Texnikabankda zərərçəkənləri indi də məhkəmə süründürür
Bir neçə il əvvəl ayrı–ayrı əmanətçilərin 38 milyon manatını dələduzluq yolu ilə mənimsəmiş Texnikabank Bakı Filialının sabiq rəhbəri Zal Yusifov və oğlu İslam Yusifov da daxil olmaqla, 14 nəfərin cinayət işi üzrə zərərçəkənlərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 müştərinin banka qoyduğu təxminən 38 mln. manat pulu mənimsəyiblər.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Zal Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalında tutularaq 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib. Məhkəmə qərarında vətəndaşlara dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi tələb olunub. Hökmdən verilən apelyasiya şikayətləri isə təmin olunmayıb.
Bundan sonra Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət edilib. Ali Məhkəmə isə əvvəlki instansiya məhkəməsinin zərərçəkmişlərə zərərin ödənilməsi barədə olan hissəsini ləğv edərək işi yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə mayın 1-nə təyin edilmiş proses təxirə salınıb. Prosesin təxirə salınmasına səbəb hakimin beynəlxalq konfransda iştirakı ilə bağlı olub. Prosesin mayın 15-nə kimi təxirə salınması barədə məlumat zərərçəkmişlərin etirazına səbəb olub. Onlar məhkəmənin süni şəkildə uzadılmasına etiraz ediblər.
Cinayət işi üzrə zərərçəkənlər prezident İlham Əliyevə müraciət ediblər. Zərərçəkənlərin prezidentə ünvanladıqları müraciətin bir nüsxəsini də redaksiyamıza göndəriblər. Müraciətdə deyilir:
“2007-2008-ci illər ərzində 550-600 nəfərdən ibarət təqribən 98 azərbaycanlı ailəsi sizin apardığınız siyasi və iqtisadi inkişafa inanaraq, maddi vəziyyətimizi yaxşılaşdırmaq məqsədilə əlimizdə olan illərlə yığdığımız və bizə miras kimi qalmış əmlaklarımızı sataraq əmanətlərimizi Texnikabanka yerləşdirdik. Lakin 2008-ci ilin avqust ayında məlum oldu ki, Texnikabankın səlahiyyətli adamları tərəfindən bizim banka qoyduğumuz vəsaitlər mənimsənilib. Bununla əlaqədar biz zərərçəkmişlər qanunun və ədalətin təmin olunması üçün Azərbaycan Respublikasının ədalət mühakiməsinə müraciət etməyi lazim bildik və məhkəməyə müraciət etdik. Birinci instansiya məhkəmələri bizlərin mülki iddiamıza baxıb və haqlı olaraq bizlərin xeyrinə qətnamə qəbul etdilər. Sonra Texnikabankın rəhbəri Etibar Əliyev Ağır Cinayətlər və Bakı Apelyasiya Məhkəmələrinin bəzi hakimləri ilə əlaqəyə girərək qanunun və ədalətin mənafeyini deyil, nəyin bahasına olursa olsun mülki ziyanın qanunla ödənilməsinə məsuliyyət daşımalı olan Texnikabankın məsuliyyətdən kənarlaşdırılaraq, qanuna zidd olaraq ziyanın ödənilməsini bankın məhkum olunmuş işçilərindən tutulması haqqında qərar qəbul etdilər. Sonra biz zərərçəkmişlər qanuna uyğun olaraq Ali Məhkəməyə şikayət vermək qərarına gəldik. Sağ olsun Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimləri zərərçəkmişlərə münasibətdə Bakı Apelyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən qalması hissəsini qanunsuz hesab edib və ləğv edərək yenidən apelyasiya baxışına qaytarıb”.
Zərərçəkmişlər müraciətlərində daha sonra qeyd edib ki, Texnikabankla problemləri 4 il 5 aydır uzadlılır. Qeyd olunub ki, bundan sonra da nə qədər uzadılacağı məlum deyil: “Məhkəmənin uzadılması barədə müvafiq orqanlara müraciət etsək də, bir nəticə verməyib. Hazırda işimiz yenidən apelyasiya instansiya məhkəməsində baxışdadır. Qeyd etmək istəyirik ki, iş məhkəmədə baxışda olarkən əlavə şikayətçilər müraciət edib, onları da bizə qoşaraq məhkəmə baxışını xeyli uzatdılar. İndi də bizim işimizə baxmaq əvəzinə hər hansı məhkəmə baxışı prosessual müddətlər pozularaq təxirə salınır. Faktiki olaraq biz süründürməçiliklə üzləşirik və məhkəmə baxışı aylarla uzadılır. Ümid edirik ki, cənab prezident vətəndaşlara qarşı hüquq pozuntusuna, ədalətsizliyə, süründürməçiliyə, haqsızlığa yol vermiyəcəksiniz və bizlərin bu halına köməklik göstərəcəksiniz. Xahiş edirik ki, bizim Bakı Apelyasiya Məhkəməsində işimizə qısa müddətdə baxılmasına dair tapşırıq verəsiniz”.
Qeyd edək ki, Texnikabank idarə heyətinin sabiq sədri Samir Hüseynov, Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, idarə heyətinin sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müdiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli və bankın daha 17 əməkdaşı barədə cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq hərəkətləri davam etdirilir.