Tezis tapmaq müşkülü
Bu tezisləri az qala hər gün eşidirik. Bu son günlərdə onlardan bir-ikisi ilə xəbərlərin axınında bir də üzləşdim. Açığını deyim ki, bu tezisləri eynəkli rəsmi intellektualların ağzından eşidəndə artıq əsəbiləşməyə bilmirəm. Bizi nə hesab edirlər — deyə qanın qaralmaması artıq mümkün deyil. Başqa bir tezis tapa bilmədikləri bu məsələnin müşkül olduğunun bir göstəricisidir. Lakin bunları nə qədər söyləcəklər axı?
Torpaqları işğal edilmiş bir ölkənin zəif işğalçı qarşısında rəzil durumundan dolayı bu təkrar-təkrar «fırladılan» tezislərin artıq bizim auditoriyada effekt vermədiyini anlamaq məgər bu qədərmi çətindir? Biz bir yana, bunların artıq erməni düşərgəsində ciddiyə alınmadığını doğrudanmı bilmirlər?
Usanmadan təkrar edilir — «öz ağılsız siyasətləri ucundan regional layihələrdən kənarda qalıblar». Kimə (lərə) ünvanlandığını çocuq da bilir və özünə tənbəllik verməyən rəsmilərdən intellektual tutumlu toplantılarda tez-tez səsləndirilən başlıca tezis kimi hər kəsə tanışdır… Bundan doğan başqa bir tezis — «iqtisadi fəlakət içindədirlər». Və məntiqi olaraq daha biri — «köçüb gedirlər». Rəqəmlər gətirməyə tənbəllik edilmir, gülməli burasıdır ki, bəzən hətta ermənilərin özlərinin gətirdiyi rəqəmlərdən xeyli yumşaq rəqəmlər söylənir.
«Demoqrafik fəlakət içindədirlər» — gərək bizim xarici işlər nazirimizin müavini Araz Əzimov bu yaxınlarda hətta dedi ki, 1,2 milyon qalıblar (özləri 1,7-2,0 milyon hesabında israr edirlər, bir də ki, bu onlarda dövlət sirridir). Bizim hərbi «ekspertlər» isə bir az irəli gedib deyirlər ki, 15-20 ildən sonra sıraya düzməyə əsgər tapmaqda zorluq çəkəcəklər…
«Təkcə hərbi büdcəmizin Ermənistanın dövlət büdcəsindən nə qədər böyük olması» başqa bir sevimli xatırlatmadır. Bir sözlə, qarşımızda zəif, acından ölən, dağılan, əhalisi arası kəsilmədən azalan bir ölkə. Amma bu ölkə hər gün bütün cəbhə boyu bizi gülləyə tutur. Biz də səbir edir, «cavab atəşi ilə onları susdururuq». Silahlarımızın bolluğundan, keyfiyyətindən də danışırıq. Lakin Əlibəyli kəndinin sakini kəndin ortasında küçə ilə gedərkən düşmən gülləsinə tuş gəlir…
Son iyirmi ildə güclənirik, güclənmişik də, amma hərəkətə gəlib bu rəzaləti üstümüzdən atmağa tələsmirik. Biz bu qədər güclüyüksə, onda nə baş verir? Bəlkə daha bir beş-on il də gözləyək onlar köçü bitirsinlər, biz də fışqırıq çala-çala, çomaq da çiynimizdə gedib itirdiyimiz torpaqlarda dam-daşımızı bərpa edək?
Bizim informasiya döyüşçüləri niyə unudur ki, erməni Torpaq peşindədir, onun düşüncəsinə görə hər hansı regional layihəyə qoşulmağın mənfəəti bunun yanında heç nədir. Ermənistan iqtisadi fəlakət içində-filan deyil. Alt-üst 2 milyon insana nə iqtisadi fəlakət: xaricdə qazananlar daxildə yaşayanları yedizdirib-doyuzdurur. AB, Rusiya və ABŞ-dan ala bildikləri yardımlarla, az-çox daxildəki qazancla bu kütləni yola verir, ordu və polisi saxlaya bilirlər. İranla və Gürcüstan üzərindən xariclə ticarət qura biliblər. Türkiyə və Azərbaycanla bu qapalılıq vəziyyəti onların xeyrinədir ki, ziyanına deyil. Özlərinə qapanıb, bölgənin gələcəyinə nə dərəcədə hazır olduqları üzərində düşünmək istəyirlər, deyəsən.
Əvvəl bizim rəsmi təbliğat daxili auditoriyaya deyirdi ki, məsələnin sülh yolu ilə həll potensialı qalır, danışıqlardan bir şey alınmasa… İndi heç danışıqlara da gəlmir bu «acından ölən», «uçub dağılan», «demoqrafik fəlakət içində olan» ölkə… Əgər 20 ildə danışıqlarda bir addım belə irəliləyiş olmayıbsa, onda vaxtaşırı təşkil olunan görüşlərdə nədən söhbət edirlərmiş, maraqlıdır.
Erməni köçünün bizim problemin həllində nə önəm daşıdığını heç cür anlamaq olmur — ağıllı, təşəbbüskar, passionar adamlardır, Günəş altda özlərinə daha yaxşı güzəran axtarışı ilə daha rifahlı ölkələrə üz tuturlar. Bəli, bu məsələ də onlarda ciddi problemdir, lakin doğrudanmı bizimkilər ermənilərin millət deyil, təşkilat olduğunu bilmirlər? Dünyanın hansı bucağında yaşayıb-yaşamadığından asılı olmayaraq erməni fərdi intizam qaydasında ölkəsinə və erməniçiliyə bağlıdır, addım kənara qoya bilməz — başı gedər.
Biz yenə deyirik — məsələ sayda deyil, sanbaldadır. Sayı 200 milyondan çox olan ərəb bir neçə milyonluq yəhudiyə nə edə bildi ki? Biz türklərin də sayı 250 milyonu aşıb, bu 2 milyonluq erməni bizi barmağına dolaya bilirsə… Sanbal dedik, bir sual da doğur, yaxşı, bizim gənclər erməni yaşıdları ilə müqayisədə nə dərəcədə rəqabətqabiliyyətlidir? Nə dərəcədə təşəbbüskar, inadkar, məqsədyönlüdür? Bu sual üzərində düşünürükmü? Onlar erməni işi uğrunda hər avantüraya gedə bilir və sonunu fikirləşmirlər. Bizimkilərdəmi?
Biz unuduruq ki, qarşı tərəfin öz hesabı var və bu hesabında doğru olduğuna bir əminlik içindədir. Bizə gic-gicə kimi görünən Serj Sarkisyan bu hesabı yaxşıca mənimsəyib, beynində həkk olunmuş bu hesabın peşindədir və pis də ifadə etmir. Hər dəfə bu hesabları dilə gətirəndə Ankaradan Bakıya qədər bir-birimizə dəyirik.
Bəlkə bizimkilər bunun hamısını bilirlər, özü də yaxşıca bilirlər, lakin nə edəsən ki, acın, pulsuzun, yüz sosial problemin içində olan birisi 1000 km-lik bir məsafədə bizim qədər güclü olanın biri ilə döş-döşə dura, hələ aradabir bizə meydan oxuya bilir, torpağımızı tutub inad göstərərək qaytarmaq istəmir. O halda bizimkilərin bizə vaxtaşırı eşitdirdikləri havadan asılı qalır. Başqa nə desinlər axı…
[email protected]