Tikinti şirkətləri vahid təşkilatda birləşəcək
Ölkədə inşaat bumu yaşandığı bir vaxtda, bu sektorun Avropa standartlarına uyğunlaşması vacib sayılır. Tikinti və tikinti materialları istehsalçılarının bir təşkilatda birləşmə ehtimalı Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərkibində fəaliyyət göstərən Sənaye və tikinti komissiyasında müzakirə edilib. Qurumdan verilən bilgiyə görə, ASK baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, tikinti sektorunda çalışan şirkətlər indiyədək təşkilatlana bilməyiblər, halbuki bu sahədə müsbət təcrübə var. Məsələn, xarici ölkələrdə bu tip assosiasiyalar iş adamlarının qarşılaşdığı problemlərinin həllində rol oynayırlar.
«Mətanət A» şirkətinin direktoru, ASK-nın sənaye və tikinti komissiyasının sədri Elxan Bəşirov diqqəti buna cəlb edib ki, son illər Azərbaycanda xarici tikinti şirkətləri çoxalıb, tenderlərdə bəzən əcnəbi şirkətlərin qalib gəlməsi yerli şirkətlərin köhnə metodlarla işləməsi səbəbindən baş verir.