Muəllif:

Teledebat insidenti: Milli Şura bəyanat verdi

Demokratik Qüvvələrin Milli Şurası dünən axşam İctimai Televizyanın efirində prezidenliyə namizədlərin debatında baş verən qalmaqal, Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı haqsızlıqlarla bağlı bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, sentyabrın 19-da İctimai Televiziyada debatlar zamanı Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikasının prezidentliyinə namizədi Cəmil Həsənliyə qarşı adi insani etikadan və qanundankənar davranışlara yol verilib. Milli Şura Cəmil Həsənliyə qarşı bu hərəkətləri pisləyir və bunların aradan qaldırılması üçün qəti addımların atılmasını tələb edir. Milli Şura İctimai Televiziya rəhbərliyinə seçki debatlarına qanunsuz müdaxilələrin Seçki Məcəlləsinə zidd olduğunu xatırladır və üzərinə düşən vəzifələri tərəfsiz və düzgün yerinə yetirməyə səsləyir. İctimai Televiziyanın rəhbərliyi başqa namizədlərin qanunsuz hərəkətləri və müdaxiləsi nəticəsində Cəmil Həsənli üçün ayrılmış vaxtın itkisini bərpa etmək vəzifəsi daşıyır.
Milli Şura Mərkəzi Seşki Komissiyasından Cəmil Həsənliyə qarşı baş vermiş qanun pozuntularını qısa zamanda araşdırmağı, onun pozulmuş haqlarını bərpa etməyi, bu hadisəni törədənlərin barəsində ölçü götürməyi tələb edir.
Milli Şura xatırladır ki, Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilərin ədalətli və qanun əsasında keçirilməsinə, bütün namizədlərə bərabər imkanların yaradılmasına və hüquqlarının təmin olunmasına məsuliyyət daşıyırlar.

Bəlli olduğu kimi, sentyabrın 19-da İctimai Televiziyanın efirində prezidentliyə namizədlərin növbəti teledebatları Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin təhrik etdiyi qalmaqalla keçib.
O, Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) prezidentliyə namizədi Cəmil Həsənlinin və onun ailə üzvlərinin, həmçinin digər müxalifət liderlərinin ünvanına təhqiramiz ifadələr işlədib.
H.Hacıyev DQMŞ-ni “Satqınlar Şurası” adlandırıb. AXCP lideri Əli Kərimlini “Əbülfəz Elçibəyi (AXCP-nin mərhum lideri və eks-prezident) zəhərləməkdə ittiham edib.
Sıra İsa Qəmbərə də çatıb. H.Hacıyev onu oğlunu hərbi xidmətdən yayındırmaqda və “gəncləri yoldan çıxarmaqda” ittiham edib.
H.Hacıyev müxalifət liderlərini “ermənilərlə əlbir olmaqda” və Qarabağ probleminin həllinə əngəl törətməkdə ittiham edib.
Sonra Hacıyev iddia edib ki, müxalifət xarici qüvvələrə “işləyərək” onların xeyrinə çevriliş hazırlayır. C.Həsənlinin qızının ingilis ilə evli olmasına toxunan Hacıyev C.Həsənlini onların (britaniyalıların) göstərişi ilə Azərbaycanda dağıdıcı fəaliyyət aparmaqda ittiham edib.
H.Hacıyevin çıxışından sonra bəzi namizədlər, əsasən Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev şəxsi həyata müdaxilənin yolverilməz olduğunu bildiriblər.
C.Həsənli öz çıxışında bildirib ki, sentyabrın 22-də Yasamal rayonundakı stadionda (“İnşaatçılar” metro stansiyasının yaxınlığı) ona dəstək mitinqi keçiriləcək. O həmçinin bildirib ki, studiyaya vaxtından əvvəl pensiyaya çıxmaq məqsədilə həkimləri aldatması ilə bağlı ünvanına söylənən ittihamları təkzib edən sənədlərlə gəlib. O qeyd edib ki, gözünün xəstə olması Zərifə Əliyeva adına Oftalmologiya İnstitutunun həkimləri tərəfindən təsdiqlənib.
Sonra C.Həsənli diqqəti Azərbaycan hökumətindəki miqyaslı korrupsiyaya yönəldib.
Belə ki, Kür zonasında daşqınların və Zaqatala regionunda zəlzələnin nəticələrinin aradan qaldırılmasına 1 mlrd. 69 mln. manat ayrılıb və əhalinin problemləri indiyədək həllini tapmayıb. Türkiyədə Van vilayətində baş vermiş və miqyasına görə daha dağıdıcı olan zəlzələnin nəticələrinin aradan qaldırılmasına cəmi 392 mln. dollar xərclənib.
Sonra C.Həsənli İlham Əliyevin üçüncü müddətə prezidentliyinin irəli sürülməsinin qanunsuz olduğunu deyib. Onun sözlərinə görə, İ.Əliyev Konstitusiyaya and içəndə bu, 1 şəxsin 2 səlahiyyət müddətinə prezident postunda qalmasını nəzərdə tuturdu.
Odur ki, 2009-cu ildə referendumda qəbul edilmiş Konstitusiya düzəlişləri İ.Əliyevə şamil olunmur.
Teledebatın gedişində H.Hacıyev yerindən sıçrayaraq C.Həsənlinin çıxışını kəsib, müxalifətçiləri təhqir etməkdə davam edib. O, müxalifətçiləri onlarla haqq-hesab çəkiləcəyi və qalib gələrsə ölkədən sürgün ediləcəkləri ilə hədələyib.
H.Hacıyev yenidən C.Həsənlini qızının ingilis ilə ailə qurmasına görə ittiham edib. Buna cavab verildikdə H.Hacıyev C.Həsənliyə butılka atıb.
Heç cür sakitləşməyən H.Hacıyevi İctimai Televiziyanın təhlükəsizlik xidmətinin əməkdaşları zaldan çıxarıblar.
C.Həsənli H.Hacıyevin onun ünvanına hücumların qarşısını almağa sərf etdiyin vaxtın bərpa olunmasını tələb edib.
Aparıcı bundan imtina edərək bütün şikayətləri MSK-ya təqdim etməyi təklif edib.
C.Həsənli öz hüquqlarının pozulmasına etiraz olaraq studiyanı tərk edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 182