Muəllif:

Texnologiyalar bir çox peşələrin «izini itirir»

Yeni texnologiyalar bəzi ixtisasları, məşğulluq sahələrini «arxivə» göndərir. Kompüter texnologiyalarının hazırda qismən əvəzlədiyi bəzi ixtisaslara çox yaxın gələcəkdə ehtiyac qalmayacaq. Təxmini tərtib edilən siyahının ilk yerində poçtalyon peşəsi durur. Hesab olunur ki, məktubların elektron qaydada göndərilməsi ilə kağız məktuba, o cümlədən onu ünvana daşıyan şəxsə tələbat ortadan qalxır. Amma o da qeyd edilir ki, bu peşə sahiblərinə tələbat yalnız bir halda tamamilə yox ola bilər — bütün pensiyaçılar təqaüdlərini bank kartlarına köçürmələr vasitəsilə alsınlar.
Hesab edilir ki, bu gedişlə turizm agentlikləri də mövqelərini itirəcək və bu sahədə çalışanlara heç bir ehtiyac qalmayacaq. Bu peşə sahibləri də internetin «güdazına gedənlər» sırasındadırlar. Çünki bu gün bütün dünyada istirahətin təşkili getdikcə sadələşir və onun da ən asan yolu məhz internet üzərindəndir. Hazırda əksər turistlər mehmanxanalarda bronlamanı və biletlərin sifarişini vasitəçi olmadan həyata keçirməyə üstünlük verirlər.
Korrektor da «izi itəcək» peşələr sırasında görülür. Nəşriyyat biznesində hesab edilir ki, korrektorlardan ibarət tam bir şöbəni saxlamaq bu gün üçün heç də sərfəli deyil. Çünki hazırda mətndə səhvləri tutmağa imkan verən orfoqrafiya proqramları var. Hələlik isə bu proqramların müəkəmməl olmaması korrektor xidmətindən tam imtinaya imkan vermir.
Texnologiyaların keçmişdə qoyacağı daha bir ixtisas cizgiçi və ya çertyojçu adlandırdığımız peşə sahibləridir. Əgər əvvəllər planlar, qrafik, sxem, cədvəl və çertyojların tərtibi ilə xeyli işçilərdən ibarət böyük şöbələr məşğul olurdusa, artıq bu gün bu işin öhdəsindən çoxsaylı kompüter proqramları uğurla gəlir.
Düzdür, hələlik rəssamlığı «tarixə gömüləcək» sənətlər kateqoriyasına tamamilə daxil etmək olmaz. Hələ 50-100 il əvvəl sələflərimiz Vinçi, Rafael, Mone, Matiss kimi dahi rəssamların şah əsərlərinə heyran olurdular. Günümüzdə bu heyranlıq dəyərini itirməsə də, müasir gənclik daha çox kompüter qrafikası kimi müasir incəsənət növünə meyl edir. Təbii ki, kətan, fırçalar və orijinal boyalar pikseli əvəz etməyəcək. Amma ortaya düşündürücü sual da çıxır: modern texnologiyalardan istifadə imkanları zamanında olsaydı, dahilərin əlində bu fırçalar nə kimi şedevrlər yarada bilməzdi?
Bu gün şəkil yaradan qrafik proqramlar raster və vektor kimi iki növə bölünür. Raster təsviri nöqtələrin, vektor isə xətlərin birləşdirilməsi ilə yaradır. Beləliklə, kompüterdə yaradılan istənilən təsvir, görüntü nə qədər fantastik olsa da, qeyd etdiyimiz üsullarla yaradılan kompüter qrafikasının məhsulu olaraq qalır. Bununla da, getdikcə daha çox populyarlıq qazanan müasir texnologiya şəkil yaradılmasının köhnə, ənənəvi üsullarını tədricən və səssizcə sıradan çıxarır. Paradoksal olsa da, bu gün kompüter qrafikası ilə rastlaşmayacığımız sahə də qalmayıb. Multifunksionallığına görə onunla hər yerdə -kino, film, televiziya, reklam, qəzet, təhsil, sənaye, memarlıq və s. sahələrdə qarşılaşırıq. Məsələn, bu gün təsviri çapa verməzdən əvvəl son nəticəni əvvəlcədən görmək üçün «Baxış» komandasını seçmək yetərlidir.
İKT-nin sürətlə daxil olduğu və onun təsirinə birbaşa məruz qalan əsas sahələrdən biri də təhsildir. Əgər çox yaxın keçmişdə bildiklərini şagirdlərə, tələbələrə çatdırmaq üçün müəllimlərə tabaşir və lövhə kifayət edirdisə, artıq texnologiyalar burada da keçmiş təsəvvürləri çoxdan alt-üst edib. Amma bu gün yeni texnologiyaların birbaşa köməyi ilə hətta məsafəli, onlayn təhsil mümkün olsa da, distant təhsilin reallaşmasında müəllimsiz keçinmək mümkün deyil. Zaman və məkan baxımından müxtəlif məsafələrdə yerləşən təhsil müəssisələrini eyni anda və eyni auditoriyada cəmləyə bilən bu təhsil formasının mütəxəssisləri İKT bacarıqlarını yetərincə mənimsəmiş peşəkarlardır. Bir sözlə, təkcə bu təhsil formasında deyil, ümumilikdə sözügedən sahənin bütün pillələrində yeni texnologiyaların gecikdirilmədən tətbiqi qarşısıalınmaz zərurətə çevrilib.
Bütün ölkələrin gündəmində aktual məsələyə çevrilən təhsil sisteminin informasiyalaşdırılması son nəticədə keyfiyyət məzmununda müsbətə doğru ciddi dəyişiklik vəd edir. Ümumiyyətlə, XXI əsrdə funksional savadlılıq formalaşıb ki, bu da özündə rəqəmsal savadlılığı əks etdirir. Beləliklə, dövrümüzün tələblərinə görə, rəqəmsal savadı olmayanlar artıq savadsız kimi qəbul edilə bilər. Çünki tədqiqatlar yeni texnoloji məlumatların miqdarının hər iki ildə iki dəfə artdığını təsdiqləyir. Bu isə 3 illik dərəcə proqramında təhsil almağa başlayan tələbə üçün o deməkdir ki, birinci il öyrəndiklərinin yarısı məzun olduğu vaxt artıq köhnəlmiş olacaq. Ona görə də təhsil sahəsi mütəxəssislərinə gələcəkdə nəinki ehtiyac olmayacaq, əksinə, onların qarşısında İKT sahəsində mümkün bacarıq və vərdişlərin mütəmadi təkmilləşdirmək kimi mühüm vəzifə dayanır.
Bəs səhiyyə sektoru? Burada da texnologiyalar həkimlərdən bu sıçrayışlarla daim ayaqlaşmağı tələb edir.
İKT-nin təsir dairəsinə daxil olan peşələrin siyahısını artırmaq da olar. Ümumiyyətlə isə peşələrə, o cümlədən də həyatımızın bütün sahələrinə nüfuz edən texnologiyaların tətbiqinin başlıca müsbət tərəfi baryerlərin aradan qaldırılmasıdır. Bu baryerləri aşaraq, rəqəmsal dünyaya çıxış isə hər kəsin hüququdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 519