Muəllif:

Terrorçuluq «xəbəri» yalan çıxdı, 6 il cəza aldı

Terror barədə bilə-bilə yalan məlumat verməkdə ittiham olunan paytaxt sakini Ərəstun Rəcəbovun (1952) cinayət işi üzrə məhkəmə başa çatıb. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İttihama görə, Ərəstun Rəcəbov DİN “102” məlumat mərkəzinə zəng edərək qardaşı Əflatun Rəcəbovun (1961) öz evində külli miqdarda silah-sursat saxladığını bildirib. Ərəstun Rəcəbov polisə deyib ki, Əflatun Bakıda terror aktları həyata keçirməyə çalışır və bu məlumatı hüquq-mühafizə orqanlarına çatdırmaqla vətəndaşlıq borcunu yerinə yetirir.
Polis dərhal məlumat əsasında tədbirlərə başlayıb, Əflatun Rəcəbovun evinə və digər tikililərə baxış keçirilib. Nəticədə yalnız bir ov tüfəngi aşkarlanıb və məlum olub ki, Ərəstun Rəcəbov polisə yalan məlumat verib.
Hüquq-mühafizə orqanları bu dəfə Ərəstun Rəcəbovu axtarıb tapıb, o polis bölmələrindən birinə gətirilib. Bəlli olub ki, 61 yaşlı kişi sərxoş vəziyyətdədir və məlumatı verərkən də içkinin təsiri altında olub. Onun barəsində CM 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Maraqlıdır ki, bu, Ərəstun Rəcəbov barəsində ilk cinayət işi deyil. Məlumata görə, Ərəstun Rəcəbov “Şeyx Nəzər” MMC şirkətinin təsisçisi və prezidentidir. Daşınmaz əmlak işləri ilə məşğul olan şirkətin rəhbəri bəzi vətəndaşların külli miqdarda pulunu mənimsədiyinə və digər dələduzluq əməllərinə görə onun barəsində Nəsimi rayon Polis İdarəsində CM 178-ci (dələduzluq) maddəsi ilə də iş açılıb. Ərəstun Rəcəbov istintaqdan boyun qaçırdığından, bir dəfə saxlanıb, amma sonradan dilindən iltizam alınaraq sərbəst buraxılıbmış.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ərəstun Rəcəbov 6 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Ərəstun Rəcəbovun 3 min manat miqdarında cərimə edilməsi ilə bağlı da qərar qəbul edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 168