Muəllif:

Toğrul Nərimanbəyovun dəfni qeyri-müəyyən müddətə təxirə salınıb

İyunun 2-də Parisdə vəfat etmiş xalq rəssamı Toğrul Nərimanbəyovun dəfni qeyri-müəyyən müddət üçün təxirə salınıb. Xatırladaq ki, mərhumun ikinci həyat yoldaşı və ilk nikahdan olan qızı arasında rəssamın dəfn yeri haqqında mübahisə yaranıb.
Həyat yoldaşı Sevil Nərimanbəyova rəssamın öz arzusuna istinad edərək, onun Parisdə dəfn olunmasında israr edir. Lakin birinci nikahdan qızı Əsmər Nərimanbəyova atasının vətəndə dəfn olunmasında israr edir. Azərbaycan hökuməti də bu mövqeyi tutur.
Paris məhkəməsi ötən həftə S.Nərimanbəyovanın xeyrinə qərar çıxarıb, bundan sonra rəssamın qızının apellyasiya şikayəti də təmin edilməyib.
Lakin qızı prokurorluğa rəssamın xəstəxanada ölüm hallarının araşdırılması haqqında şikayət verib. O, rəssamın daim nəzarət altında olmalı olduğu reanimasiyada yıxılmasını qəribə hesab edir.
Öz növbəsində, rəssamın həyat yoldaşı Turan-a bildirib ki, Nərimanbəyov reanimasiyada deyil, adi palata idi və gecə hamam otağında yıxılıb.
İndi Nərimanbəyovun dəfni cəsədin təkrar ekspertizası və prokurorluğun araşdırması yekunlaşana qədər təxirə salınır.

“Hazırda işə prokuror baxır. Bu günlərdə prokurorun qərarı bəlli olmalıdır. Məhkəmədən sonra qaranlıq qalan bəzi məqamlar var. Prokuror ona şübhəli gələn məsələlərə aydınlıq gətirmək üçün araşdırma aparır”. Bu açıqlamanı APA-ya Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovanın qızı Əsmər Nərimanbəyova verib.

Əsmər Nərimanbəyovanın vəkili Endi Verdiyer isə açıqlamasında hazırda mərhumun meyitinin məhkəmə tibbi ekspertizasında olduğunu deyib: “Bu işlə prokuror özü maraqlanır. Çünki ölümün ətrafında müəyyən şübhələr yaranıb. Xəstəlik tarixçəsində müəyyən qaranlıq məqamlar var. Orada deyilir ki, mərhum yıxılıb və tibb bacıları onu 3 saatdan sonra ölü vəziyyətdə tapıb. Amma real olaraq reanimasiya şəraitində olan xəstə 24 saat nəzarətdə olmalıdır. Ona görə də prokuror bu məsələnin araşdırılması üçün məhkəmə tibbi ekspertizaya müraciət edib. Prokurorun öz qərarı ilə mərhumun meyitinin autopsiyası (yarılması) aparılacaq və ölümünün dəqiq səbəbləri müəyyənləşəcək. Hazırda mərhumun nəşi tibbi ekspertiza institutundadır. Yekun qərarı gözləyirik. Bu qərar çıxana kimi heç bir tərəfin informasiya almağa, yaxud da mərhumu dəfn etməyə hüququ yoxdur. Bu qapalı prosedurdur və məhkəmə tibbi ekspertizanın qərarı barədə hər iki tərəfə prokuror məlumat verəcək”.

Vəkil Endi Verdiyer rəssamın qızının kasasiya məhkəməsinə müraciət etmək istədiyini deyib: “Əsmər Nərimanbəyova yuxarı instansiyaya, kasasiya məhkəməsinə müraciət etmək istəyir. Bu məhkəmə gələcəkdə həqiqəti ortaya çıxarmaq məqsədi ilə həyata keçiriləcək”.

Məsələyə münasibət bildirən rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova Əsmər Nərimanbəyovanın məsələni uzatmaq üçün bu cür iddialarla çıxış etdiyini deyib: “Toğrulun hansı şəraitdə ölməsi Əsməri məhkəmələri uduzmazdan öncə niyə maraqlandırmırdı? Mən belə düşünürəm ki, o bu məsələni uzatmaq üçün belə yollara əl atır”.

S. Nərimanbəyova rəssamın ümumiyyətlə reanimasiyada olmadığını deyib: “Toğrulun vəziyyəti yaxşı idi. Reanimasiyada deyildi, hətta həkimlər onun evə buraxılacağını deyirdilər. Hadisə gecə olub və xəstəxanadan da təsdiq ediblər ki, o vaxt onun yanında heç kim olmayıb. Həmin gün onun yanında idim. Özü istədi ki, mən evə gedim. Mən evə getdikdən sonra o vanna otağında yıxılıb”. S. Nərimanbəyova məhkəmə tibbi ekspertizasının rəyindən sonra mərhumu dəfn edəcəyini deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142