Tələbə nəqliyyatdan güzəştli istifadə edə bilərmi?
May-iyuna kimi ali və orta ixtisas təhsili sferasında 200 minə yaxın tələbənin hamısı «Azərbaycan tələbə kartı» əldə edəcək. Beləliklə, tələbələrin çoxdandır gözlədikləri güzəştlər nəhayət reallaşacaq. Özü də bu kartlar yalnız ölkə daxilində işləməyəcək. Azərbaycan tələbəsi bu kartla nəinki ölkədə, elə Avropa ölkələrində də müxtəlif güzəştlərdən istifadə edə bilər. Bu kart 30 Avropa ölkəsində də işlək olacaq. Bakıda və regionlarda 100-lərlə müəssisə bu kartı olan tələbəyə güzəştli xidmətlər göstərəcək.
Məsələyə münasibət bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, güzəştlə əhatə olunan müəssisələrin sayının çoxalmasına və yeni xidmətlərin əlavə olunmasına çalışırlar:
«Bu kartı olan tələbənin nəqliyyatdan güzəştli istifadə etməsi üzərində iş gedir. Yaxın zamanlarda Azərbaycan tələbə kartını alan tələbələr dövlət nəqliyyatından güzəştli istifadə edə biləcək. Bundan başqa, gənclər üçün Prezident mükafatı təsis olunacaq. Hazırda mükafatın qaydaları və əsasnaməsi hazırlanır. Qaydalara görə, hər il müəyyən sayda elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərin qiymətləndirilməsi nəzərdə tutulur. Yaxşıların yaxşısını yüksək səviyyədə qiymətləndirmə və seçim çox sərt olacaq. Bu işin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumları və ictimaiyyət nümayəndələrindən ibarət olan seçim komissiyası formalaşdırılacaq. Mükafat hər il mütləq şəkildə təqdim olunacaq. Amma hər il yaxşıların yaxşısının sayı fərqlənə bilər. İldə 6 nəfərə bu mükafatın verilməsi nəzərdə tutulur».
Mütəxəssislər isə təkcə tələbələrin deyil, cəmiyyətin bütün aztəminatlı təbəqələrinə nəqliyyatda gediş haqqına güzəştlərin tərəfdarıdır. İqtisadçı ekspert Oqtay Haqverdiyev intellektual idarəetmə sisteminin belə güzəştlərin tətbiq edilməsinə imkan verdiyini düşünür:
«Ötən illər güzəştlərin tətbiqində çatışmayan cəhət nəqliyyat sisteminin inkişaf etmədiyi idi. Azərbaycanda tətbiq edilən güzəşt sistemi digər ölkələrlə müqayisədə fərqli idi. Digər ölkələrdə güzəştlərə görə dövlət, Nəqliyyat Nazirliyi nəqliyyat sektorunda çalışanlara, sahibkarlara müəyyən köməklik edirdi. Həmin güzəştlərin nəticəsində yaranan xərclər dövlət tərəfindən ödənilirdi. Azərbaycanda isə bu birmənalı şəkildə nəqliyyat şirkətlərinin üzərinə qoyulmuşdu. Sahibkarlara heç bir güzəşt edilmirdi. Artıq Azərbaycanda intelektual nəqliyyat sistemi yaradılır. Sistem həyata keçirilən zaman güzəştlərin də tətbiqinə imkan yarana bilər».
Haqverdiyev artıq tələbələrə güzətlərin təqdirəlayiq hal olduğunu bildirdi:
«Bəzi ölkələrdə tələbəyə ictimai nəqliyyatda 30-50 faiz güzəşt edilir. Məsələn, Türkiyədə tələbələr şəhər nəqliyyatından yarı qiymətə istifadə edirlər. Rusiyada da tələbələrə nəqliyyatda güzəşt edilir. Tələbə biletini göstərən tələbə metroda, elektrik qatarında və sair birdəfəlik bileti 2 qat ucuz ala bilər. Başqa şəhərdən olan tələbələrə də ildə bir dəfə evlərinə pulsuz olaraq gedib qayıtmaq hüququ verilir. ABŞ-da da tələbələrə müəyyən güzəştlər var. Məsələn, nəqliyyatda, kitab mağazalarında, tələbə kafelərində, internet klublarında onlar başqalarına nisbətən az pul ödəyirlər. Almaniyada da tələbə nəqliyyatda gediş haqqını güzəştlə ödəyir. Azərbaycanda da bu təcrübədən istifadə edilməlidir».
Ekspert Azərbaycanda pensiyaçıların, müharibə veteranlarının, əlillərin və digər imtiyazlı təbəqələrin sayının çox olması ilə əlaqədar bu prosesin mərhələli aparılmasına tərəfdardır:
«Polşa, Macarıstan, Rusiya, Türkiyə, Amerika və sair ölkələrdə ictimai nəqliyyatda belə güzəştlər tətbiq edilir. Azərbaycanda da bu güzəştlər mərhələli şəkildə tətbiq edilməlidir. Hazırda yaradılacaq intelektual idarəetmə sistemi buna imkan verir».
Lakin NN rəsmiləri nəqliyyatda güzəştlərin tətbiqi barədə söhbət getmədiyini bildirirlər. Nazirliyin mətbuat katibi Namiq Həsənovun sözlərinə görə, sovet dövründə belə bir sistem mövcud idi:
«O vaxt 12 yaşına qədər olan uşaqlara, tələbələrə, əlillərə, müharibə iştirakçılarına və təqaüdçülərə güzəşt edilirdi. Azərbaycanda nəqliyyat tam özəl sahədir. Ona görə də, əhalinin aztəminatlı təbəqələrinə ictimai nəqliyyatda güzəştlər ləğv edilib. Çünki, bazar prinsipləridir, qiyməti bazar müəyyənləşdirir. Nazirlik sadəcə olaraq marşrut xətlərini müəyyən edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bizdə isə nəqliyyat sahibkarların icrasındadır. Ona görə də, güzəştlər yoxdur. Gələcəkdə ictimai nəqliyyatda güzəştlər sisteminin tətbiq edilməsi ilk növbədə həmin sahibkarllarla razılaşdırılmadan asılıdır».
Qeyd edək ki, intellektual idarəetmə sistemi ilə əlaqədar çip kartlar sistemi may-iyunda işə düşəcək. O kartlar vasitəsilə ödənişlər həyata keçiriləcək. Həmin kartlardan həm metroda, həm də yerüstü ictimai nəqliyyatda istifadə etmək mümkün olacaq. İntellektual idarəetmə sistemi zamanı özəl şirkətlərin fəaliyyətinin olduğu kimi qalacağı deyilir.