən yuxarı nəticə göstərib.
IV ixtisas qrupu üzrə ixtisas seçimində aşağıdakı müsabiqə şərtlərini ödəmiş — ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ali məktəblərin I ixtisas qrupu üzrə ixtisas seçiminə buraxılmaq üçün tələb olunan minimal bal endirilib. İxtisas seçimi müsabiqəsinə buraxılmaq üçün tələb olunan minimal bal əvvəl 250 olub. Yeni tələblərə əsasən isə ixtisas seçimi müsabiqəsinə ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanların buraxılması nəzərdə tutulur.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. İyulun 21-də I qrup üzrə keçirilmiş qəbul imtahanında iştirak üçün 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur.
II ixtisas qrupunun da balı aşağı salınıb. II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, ixtisas seçimində keçid balı əvvəldən nəzərdə tutulmuş 250 baldan 150 bala salınıb. II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə — 690 bal olub.
Əvvəlki illərin məzunlarının 72 faizi isə 0-100 bal toplayıb
Məleykə Abbaszadə I, III ixtisas qruplarında balların aşağı salınmasına aydınlıq gətirib. O, bildirib ki, hər bir qrupda maraqlı tendensiya, ən yüksək bal toplayan abituriyentlərin sayının artması müşahidə olunur. Bu abituriyentlər, əsasən, konkret hansısa ixtisası seçir və dövlət hesabına oxumaq istəyirlər. 500 baldan yuxarı yığan elə abituriyentlər var ki, onlar mülki yox, hərbi ali məktəbləri seçirlər. Məsələn, Polis Akademiyasına üçüncü qrupda qəbul olanların arasında 135 nəfər 500 baldan yuxarı, 35 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunanlardan 33 nəfər 500 baldan, onlardan 12 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Fövqəladə Hallar Nazirliyinin iki ixtsasına qəbul olunan 12 nəfər 500 baldan, 2 nəfər 600 baldan yuxarı nəticə göstərib.
«Amma hər bir qrupa sənəd verənlərin 40 faizi əvvəlki illərin məzunlarıdır. Onların nəticələri elə də yaxşı deyil. Builki məzunların nəticələri daha yaxşıdır. Birinci qrupa 35 min nəfərdən çox imtahan veribsə, onların 50 faizi, yəni 17 min abituriyent 90 baldan aşağı nəticə göstərib. Birinci qrupda bu ilin məzunlarından 20 453 nəfər imtahan verib. 10 faiz 150 baldan yuxarı nəticə göstərib. Biz onlara şans veririk. Birinci qrupda 20 453 məzunun 37 faizi 0-100 bal arasında nəticə göstərib. Əvvəlki illərin məzunlarının (15 min nəfər) 72 faizi isə 0-100 bal arasında nəticə göstərib. Biz 150 bala düşməsəydik, əvvəlki illərin məzunu olan gənclərdən 150 bal yığanlar da ali təhsil ala bilməyəcəkdilər. Bizdə gənclər ali təhsil almaq istəyirlər, bu motivasiyanı da gənclərdə saxlamaq lazımdır».
TQDK sədrinin sözlərinə görə, keçən il də birinci qrupda ballar 150 bala salınıb: «Bu müsabiqə şərtlərinə əsasən Bakı Dövlət Universitetinə 1123 nəfər qəbul olunub. Universitetə əvvəlki illərin məzunlarından 150-200 balla nəticə göstərən yalnız 1 nəfər qəbul olunub. Dövlət Neft Akademiyasına bu balla 2 nəfər, Texniki Universitetə 409 nəfər, Pedoqoji Universitetə 2 nəfər, İqtisad Universitetinə 8 nəfər, Müəllimlər İnstitutunun Qazax flialına isə 7 nəfər qəbul olunub. Biz Tələbə-Məzun Sistemini izləyirik, akademik borca görə ali məktəblərdən qovulanlar da diqqətimizdədir. Biz gözləyirdik ki, ötən il 150-200 balla ali məktəbə qəbul olan tələbələr birinci kursun proqramını mənimsəyə və sessiya imtahanlarını verə bilməyəcəklər. Əgər nəticə belə olsaydı, bu il birinci qrupda müsabiqə şərtlərini 150 bala endirməyə ehtiyac qalmayacaqdı. Həmin balla instituta daxil olanlar akademik borca görə ali məktəbdən çıxarılmayıb. Cəmi 20 nəfər ali məktəbdən çıxıb, onlar da ali məktəbdə həmin ixtisası bəyənmədikləri üçün bu addımı atıblar. Yəni 150-200 balla ali məktəblərə qəbul olunanlar arasında akademik borca, oxuya bilməməyə görə qovulanlar yoxdur. Ona görə bu il də balları 150 bala saldıq. Bu, reallıqdır».
TQDK sədri qeyd edib ki, buraxılış imtahanlarında heç olmasa bir fəndən «2» alanlara da imtahanda iştirak hüququ verilib: «Birinci qrupda 1962 abituriyent var idi ki, heç olmasa bir fəndən «2» almışdılar. 74 nəfər 0 bal, 594 nəfər 0-20 bal, 577 nəfər 20-40 bal, 363 nəfər 40-60, 168 nəfər 60-80 bal, 83 nəfər 80-100, 45 nəfər 100-120 bal, 26 nəfər 120-140 bal, 25 nəfər 140-160 bal, 18 nəfər isə 150 baldan yuxarı yığıb. 4 nəfər 180-200, 7 nəfər 200-220, 2 nəfər 220-240 bal, 3 nəfər 240-260, 1 nəfər 280-300 bal yığıb. Biz araşdırdıq ki, 150 baldan yuxarı nəticə göstərənlər əsasən «Ana dili» fənnindən «2» alanlardır. Biz bunlara şans vermişik».
M.Abbaszadə deyib ki, üçüncü qrupda da buraxılış imtahanından heç olmasa bir fəndən «2» qiymət alan 1370 nəfər iştirak edib: «Onlardan 78 nəfər 0 bal, 177 nəfər 020 bal, 224 nəfər 20-40 bal, 230 nəfər 40-60 bal, 186 nəfər 60-80 bal, 111 nəfər 80-100 bal, 78 nəfər 100-120 bal, 67 nəfər 120-140 bal, 45 nəfər 140-160 bal yığıb. Ümumilikdə bu abituriyentlərin 90 faizi 200 baldan aşağı bal yığıb. 9 nəfər 240260, 3 nəfər 260-280 nəfər, 10 nəfər 280 baldan yuxarı nəticə göstərib. Bu abituriyentlər buraxılış imtahanında «Ana dili» fənnindən «5» alıb riyaziyyatdan aşağı nəticə göstərənlərdir».