Tikinti şirkətinin rəhbər şəxslərinin məhkəməsi başladı
Dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badu-Kübə” Mənzil-Tikinti Kooperativinin təsisçisi Zaur Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb.
İttihama görə, Nəsib Əliyev 2006-2010-cu illərdə kürəkəni Zaur Cabbarov və “Texnikabank” ASC Səbail rayon filialının müdiri vəzifəsində işləmiş oğlu Elton Əliyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən “Badu-Kübə” və “Şahbulaq” MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kv m sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar.
Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını “Badu-Kübə” MTK-nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq edib.
Cinayət işi üzrə Elton Əliyev barəsində CM 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilib, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmayıb və barəsində axtarış elan edilib. Qeyd olunan cinayət işindən Elton Əliyev, Asif Əsədullazadə və qeyrilərinin barəsində digər epizodlar üzrə CM 178.3.2, 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaqı aparılır.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirildi. Prosesin əvvəlində cinayət işi üzrə pulu mənimsənilən şəxslərin mülki iddiaları müzakirə edildi. Hakim bildirdi ki, zərərçəkmişlər məhkəməyə təqdim etdikləri mülki iddialar araşdırılacaq və məhkəmə istintaqının sonunda qiymətləndiriləcək. Daha sonra Zaur Cabbarovun vəkili məhkəmədən prokurorluğun təqdim etdiyi sübutlar siyahısını istədi. Hakim bildirdi ki, tərəflərə sübutlar siyahısı təqdim olunacaq.
Zaur Cabbarovun vəkili daha sonra vəsatətlə çıxış etdi. O, qeyd etdi ki, ibtidai istintaq araşdırması yekunlaşanda cinayət işinin materialları ilə tanış olmaqlarına şərait yaradılmayıb: Cinayət işi yekunlaşanda ibtidai istintaqı aparan qurumun rəhbər şəxslərinə müraciət edərək mən ayrı vaxtlarda, müdafiə altında olan şəxs ayrı vaxtlarda cinayət işi ilə tanış olmağımıza şərait yaradılsın. Bunu da belə əsaslandırdım ki, icraatımda çox iş var, bütün günü burada ola bilmirəm. Cinayət işi ilə iki gün ərzində tanış oldum, üçüncü günü mənə protokolla xəbərdarlıq etdilər ki, daha bir gün cinayət işi ilə tanış olmağıma vaxt verilir, həmin bir gündən sonra cinayət işi məhkəməyə göndəriləcək. Onu da deyim ki, mənə cəmi üç gün cinayət işi ilə tanış olmağıma vaxt verilib. Cinayət işinin 30 cilddən ibarət olmasını nəzərə aldıqda, bu vaxt ərzində cinayət işi ilə tanış olmaq mümkün deyil. Düzdür, elə vəkil var ki, bu üç gün ərzində cinayət işi ilə tanış olur. Amma keyfiyyətli müdafiə hüququnu qurmaq üçün qeyd olunan üç gün vaxt çox azdır. Hesab edirik ki, ibtidai istintaq zamanı bizim müdafiə hüququmuz pozulub. Buna görə də cinayət işinin yenidən ibtidai istintaq orqanı olan prokurorluğa qaytarılmasını xahiş edirik. Biz cinayət işi ilə tanış olandan sonra yenidən məhkəməyə qayıtılması təmin edilsin”.
Zaur Cabbarov müdafiəçisinin vəsatəti ilə razılaşdı. Lakin zərərçəkmişlər vəkilin vəsatətinə etirazlarını bildirdilər. Onlar qeyd etdilər ki, vəkilin belə vəsatətlə çıxış etməsi cinayət işinin uzadılması məqsədini daşıyır. Zərərçəkmişlər cinayət işinin məhkəmə baxışına verilməsini istədilər. Prosesə sədrlik edən hakim Əlövsət Abbasov zərərçəkmişləri səbirli olmağa çağırdı: “Cinayət işi üzrə 119 nəfər zərərçəkmiş var, onları hamısının məhkəmədə dindirilməsini təmin edəcəyik. Zərərçəkmişləri səbirli olmağa çağırıram. Çünki səbirli olmağınız məhkəmə araşdırmasının tam və obyektiv araşdırlması üçün vacibdir. Siz bura problemlərinizin həll olunması üçün gəlmisiz. Əgər mülki qaydada problemləriniz Suraxanı rayon Məhkəməsində və digər müvafiq qurumlarda təmin edilsəydi, iş bu yerə də gəlib çıxmazdı. Zərərçəkmişlərin hüquqları var, onları da məhkəmədə iştirak etmək hüquqları var. Bundan əlavə hər bir zərərçəkmişin dindiriləndən sonra prosesdə iştirak etməmək hüquqları var. Prosesdə iştirak etməyən zərərçəkmişlər məhkəmənin yekun qərarı ilə məlumatlandırılacaqlar”.
Daha sonra vəkilin vəsatətinə prosesdə iştirak edən dövlət ittihamçısı Ramazan Hadıyev münasibət bildirdi. O, qeyd etdi ki, vəkil vəsatətində cinayət işi ilə tanış olmamasını qanun pozuntusu kimi qeyd edib. Dövlət ittihamçısının sözlərinə görə, vəkil bundan əvvəlki prosesdə də bu məsələni qaldırmışdı: “Həmin vaxt vəkilin cinayət işi ilə tanış olmamasına mübasibət bildirdim. Qeyd etdim ki, prosesdə vəkillərdən birinin üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə iclası bir həftə müddətinə təxirə salınacaq. Tövsüyə etdim ki, vəkil bu müddət ərzində cinayət işi ilə tanış ola bilər. Bundan sonra məhkəmə 1 həftə ərzində təxirə salındı. Müdafiə tərəfi də bu müddətdən istifadə edərək cinayət işi ilə tanış ola bilərdi. Lakin müdafiə tərəfi bu hüquqdan istifadə etməyib. Hesab edərəm ki, ibtidai istintaq zamanı kobud qanun pozuntusuna yol verilməyib. Müdafiə tərəfinin belə vəsatətlə çıxış etməsi məqsədili xarakter daşıyır. Onlar müəyyən işlərin görülməsi üçün cinayət işini uzatmağa çalışırlar. Amma burada zərərçəkmişlərin də mənafeləri nəzərə alınmalıdır. Vəkilin vəsatəti təmin edilməsin. Cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Buna görə də cinayət işinin məhkəmə baxışına verilməsini xahiş edirəm”.
Daha sonra hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirə otağına yollandırlar. Müşavirədən qayıdan hakimlər vəkilin vəsatətini əsassız hesab edərək təmin etmədilər. Məhkəmə baxışı martın 28-nə təyin edildi.