Muəllif:

Tikinti cinayətində yeni faktlar açıqlandı

Dələduzluqda ittiham olunan “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badü-Kubə” MTK-nın təsisçisi Zaur Cabbarovun cinayət işi üzrə məhkəmə davam edib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Nəsib Əliyev “Şahbulaq”ın sədri kimi 2006-2010-cu illərdə “Badü-Kubə”nin təsisçisi olan kürəkəni Zaur Cabbarov və “Texnikabank” Səbail filialının müdiri vəzifəsində işləmiş oğlu Elton Əliyevlə cinayət əlaqəsinə girərək saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar.
Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunan 4 milyon 635 min 738 manatın 2 milyon 22 min 359 manatını “Badü-Kubə”nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan məbləği isə ələ keçiriblər. İstintaqdan yayındığı üçün Elton Əliyev barəsində məhkəmə qərarı ilə həbs- qəti imkan tədbiri seçilib və İnterpol vasitəsi ilə axtarışa verilib.
Prosesdə məhkəmə istintaqının tamamlanması təklif edilib. Hakim bildirib ki, məhkəmə iclaslarında zərərçəkənlərin və şahidlərin əksəriyyəti dindirilib. O, məhkəmə istintaqının tamamlanması ilə bağlı tərəflərin mövqeyini öyrənib.
Dövlət ittihamçısı Ramazan Hadıyev dindirilən zərərçəkənlər və şahidlərlə kifayətlənməyi, məhkəmə istintaqının tamamlanmasını təklif edib. Lakin vəkillər buna etiraz ediblər. Onların fikrincə, məhkəmə istintaqı tam aparılmayıb. Vəkillərin sözlərinə görə, cinayət işində adları keçən bəzi şahidlərin dindirilməsi vacibdir. Müdafiə tərəfi hesab edir ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alaraq azadlığa buraxılan “Altun” istirahət mərkəzinin sahibi və “Badü-Kubə”nin direktor müavini Asif Əsədullazadənin də məhkəmədə dindirilməsi vacibdir. Vəkillərin fikrincə, Asif Əsədullazadə cinayətin başında dayanan şəxslərdən biri olub.
Zərərçəkənlər isə deyiblər ki, “Badü-Kubə”nin şəriklərindən olan Ədalət Qəmbərovun bundan əvvəl keçirilən məhkəmə iclasında verdiyi ifadəsi onları qane etməyib.
Hakim Əlövsət Abbasov isə zərərçəkənlərin diqqətinə çatdırıb ki, Ədalət Qəmbərovu məhkəməyə çağırıblar və istənilən şəxsə suallar verməyə şərait də yaradılıb.
Bundan sonra dövlət ittihamçısı məhkəmə istintaqının tamamlanması ilə bağlı təklifini geri götürüb: “Burada dövlət ittihamçısı kimi zərərçəkənlərin mənafelərini müdafiə edirəm. Buna görə mən də adları çəkilən şəxslərin məhkəməyə gətirilib dindirilməsini təklif edirəm”.
Hakim isə qeyd edib, məhkəmə cinayət işinin mahiyyətini araşdırır: “Məhkəmənin nə xəzinəsi, nə də MTK-sı var. Məhkəmə cinayət işinə obyektiv qiymət verilməsi ilə bağlı qurulub. Ədalət Qəmbərov da burada şahid qismində keçib və dindirilib. Onu burada mühakimə etmək olmaz. Çünki məhkəmə ittihamdan kənara çıxa bilməz. Yəni, burada mühakimə olunan iki şəxsin işindən əlavə başqa işə baxmağa səlahiyyətimiz yoxdur. Məhkəmə yekun qərarını verməyib. Yekun qərardan narazı qalan zərərçəkənlərin yuxarı instansiya məhkəmələrinə müraciət etmək hüquqları
Zərərçəkənlərin ibtidai istintaqın birtərəfli aparılımasından da şikayət vermək hüququ olduğunu xatırladan hakim adları çəkilən şahidlərin məhkəməyə məcburi gətirilməsi barədə qərarı açıqlayıb. Proses oktyabrın 17-də davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174