Tələbə köçürmələri asanlaşacaq
Tələbə-məzun» Dövlət Elektron Məlumat Sistemindəki məlumatlara əsasən, son 20 ildə Azərbaycanın bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə edilən köçürmələrin sayı isə 1375 olub. Ümumilikdə son 20 ildə ali məktəblərə xarici təhsil müəssisələrindən 2052 nəfər qəbul edilib. İndi isə ali və orta ixtisas təhsili müəssisələrində tələbə köçürmələrini asanlaşdırmaq xətti götürülür.
TN-dən bildirilir ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanıb. Sənəd təsdiq olunduqdan sonra yeni qaydaların növbəti ildən tətbiqi nəzərdə tutulur. Yeni qaydalarda tələbə köçürülmələrinə dair şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib.
Yeni qaydalara görə, yalnız öz ölkəsində akkreditə olunmuş xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin ölkənin ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpasına icazə veriləcək. Bu icazə yalnız tələbənin təhsil aldığı müddətdə həmin şəhərdə yaşamasında və səhhətində problem yarandıqda, yaxud həmin müddətdə ailə vəziyyəti ilə bağlı yaşayış yerini dəyişdikdə verilə bilər. Qeyd edək ki, mövcud Əsasnaməyə görə, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digərinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və son semestr istisna olmaqla, TN-nin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Köçürməyə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə TN Elm, ali və orta ixtisas təhsili şöbəsində baxılır, sənədlər araşdırılır.
Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) şöbənin verdiyi təqdimat əsasında köçürməyə razılıq verilir.
Yeri gəlmişkən, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yeni kreditlər müəyyənləşdirilib. Nazirlər Kabinetinin məlumatına görə, «Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı»na edilən yeni dəyişikliklərə əsasən, ixtisasın təhsil müddətindən asılı olaraq, orta ixtisas təhsili pilləsində tam orta təhsil bazasından təhsil alanlar üçün 120-180, ümumi orta təhsil bazasından təhsil alanlar üçün isə 180-240 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditlərin tələbələr tərəfindən qazanılması məcburidir. Bununla yanaşı, təhsil alanların auditoriya dərsləri həftədə 30 saatı aşmamalıdır.
Kabinetin yeni qərarı ilə yay tətili semestrinin müddəti müəyyənləşdirilib. Yeni qaydalar görə, tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftəlik yay semestri də təşkil oluna bilər.
Hər tədris ilində tətil müddəti 8-12 həftədir. Əvvəllər isə tətilin müddəti 7-12 həftə idi.
Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
Bundan başqa, TN ali məktəblərdə imtahanların yazılı və ya test üsulu ilə aparılması məsələsinə aydınlıq gətirib. TN rəsmi saytında bu barədə sualı belə cavablandırılıb ki, ali məktəblərdə kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir.
Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə» təsdiq edilib (Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri). Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq yazılı şəkildə aparılması nəzərdə tutulur.