Tikinti fırıldağı: Kazım Kazımova prokuror 11 il 6 ay cəza istəyir
Xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, “Əsgəroğlu-K” MMC-nin direktoru Kazım Kazımov, şirkətin direktor müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsdirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı təzələnib. Hakim bildirib ki, zərərçəkmiş Rövşən Şərifov məhkəməyə məktub ünvanlayıb.
Rövşən Şərifov məktubunda qeyd edib ki, ona dəymiş ziyan ödənilməyib. Hakim bildirib ki, dəymiş ziyanın ödənilib-ödənilməsi ilə bağlı məhkəmə istintaq aparılmalıdır: “Çünki zərərçəkmiş məktubunda qeyd edib ki, onu aldadıblar və bu səbəbdən də dəymiş ziyanın ödənilməsini bildirib”.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə istintaqının yenidən təzələnməsinə etirazlarını bildiriblər. Qeyd ediblər ki, məhkəmə istintaqının təzələnməsi üçün yalnız təqsirləndirilən şəxsin son sözü zamanı yeni xüsatlar ortaya çıxdığı vaxt baş verə bilər. Vəkillər məhkəmə istintaqının yenidən təzələnməsinə etirazlarını bildiriblər.
Lakin hakimlər məhkəmə istintaqının təzələnməsi barədə qərar qəbul ediblər. Prosesə sədrlik edən hakim bildirib ki, zərərçəkmişin məhkəməyə ünvanlandığı məktub araşdırılmalıdır. Məhkəmə iclası mayın 31-də davam etdiriləcək.
İttihama görə, Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov və Y. Niyazov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı K. Kazımovun 11 il 6 ay, Y. Kiyasov və O. Polkovanın hər birinin 10 il, E.Əkbərovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.