TQDK: dərsliklərin monitorinqi davam edir
TQDK ibtidai sinif müəllimlərinin elmi-metodiki seminar iclaslarında respublikanın ümumtəhsil məktəblərinin I, III və IV siniflərində istifadədə olan «Azərbaycan dili» (təlim Azərbaycan dilində olan məktəblər üçün), «Riyaziyyat» və «Rus dili» (təlim rus dilində olan məktəblər üçün) dərsliklərinin və müəllim üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi başa çatıb.
TQDK mətbuat xidmətindən verilən məlumata görə, ekspert şuralarında bu dərsliklərlə bağlı TQDK-ya daxil olmuş qeydlər, iradlar və təkliflər əsasında yekun rəylər hazırlanıb. Hazırda həmin rəylər dərslik müəllifləri ilə birgə müzakirə edilir. Yeni ildə ekspert şuralarının dərsliklərlə bağlı yekun qərarları açıqlanacaq.
Komissiya yanvarın 14-dən yeni dərsliklərin monitorinqinə başlayır. Komissiyadan verilən məlumata görə, ingilis və alman dili fənləri dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə başlanacaq. Həmin gündən həm də ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün Azərbaycan dili fənni üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə start veriləcək.
Bu fənlər üzrə dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminarlarda bu işlərin gerçəkləşməsi üçün işçi qrupu da yaradılıb.