Total E&P Azerbaijan Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbi ilə Total E&P Azerbaijan şirkəti arasında Əməkdaşlıq Protokolu imzalanmışdır.
Aprelin 10-da Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Total E&P Azerbaijan şirkətinin baş meneceri Kristian Jüdiselli arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə Bakı Ali Neft Məktəbi və Total E & P Azerbaijan şirkəti arasında Əməkdaşlıq Protokolunun imzalanma mərasimində Fransanın fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və digər qonaqlar iştirak etmişlər.
Əməkdaşlıq protokolunda Total E & P Azerbaijan şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin Total şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, Professionallar Assosiasiyası üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxunmasının təmin olunması və Bakı Ali Neft Məktəbi tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadəsinə yardım göstərilməsi öz əksini tapmışdır.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, Azərbaycan üçün beynəlxalq standartlara cavab verən kadrların hazırlanması prioritet məsələyə çevrilmişdir və Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd ARDNŞ-nin beynəlxalq layihələrində işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır. O vurğulamışdır ki, dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq Bakı Ali Neft Məktəbi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan böyük təcrübəyə malik Total E&P Azerbaijan ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir.
Səfir Paskal Mönye qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə olunması təqdirəlayiq haldır. O, bildirmişdir ki, Total E&P Azerbaijan ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Fransa ilə Azərbaycan arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.
Total E&P Azerbaijan şirkətinin baş meneceri Kristian Jüdiselli çıxış edərək bildirmişdir ki, Total E&P Azerbaijan şirkəti Azərbaycanda fəaliyyətə başladığı ilk gündən Azərbaycanda təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrə dəstək vermişdir. Bu layihələrin bir qismi gənc azərbaycanlı tələbələrin təhsilinə həsr olunmuşdur.