Muəllif:

“Təmiz dünya”nın damını başına uçurdular

Qadınlara yardım göstrərilməsi üzrə “Təmiz dünya” İctimai Birliyinin ofisi (İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 18) dağıdılıb. Təşkilatın sədri Mehriban Zeynalova Turan-a bildirib ki, problem iyulun 19-da binanın arxa tərəfində tikinti işləri başladıqdan sonra yaranıb. Tikinti barədə heç bir xəbərdarlıq olmayıb. İşçilər özül qazmağa başlayanda ofisin divarları çat verib, sonra otaqlardan biri uçub. Bundan sonra otaqda qalmaq həyat üçün təhlükəli olub.
İçərişəhər Dövlət Tari-Memarlıq Qoruğuna müraciət nəticə verməyib, belə ki, oranın nümayəndələri baş verənləri aktlaşdırmaqdan imtina ediblər. Bundan əlavə, onlar “Təmiz dünya”ya bildiriblər ki, bu yerdə işləmək olmaz və ofisə bu barədə xəbərdarlıq olunub.
Lakin ofisin yerləşdiyi evin sakinləri onlara yazılı və ya şifahi xəbərdarlığın edilməsi barədə bəyanatın olmasını təkzib ediblər.
“Hazırda təşkilatın əməkdaşları ofissiz qalıblar, biz faktiki olaraq küçədəyik, əmlaka ziyan dəyib”, — M.Zeynalova bildirib. Onun sözlərinə görə, öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət ediblər.
Qeyri-rəsmi məlumata görə, ofisin arxasında yerləşən mənzilləri hansısa bir şirkət alıb və onun adı gizli saxlanılır. Həmin yerdə otel tikiləcək.
Xatırladaq ki, ötən il Şəmsi Bədəlbəyli küçəsində Leyla Yunusa məxsus Sülh və Demokratiya İnstitutunun ofisi sökülüb. O, tikinti maqnatlarının qurbanı olub.
“İçərişəhər” qoruğunun administrasiyasından Turan-a bildirilib ki, divarlarda çatlar əmələ gəldikdən sonra evin sakinləri köçürülüb. Onların hamısı müvəqqəti yaşayış yeri ilə təmin olunublar. Hazırda hadisə yerində yoxlama aparılır. Lakin o, sözügedən yerdə tikintinin kim tərəfindən aparılması barədə suala cavab verə bilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 2,00 из 10)
Oxunma sayı: 746