Muəllif:

Tenderlərdə qapalılıq: məmurların «öz» şirkətləri «qalib gəlir»

Tenderlərdə qapalılıq artır.Ekspertlər deyirlər ki, tenderlərdə qalib gələn şirkətlərin əksəriyyəti məmurların özünə məxsusdur
Satınalmalar üzrə Dövlət Agentliyinin 2012-ci il üzrə hesabatında agentliyə 35 şikayət məktubu göndərdiyi bildirilir. Azadlıq Radiosunun araşdırmalarından bəlli olub ki, o məktublardan yalnız birinin məzmunu açıqlanır. Həmin məktubda TN-nin tenderindən söz açılır. Bildirilir ki, I-V siniflər üçün dərsliklərin hazırlanması və çap işlərinin satın alınması üzrə ikimərhələli tenderdə nöqsanlara yol verilib.
Araşdırmalar zamanı üzə çıxıb ki, TN tender komissiyasının sədri «Altun kitab» və «Aspoliqraf» nəşriyyatlarında çap olunan dərslik və dərs vəsaitlərinin həm müəllifi, həm də həmmüəllifidir. Agentlik mənafelər toqquşmasını, qarşılıqlı asılılıq münasibətlərinin mövcudluğunu əsas götürərək, sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə məktub göndərib.
Satınalmalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Bahadır Qasımov Azadlıq Radiosuna göndərdiyi yazılı cavabda bildirir:«Müsabiqələr barədə elanlar respublikanın dövlət qəzetlərində yerləşdirilir, 2010-cu ildə başlayaraq isə müvafiq elanlar həmçinin Satınalmalar üzrə Dövlət Agentliyinin saytında da dərc olunur».
Onun yazdığına görə, 2012-ci ildə müsabiqələrin qanunvericilik tələblərinə uyğun təşkili nəticəsində bu məqsədlər üçün ayrılan dövlət vəsaitlərinin 6.4%-nə və ya təqribən 300 milyon manatına qənaət edilmişdir…
«Qaldırılan suallarla əlaqədar nəzərinizə çatdırırıq ki, həmin məsələlər Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilmiş 2012-ci ildə keçirilmiş satınalmaların nəticələrinə dair hesabatda ətraflı əks olunmuşdur».
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayev get-gedə artan qapalılığa diqqət çəkir. Onun dediyinə görə, 2012-ci ilin aprelindəki qanun dəyişikliklərindən sonra tenderə qatılan şirkət və təsisçilərin adı kommersiya sirri sayıldığından açıqlanmır:
«Jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri tenderlərlə bağlı araşdırma apararkən, ilk növbədə tenderə qatılanların kimliyini bilməlidir. Bilinməlidir ki, həmin tenderdə iştirak edən şirkət nə dərəcədə real şirkətdir. Bu məsələ çözülməlidir. Tender elanı mediada da əksini tapmalıdır. Bizdə isə yalnız nəticə barədə məlumat verilir. Araşdırmalarımız göstərir ki, qanunvericiliyin həmin tələblərinə əməl olunmur. Hansısa şirkət 3-5 ay öncə qeydiyyatdan keçir və dəyəri milyonlarla manat olan tenderi udur. Bizim qanunvericiliyə görə, tenderi ən keyfiyyətli, ən ucuz və ən qısa müddəti təklif edən şirkət uda bilər. Ancaq proses qapalı aparıldığından şirkətlərin hansı meyarlar əsasında qalib elan olunduğunu müəyyənləşdirə bilmirik».
İqtisadçı Zöhrab İsmayıl tenderlərə qatılan və udan əksər şirkətin məmurlara bağlı olduğunu düşünür və bu sahədə şəffaflığın olmamasını da həmin amillə izah edir:
«Hər şey yaxşıdırsa, onda niyə şəffaflıq yoxdur? Niyə nəticələr açıqlanmır? Niyə tenderin qalibi olan şirkət haqqında məlumat verilmir? Satınalmalar üzrə Dövlət Agentliyinin 2012-ci ilə aid hesabatı reallığı əks etdirmir. Tenderlərdə qalib gələn şirkətlərin əksəriyyəti məmurların özünə məxsusdur. Tutalım, filan vaxt neft şirkətində bir idarənin rəisi təyin olunub. O idarə ilə bağlı tenderi udan şirkət isə bir il sonra qurulub. Digər dövlət şirkətlərində də eyni vəziyyətdir».
Azərbaycanda tenderlərin oturuşmuş oliqarx məmurların dairəsindən kənara çıxmadığı barədə digər ekspertlərin fikirlərini iqtisadçı Natiq Cəfərli də bölüşür, amma bir məqamı ayrıca vurğulayır:«Hakimiyyət büdcədən ayrılan həmin pulların müstəqil və ondan asılı olmayan və ya sonradan varlanıb onun əleyhinə çıxa bilmə ehtimalı olan hansısa «yad» şirkətə verilməsinə razı deyil. Hakimiyyət, beləcə, külli miqdarda pulun yalnız bir dairədə qalmasına şərait yaradır. Məsələnin əsas fəlsəfəsi budur».
Ekspert Rusiya örnəyinə də üz tutaraq bildirir ki, son illər orada narazı elektorat hakimiyyətdən asılı olmayan orta sinifdir. Onun fikrincə, bənzər halları nəzərə alan hakimiyyət pulun öz çevrəsindən qırağa çıxmasını məqbul saymır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219