Tərifli fransız femidası ermənilərin qabağından qaçdı
Tərifli fransız femidasının ermənilərin qabağından qaçdığı bəlli oldu. Fransa Milli Assambleyasının binasında erməni diasporunun üzvləri tərəfindən döyülən “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun iddiası üzrə işin təhqiqatını dayandırdığı bildirilir. Bu barədə mətbuata “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva məlumat verib. Deyib ki, prokurorluq işin bağlanmasına qərar verib. “Bizə səbəb kimi əsaslı dəlillərin olmadığını bildirdilər. Amma burada təsirlər çox olduğu üçün onlar belə addım atıblar”.
M.Fətəliyeva qeyd edib ki, onlar istəsələr işi yenidən aça bilərlər. “Amma hələ tam qərara gəlməmişik. Yeni tətildən qayıtmışam və vəkillərlə görüşüb qərar verməliyik”.
Bu il fevralın 26-da “Paris Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı iş əvvəlcə Fransa Jandarmeriyasına, daha sonra Paris prokurorluğuna verilib. Azərbaycan Respublikasının Baş prokuroru hadisə ilə bağlı Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokurora müraciət edib. Görünən odur ki, bu müraciətlər nəticəsiz qalıb.