Toya da, yasa da qadağa
Ankara
Bu günlərdə Mediaforum saytından xəbər aldım ki, İsa Qəmbərin oğlunun toyu baş tutdu. Çox sevindim. Özü də bir deyil, birdən-birə iki səbəbdən sevindim. Əvvəla, İsa Qəmbəri ürəkdən təbrik və gənclərə isə xoşbəxtlik arzu edirəm. Tanrı hamımıza bu cür xoş günlər nəsib etsin. İkincisi, bu toyun baş tutmasını texniki cəhətdən əngəlləyən siyasi qadağanın qaldırılmasına sevindim.
Heç yadımdan çıxmaz. Aprelin əvvəlləri idi. Kütləvi informasiya vasitələrindən xəbər tutdum ki, işlər, necə deyərlər, fənadır. Toyun keçiriləcəyi şadlıq evinin sahibi ilin ən təmtəraqlı kütləvi aksiyasının baş tutmasında müxalifət liderinə yardımçı olmaqdan imtina edib. Dövlətçiliyimizə çox böyük zərbə vuracaq bu kütləvi aksiyanın təşkilatçılığına ortaq olmaq üçün ona əvvəlcədən verilmiş ilkin ödənişi belə geri qaytarıb. Uzun sözün qısası, şeytanın kələyinə uymayıb, vaxtında ağlını başına yığıb, ziyanın yarısından qayıdıb, yəni düşmən dəyirmanına su tökməyib.
Başqa cür ola da bilməzdi. Axı bizim toyların kütləvi siyasi aksiyadan nəyi əskikdir. Ən azı 500 qonağımız olur. İsa Qəmbərin dost-tanışı daha çoxdur. Bildiyimə görə, hətta Ankarada yaşayan bəzi dostları İsa Qəmbərin sevincini bölüşmək üçün Bakıya yollanmağa hazırlaşırdılar. Əslində, söhbət, mən deyərdim ki, beynəlxalq səviyyəli kütləvi siyasi fitnakarlıqdan gedirdi. Sözsüz ki, qarşısı alınmalı idi. Ankaradakı dostlarımla birlikdə şəhərin mərkəzindəki çoxsaylı çayxanalardan birində oturub çay içə-içə dərdləşirdik. İsa Qəmbərin yerinə vəziyyətdən çıxış yolu arayırdıq. Əlimizdən başqa nə gələrdi ki? Bir də günah bizdə deyil. Ankara bələdiyyəsindədir. Şəhərin mərkəzində, necə deyərlər, boş-bekar oturub dərdləşmək üçün nə qədər desən yer, məkan var. Naxçıvandakı kimi çayxanalar hələ ki qadağan olunmayıb. Vallah, Naxçıvandakılar çox ağıllıdırlar. Adamlara bir yerdə toplaşmağa imkan vermək olmaz. Axı dərdləşib hər bir dərdin çarəsini tapmaq olur. İndi də belə oldu. Dostlarımızdan biri lap Arximed kimi «evrika» deyə bağırdı. Hamımız bir ağızdan soruşduq:
— Nəyi tapdın?
— Toyu ya Tiflisdə, ya da İstanbulda keçirmək lazımdır. Siyasi mühacirlərimiz var, vicdan məhbuslarımız var və gündən-günə artır. Bu isə siyasi təzyiqlər üzündən xaricdə keçirilən ilk toy mərasimimiz olar.
Görünür aramızda xəfiyyə varmış. Dostumuzun arzusu ürəyində qaldı. Toyun keçirilməsi üçün Bakıda da yer tapıldı. İsa Qəmbərin oğlunun toy mərasiminin keçirilmə məsələsini Azərbaycan iqtidarı ilə beynəlxalq təşkilatlar arasında müzakirə mövzusuna çevirə bilmədik. Necə deyərlər, Allah baisin, yəni o xəfiyyənin cəzasını versin.
Bilmirsən, güləsən, yoxsa ağlayasan? Amma bu əcaib olayın sonu gözəl bir toy mərasimi ilə sonuclandığı üçün gülməyə dəyər. Bir də ki, ağlamaqla nəyi dəyişəcəksən ki?! Bir qədər arsız olmaq lazımdır. Hər şeyi ürəyə salmaq olmaz. Buna ürək dözməz. Amma bəzən elə olayların şahidi olursan ki, heç arsızlıq da dadına çatmır. Bu hadisə də apreldə baş verib. Milli Məclisin keçmiş üzvü İbrahim İbrahimli dədə-baba yurduna, yəni Naxçıvanın Babək rayonuna bacısı oğlunun yas mərasiminə getmişdi. Heç kim üçün sirr deyil ki, Naxçıvana yolu düşən müxalifətçiləri «böyük ehtiramla» qarşılayır, «olmazın hörmətlə» yola salırlar. Yaşı altmışı keçmiş İ.İbrahimliyə bir ağsaqqal kimi xüsusi ehtiram və hörmət göstərdilər. Bakıya yola salmazdan əvvəl yaxşıca əzişdirdilər. Hər halda, İ.İbrahimli özü belə bəyan etdi. Sən demə, bu yaşında belə ağ yalan danışırmış.
Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyi (DİN) ölkə ictimaiyyətinin diqqətinə çatdırdı ki, özünü İctimai Palata adlı qurumun üzvü kimi təqdim edən İbrahimli İbrahim Hilal oğlunun Naxçıvanın Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində döyülməsi, özlərini Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən saxlanılaraq fiziki təzyiqlər göstərilməsi və təhqir edilməsi barədə səsləndirdiyi ittihamlar tam əsassız və uydurmadır.
Naxçıvan MR DİN-dən SalamNews-a daxil olan məlumatda bildirilir: «İ.İbrahimlinin iddialarında yer alan hadisənin öyrənilməsi zamanı məlum olub ki, o, aprelin 6-da Babək rayonunun Tumbul kəndində qohumunun yas mərasimində olarkən saxta xalq diplomatiyası haqqında söhbətlər aparıb, orada iştirak edən sakinlərə ermənilərlə qeyd-şərtsiz barışıq içində yaşamağın lazım olduğunu təbliğ etməyə çalışıb. Bu iddialarının davamı olaraq İ.İbrahimli daha sonra söhbətlərində xalq tərəfindən ciddi qınaq obyekti olan yazıçı Əkrəm Naibovu və onun «Daş yuxular» adlı romanının ideya xəttini müdafiə etmiş, bu isə son nəticədə həmin yas mərasimində iştirak edən yaşlı ağsaqqalların, gənclərin və yas mərasimini aparanın hiddətinə səbəb olub. Yas mərasimini idarə edən din xadimi İ.İbrahimliyə dini inanclarımıza əsaslanaraq, vətənə, xalqa qarşı böhtan atmanın, düşmən milləti öz millətindən üstün tutmanın düzgün olmadığını izah edib, həzrəti peyğəmbərin «öz xalqından üz döndərib başqa xalqa tapınanlar axmaqların axmağı, yolunu azmışların böyüyüdür», «Vətəni sevmək imandandır» kəlamlarını misal çəksə də, İ.İbrahimli bunlara məhəl qoymayaraq öz fikirlərində israr edib.
Bundan sonra yaşlı nəslin bir neçə nümayəndəsi tərəfindən İ.İbrahimlidən yas mərasimini tərk etməsi tələb olunmuşdur. Yaranmış vəziyyətlə əlaqədar yas mərasimini tərk etməyə məcbur olmuş İ.İbrahimli kəndi tərk edərkən sakinlərlə təkrar mübahisəyə girişib. İ.İbrahimlinin onu müşayiət edən qohumları ilə birlikdə gənclərə qarşı təhqirlər səsləndirməsi dava-dalaşla nəticələnib.
İ.İbrahimlinin qeyd olunan hadisənin dərhal araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək yerinə, nazirlik və digər dövlət orqanlarına qarşı əsassız ittihamlar irəli sürməsi onun muxtar respublikaya əslində hansı çirkin niyyətlərlə gəlməsinin əyani sübutudur.
Naxçıvan MR DİN İ.İbrahimlinin bu kimi əsassız ittihamlarını ucuz siyasi dividendlər qazanmaq cəhdi kimi qiymətləndirir və İ.İbrahimlinin müraciət edəcəyi təqdirdə hadisə istintaq yolu ilə araşdırıla bilər».
Bir şeyi başa düşmədim. İ.İbrahimli Naxçıvan MR DİN-ə müraciət etsə, nə dəyişəcək. Artıq hər şeyi araşdırıblar. İ.İbrahimlini ən azı xuliqanlıq üstündə cinayət məsuliyyətinə cəlb etmək qalır. Yaxşı ki, heç bir yerə müraciət etmədən aradan çıxıb Bakıya qayıdıb. Yoxsa indi gün işığına belə həsrət qalmışdı.
Amma bəzi suallarım var. Birincisi, anlamadım ki, nədən Naxçıvan polisinin məlumatında söhbət keçmiş millət vəkilindən deyil, «özünü İctimai Palata adlı qurumun üzvü kimi təqdim edən İbrahimli İbrahim Hilal oğlundan» gedir. Axı İ.İbrahimli Azərbaycan SSR Ali Sovetinin Vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan azsaylı deputat qrupunun üzvü idi. Onlar nəticədə qalib gəldilər. Onların sonradan nə etdiklərinin elə bir əhəmiyyəti yoxdur. Onlar tarix yazdılar. Onlardan hər birinin adı Azərbaycan tarixinə gec-tez qızıl hərflərlə yazılacaq. Onlar buna layiqdirlər, hətta bəziləri sonradan çox ağır cinayətlərin törədilməsində ittiham olunsalar belə.
İkincisi, sən demə, adamı öz doğmasının yas məclisindən belə qovmaq olarmış. Özü də məclisin sahibini. Gör nə günlərə qaldıq! Nə yasımızı, nə də toyumuzu rahatlıqla yola verə bilirik. Mənəvi həyatımızın bu sahələrinə hətta «allahsızların», yəni sovetlərin hakimiyyəti dövründə belə təcavüz edilməzdi. Bütün, hətta ən yüksək rütbəli «allahsızlar» sayılan partiya və sovet xadimlərinin yas məclislərində belə mollalar yuxarı başda oturardılar. Toy məclisindən əvvəl əksər hallarda dini nikahı bağlamaq üçün gənclərin ən yaxın qohumlarını məscidə göndərərdilər.
İndi bizə nə oldu?! İnsanların özəlliklərinə görə (əslində siyasi baxışların müxtəlifliyi də hər bir fərd üçün özünütəsdiq formasıdır — müəllif) toy və yas məclislərinin keçirilməsinə qadağa qoyuruq. Bundan da sonrası varmı? Bundan da rəzil günümüz olacaqmı?
Yenə də düşüncələr rahatlıq vermir. Düşünürəm ki, orada, yəni yuxarıda oturanlardan bəziləri bu yazını oxuyandan sonra mənə güləcək və öz həddi-hüdudu olmayan güclərindən həzz alacaqlar. Lap Səməd Vurğunun Qacarı kimi. Yada salmağa dəyər:
«Vətən…çoxmu sevir məni bu vətən?
Mənə həcv yazır hər yoldan ötən.
Bir də tərifləmə mənə vətəni.
Bu qılınc olmasa, yeyərlər məni».
Amma unudurlar ki, o qılınc Ağa Məhəmməd Şah Qacarı ölümdən xilas edə bilmədi. Əksinə, ölümünü daha da yaxınlaşdırdı. Səbəbi isə çox sadədir. Hakimiyyət öz sabitliyini və davamlılığını təmin etmək üçün bütün təzahür formalarında, hətta qəddarlığında belə rasional olmalıdır. Özü də idarəetmə üsulunun demokratik, avtoritar və ya totalitar olmasının məsələyə heç bir dəxli yoxdur. Əsası odur ki, hətta qəddarlığınızda belə qaçılmaz zərurət çərçivələrini aşmayasınız…
[email protected]