Muəllif:

Teleaparıcı seriala çəkilir

Teleaparıcı Nailə İslamzadə rejissor Nadir Diridağlının «Tək olanda qorxma» serialında çəkilib. Tanınmış diktor serialdakı rolu haqda danışır:
«Mən bu serialın yalnız 1-ci bölümündə ana rolunda çəkilmişəm. Filmdə ana rolunda oynamaq təklifi mənə Space televiziyasının rəhbəri Vaqif Mustafayevdən gəldi. Bu təklif mənim üçün gözlənilməz oldu, amma Vaqif müəllim o rolda məhz məni gördüyünü bildirdi. Vaqif Mustafayev, bildiyiniz kimi, çox istedadlı rejissordur. Mən ssenari ilə tanış olduqdan sonra məmnuniyyətlə razılaşdım.
Azərbaycan televiziyasında diktorluq fəaliyyətimə başlayanda kinostudiyadan filmlərə çəkilmək üçün çox təkliflər olurdu, amma televiziyanın o vaxtkı rəhbərliyi «ya diktor olun, ya da aktrisa» demişdi. Qismət indiyə imiş. Tərəf-müqabilim Levent Taşçı Türkiyədən dəvət olundu. Bir çox türk seriallarında rol almış aktyordur. Filmdə ana və ata Qarabağ müharibəsinin iştirakçılarıdır, ata pilotdur, milli qəhrəmandır. Onların çox gözəl ailələri və 2 oğulları var. Birinci seriyada onların yalnız gözəl ailə həyatı göstərilir. Seriyanın sonunda isə ata və ana qəzaya düşərək həlak olur, serialın sonrakı bölümləri onların yetim qalan uşaqlarının acı taleyi haqdadır.
Filmdə çəkilmək çox maraqlı idi. Hətta gecə çəkilişlərinə yay vaxtı olduğuna görə axşam saat 10-da başlayır və gün çıxana kimi səhər saat 5-də bitirirdik. Serialda çəkilmək mənim üçün çətin olmadı, çünki mən uzun illər kamera arxasında olan adamam, həm də düşünürəm ki, filmdə çox da rola girmək lazım deyil. Əgər rejissor həmin rola məni lazım bilibsə, deməli, mənim real həyatda olan obrazım onun xoşuna gəlib. Ona görə də serialda olduğum kimi görünməyə çalışdım. Amma 1-ci seriyanın ssenarisini oxuyub bitirəndə gözlərim yaşarmışdı. Çünki o qədər mehriban, gözəl ailə idi ki, faciə ilə dağılması məni kövrəltdi…».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 459