Toy gecəsi gəlin zorlanıb?
Bəli, toy gecəsi gəlininin zorlanması ilə bağlı ekspertiza təyin edildi. Ortada seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham var. Biləsuvar rayon sakini, 1983-cü il doğumlu İ.Q.-nın cinayət işi üzrə məhkəmə idi. İttihama görə, İ.Q. CM 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub.
İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə çıxmayıb. İ.Q. toy gecəsi qızdan bunun «səbəbini» soruşub. Toy gecəsi bakirə çıxmayan gəlin uşaqkən dayısı oğlu tərəfindən zorlandığını deyib.
İ.Q. onun düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və gərdəkdə narazılıq yaranıb. İ.Q. qızı döyüb və evdən qovub. A.Q. döyülmüş vəziyyətdə ata evinə üz tutub…
Övladlarının qan içərsində evlərinə döndüyünü görən Qulizadələr ailəsi polisə üz tutub. Biləsuvar Polis Şöbəsinə şikayət edən ailə qızlarının toy gecəsi İ.Q. tərəfindən zorlandığını iddia ediblər.
Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Həmin vaxt polis intihara cəhdin qarşısını alıb.
Məhkəmədə ifadə verən İ.Q. elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib., A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb. Onun sözlərinə görə, bu səbəbdən də Qulizadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar.
Zərərçəkmiş qismində məhkəmə iclasında ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxs tərəfindən zorlandığını iddia edib. Bu cinayət işinə Biləsuvar Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya şikayəti veriblər. Şikayətdə qeyd edilib ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur. Onlar Biləsuvar rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Hakim Əhməd Novruzovun sədrliyi ilə baxılıb. Məhkəmədə müdafiə tərəfi seksual xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib. Məhkəmə tərəfindən vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertizası təyin edilib. Buna görə də məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.