Texnikabank rəhbərləri məhkəmədə şok faktlar açıqladılar
Texnikabank İH-nin sabiq sədri Samir Hüseynov, Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, idarə heyətinin sabiq sədr müavini Nicat Abdullayev, Yasamal filialının sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov, Abşeron filialının sabiq sədri Zülfüqar Zülfüqarlı, bankın paytaxt filialının sabiq müadiri İlham Bahadurov, Xəzər filialının sabiq müdiri Natiq Cəfərli, bankın daha 17 nəfər əməkdaşı barədə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Etibar Əliyev sərbəst ifadə verdi. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. Bildirdi ki, ibtidai istintaq zamanı ifadə verməyib: “Barəmizdə başlanan cinayət işinin qeyri-qanuni hesab etmişəm. Buna görə də özümü təqsirli bilmirəm. Nə mənim, nə də mənimlə birlikdə mühakimə olunanları günahı var. Burada olan təqsirləndirilən şəxslərlə iş münasibətlərimiz olub. Onlarla işdən kənar işlərlə məşğul olmamışam”.
Etibar Əliyev daha sonra qeyd etdi ki, bankda bir sıra maliyyə əməliyyatları keçirilib. Onun bildirdiyinə görə, bu əməliyyatların qanunsuz aparılmasına yol verilməyib: “Guya bankda pul əməliyyatlarının aparılmasına göstəriş vermişəm. Bu əməliyyatların keçirilməsi üçün guya burada olan mühakimə olunan şəxslərlə iş birliyi qurmuşam, mütəşəkkil dəstə yaratmışam. Ittiham aktında qeyd olunanlar söz yığınağından başqa bir şey deyil. İbtidai istintaq orqanı kimin pulu mənimsənilib, kimə ziyan dəyib, bunu müəyyən etməyib”.
Təqsirləndirilən şəxs daha sonra bildirdi ki, bankın filialları maliyyə hesabatı ilə bağlı ona məlumat verməyiblər. Onun sözlərinə görə, filial müdirləri hesabatı Ədliyyə Nazirliyinə veriblər. banka ittihamda qeyd olunan 2 milyon 400 min manatlıq ziyan vurulması barədə danışan Etibar Əliyev bildirdi ki, bu ittiham da əsassızdır: “Burada kimin pulu mənimsənilib, kimə ziyan dəyib. Bu da mövcud olmayan bir ittihamdır. Çünki pul hardan götürülüb, kimə verilib, bu da müəyyən edilməyib”.
Etibar Əliyev daha sonra ifadəsində bildirdi ki, bankın idarə heyətinin sədri Samir Hüseynov cinayət işində təqsirləndirilir. Onun sözlərinə görə, həm Samir Hüseynovun, həm də digər həbsdə olanların azadlığa buraxılması daha məqsədəuyğundur: “Çünki onların azadlığa buraxılması məhkəmənin şəffaf aparılmasına xidmət edir. Onlar həbsdən azad olunduğu halda məhkəmə daha şəffaf aparılacaq. İnanıram ki, siz, hakimlər də həbsdə olan şəxslərin vəkillərinin vəsatətlərini təmin edəcəksiz, onları həbsdən azad edəcəksiz”.
Müşahidə şurasının sədri bildirdi ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərdən əksəriyyətindən çoxunu tanımayıb: “Mən Natiq və Namiq adlı şəxsləri burada görmüşəm. Bundan əvvəldə görməmişəm. Onları birinci dəfədir burada görürəm. Burada mühakimə olunan şəxslərlə mütəşəkkil dəstə yaratmaqda məni təqsirləndirilirlər. Tanımadığım adamlarla mən neçə mütəşəkkil dəstə yarada bilərəm? Bu ittihamı da əsassız hesab edirəm”.
Təqsirləndirilən onu da əlavə etdi ki, bankın işçiləri ilə ayrı-ayrılıqda görüşməsi, onlara qeyri-qanuni göstərişlər verməsi barədə ittiham da həqiqəti əks etdirmir. Onun sözlərinə görə, işdən kənar görüşlərin keçirilməsinə vaxtı olmayıb: “Mən heç bir mütəşəkkil dəstə yaratmamışam. Bankın rəhbəri olmaq, mütəşəkkil dəstəyə rəhbərlik etmək deməkdir. Bizim heç bir qanunsuz işimiz olmayıb”.
Kreditlərin verilməsi zamanı qanun pozuntusuna yol verilməsi ilə bağlı səslənən ittihama toxunan Etibar Əliyev bildirdi ki, ümumilikdə bankda kreditin verilməsi 450 milyon manatdan çox olub. Onun sözlərinə görə, bankda kreditlərin verilməsində heç bir qanun pozuntusu olmayıb: “Kreditlərin verilməsində gecikmə ola bilər, vaxtın uzanması ola bilər. Burada mənimsəmə ola bilməz. Burada mənimsəmə ittihamı verilib, bunun da əsassız hesab edirəm”.
Etibar Əliyev qeyd etdi ki, banka 2 milyon 400 min manat ziyan dəyməsi də əsassızdır. Onun sözlərinə görə, ibtidai istintaq orqanı bu mənimsəmə faktını olmasını da tam müəyyən edə bilməyib. O, vergidən yayınma ilə bağlı ittihamın da əsası olmadığını bildirdi: “Cənab prezidentin bankların inkişaf etməsi ilə bağlı vergidən 3 il müddətinə azad edilməsi barədə sərəncamı olub. Sonradan bankların vergidən azad edilməsi daha 1 il uzadıldı. Buna görə də vergidən yayınma hallarının olması barədə olan ittihamı da rədd edirəm”.
Etibar Əliyev bildirdi ki, Texnikabank 20 ildir fəaliyyət göstərir. Onun sözlərinə görə, 20 il ərzində banka rəhbərlik edib və bu müddət ərzində bankın 105 milyon kapitalı olub. Onun qeyd etdiyinə görə, bu müddət ərzində Texnikabank daim inkişaf edib.
Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran Etibar Əliyev bildirdi ki, Texnikabank 1993-cü ilin fevralında yaradılıb. Onun sözlərinə görə, bu müddət ərzində bankda müşahidə şurasının sədri olub: “Əsasən vəzifəm bankın strategiyasını qurmaqdan, bankın inkişaf etməsindən ibarət olub. Vəzifəm ancaq bankın inkişaf etməsi ilə bağlı olub”.
141 əmanətçinin adına əlavə bonusların yazılması ilə bağlı suala cavab verən bank rəhbərinin sözlərinə görə, həmin bonusların yazılmasından və əmanətçilərə verilməməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, bonusların verilməsi onun vəzifəsi səlahiyyətlərinə aid olmayıb.
Daha sonra vəkillərin suallarını cavablandıran Etibar Əliyev bildirdi ki, banka depozit qoyan vətəndaşlarla görüşməyib. Onun sözlərinə görə, bu görüşlərin həyata keçiriməsi üçün ümumiyyətlə vaxtı olmayıb. İşçilərlə də görüşmədiyini deyən Etibar Əliyev qeyd etdi ki, ancaq bankın ümumi iclaslarında işçiləri görüb.
Bankın Yasamal filialında mənimsəmə hallarının olmadığını deyən Etibar Əliyev bildirdi ki, bu filial bankın fialları arasında ən nümunəvisi olub. Yasamal filialının sədr müavini Elnur Seyidovu yaxşı bir işçi kimi tanıdığını deyən Etibar Əliyev onunla təkbətək görüşləri olmadığını bildirdi: “Elnur Seyidovu yalnız bankın ümumi yığıncaqlarında görmüşəm, onunla da həmin yığıncaqlarda aramızda olan məsafə 50 metr olub. Elnur Seyidovla heç bir vaxt görüşməmişəm, ona göstərişlər verməmişəm. Bundan əlavə, bankın Abşeron filialının sədri Zülfüqar Zülfüqarlıya göstərişlər verməmişəm. Zülfüqar Zülfüqarlı da, Elnur Seyidov da məhkəmədə danışacaqlar. Mən onların heç birinə göstəriş verməmişəm”.
Etibar Əliyev daha sonra bildirdi ki, bankın Yasamal filialında qeyri- qanuni hərəkətlər olmayıb. Onun sözlərinə görə, bankın filiallarında qeyri-qanuni hərəkətlərin olması və həmin fialiallardan banka ciddi ziyanın dəyməsi barədə məlumatları əvvəlcə müşahidə şurası araşdırır və sonda da qərar verir: “Bizim Yasamal filialı ilə bağlı qeyri-qanuni hərəkətlərin olması ilə bağlı heç bir söhbətimiz olmayıb. Bankın yalnız “Bakı” filiallı ilə bağlı qeyri-qanuni hərəkətlərin olması barədə müşahidə şurasında araşdırma aparılıb və hüquq-mühafizə orqanlarına bununla bağlı da şikayət edilib”.
Daha sonra məhkəmədə ifadə verən Samir Hüseynov özünü təqsirli bilmədi. O, bildirdi ki, Amerkada təhsil alıb və Azərbaycana qayıdandan sonra Texnikabankda işləməyə başlayıb. Samir Hüseynovun sözlərinə görə, işə başlayanda Texnikabankın 17 milyon manat aktivliyi olub. Onun sözlərinə görə, bu aktivlik sonradan 650 milyona çatıb. Samir Hüseynov qeyd etdi ki, Texnikabankda 9 il işləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Texnikabank vergi ödəməkdə özəl banklar arasında birinci olub: “Biz Texnikabankın inkişaf etməsində canımızı qoymuşuq, bankı inkişaf etdirmişik. İşlədiyimiz müddətlərdə qüsurlarımız da olub. Gördüyümüz böyük işlərin yanında kiçik qüsurlarımız gözdən yayınıb. Hesab edərəm ki, biz qanun pozuntusuna yol verməmişik”.
Samir Hüseynovun sözlərinə görə, bankda əmanətçilərə bonusların verilməsinin bankın müvafiq qurumları həyata keçirib. Samir Hüseynov bildirdi ki, əmanətçilərə bonusların verləmsinə idarə heyəti qərar vermir: “İdarə heyətinin əmanətçilərə bonusların verilməsinə qərar verməsinə ixtiyarı yoxdur. İttihamda yazılıb ki, 147 nəfər əmanətçiyə bonusların verilməsi yazılıb, amma verilməyib. Bundan mənim xəbərim olmayıb”.
Samir Hüseynov daha sonra ifadəsində qeyd etdi ki, ittiham üzrə özünü təqsirli bilmir, təqsirlim olması üçün də heç bir sübut yoxdur. Vergidən yayınma ilə bağlı ittihamı da qəbul etməyən Samir Hüseynov bildirdi ki, prezidentin sərəncamına uyğun olaraq vergi ödəməyiblər: “Bank sektorunda bu müddət ərzində heç kim vergi ödəməyib. Biz istəsək də vergini ödəyə bilməzdik. Çünki bank sektorunda vergidən azad olunma ilə bağlı cənab prezidentin sərəncamı olub. Bu sərəncamın da verilməsi bank sektorunun inkişaf etməsi ilə bağlı idi”.
Mənimsə ittihamına toxunan Samir Hüseynov bildirdi ki, Etibar Əliyevlə bankda qeyri-qanuni işlərin görülməsi ilə bağlı müzakirələr aparmayıblar: “Etibar Əliyev bankın sahibi olub, belə çıxır ki, Etibar Əliyev özündən oğurluq edib. Bu ittihamı əsassız hesab edirəm”.
Daha sonra məhkəmədə Nicat Abdullayev, Zülfüqar Zülfüqarlı, Ilham Bahadurov ifadə verdilər. Onlarda ittihamların əsassız olduğunu dedilər. Məhkəmə iclası aprelin 17-də davam etdiriləcək.
Bu təqsirləndirilən şəxslər CM 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.
Onu da qeyd edək ki, Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. Təqsirləndirilən Elnur Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır.