Telekommunikasiya peykimiz kommersiya fəaliyyətinə başladı
Azərsapce-1 telekommunikasiya peyki bu gündən etibarən tam kommersiya fəaliyyətinə başlayıb. Bununla bağı olaraq Azərkosmos ASC və ANS Müstəqil Yayım və Media şirkəti arasında «Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında» müqavilə imzalanıb. Sənədi Azərkosmos ASC sədri Rəşad Nəbiyev və ANS Müstəqil Yayım və Media şirkətinin prezidenti Vahid Mustafayev imzalayıblar.
APA-Economics xəbər verdiyi kimi, bununla da bir neçə müddətdir həyata keçirilən test-sınaq əməliyyatlarından həm yerli, həm də xarici TV və radio kanallarının milli peykdən tam kommersiya əsaslı yayımına başlanılacaq.
İlkin mərhələdə yerli kanallarla yanaşı, ingilis, rus, türk və fars dillərində ümumilikdə 50-dək TV və radio kanalı yayımlanacaq, sonradan isə mərhələli şəkildə yayımlanan kanalların sayı daha da artırılacaq.
Hesab edilir ki, Azerspace-1 layihəsi üçün cəlb olunan kredit vaxtından əvvəl qaytarıla biləcək. Azərbaycanın ilk telekommunikasiya peyki — Azerspace-1-in orbitə çıxarılması layihəsinin rentabelliyini təmin etmək üçün bütün hesablamalar layihə mərhələlərində aparılıb.
Layihənin dəyəri yerüstü stansiya ilə birlikdə 230 mln. ABŞ dolları təşkil edir.Bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, layihənin 15 il müddətində gəlirlərinin təxminən 600 mln. dollardan çox olması planlaşdırılır.
«Artıq may ayında peyk 4,2 mln. dollar qazandırıb və kreditlərin ödənilməsinə başlanılıb. Kredit Azərbaycana 10 il müddətinə verilsə də, onun artıq 7 il ərzində qaytarılması mümkün olacaq. Hesab edirəm ki, layihənin 50%-dən bir qədər artıq hissəsi satılıb və hazırda danışıqlar aparılır ki, ilin sonuna kimi 70-80%-ə çıxa bilək», — deyə Abbasov bildirib.