Muəllif:

Təkcə “Xəzər Lənkəran”

Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsi iştirakçılarından yarımfinala bircə cənub klubu bir addım yaxınlaşdı.
Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin ilk oyunlarının bu mərhələsində 4 matçın ikisi paytaxtda, ikisi isə əyalətdə təşkil olunmuşdu. Səkkiz iştirakçıdan beşi çempionatda ilk “altılığ”a vəsiqəni təmin edən komandalar olduğundan, futbolsevərlər maraqlı, gərgin mücadiləyə şahid olublar.
Çempionatın lideri “Neftçi” Zaqatalada yerli “Simurq”la qarşılaşıb. İlk “altılıq”da yerlərini təmin etmiş bu klubların kubok qarşılaşması maraqla gözlənirdi. Həm də, bundan cəmi bir neçə gün əvvəl keçirilən çempionat görüşündə “Simurq” paytaxt komandasına 2 cavabsız qolla uduzmuşdu. Elə çempionatın ilk dövrəsində Bakıda keçirilən oyunda da “Neftçi”i üstün olmuşdu – 2:1.
Zaqataladaki matçda meydan sahiblərinin məğlubiyyətlərin əvəzini çıxacağı gözlənilsə də bu, baş vermədi. Oyun qolsuz heç-heçə ilə yekunlaşdı – 0:0. Beləliklə, rəqiblər növbəti mərhələyə hansı komandanın çıxacağını cavab oyununa saxladılar. Qeyd edək ki, ötən mövsüm 1/8 finalda üz-üzə gələn bu komandalar Zaqatalada münasibətlərini ayırd etmişdilər. O vaxt matçın taleyini 1 qol həll etmişdi və “Neftçi” minimal hesablı qələbə sayəsində mərhələ adlamışdı. Qeyd edək ki, həlledici matçda istənilən hesablı qollu heç-heçə “Simurq”u növbəti mərhələyə çıxaracaq.

Əyalətdə təşkil olunan daha bir qarşılaşma isə Qəbələdə idi. Burada ilk “altılığ”a vəsiqə qazanmış iki komanda — “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəliblər. Bu komandalar ötən mövsümdə də, 1/4 finalda qarşılaşmışdılar. Ötən il bu mübarizədən “Qarabağ” qalib çıxmışdı. Belə ki, ilk oyunda hesab açılmasa da, “Qarabağ” cavab görüşündəki qollu heç-heçə (2:2) sayəsində növbəti mərhələyə yüksəlmişdi.
Bu dəfə hesabı meydan sahibləri açdılar. Amma Ağdam təmsilçisi fasilədən sonra buraxılan qolun əvəzini çıxmağı bacardı. Beləcə, ilk görüşdə güclünü təyin etmək mümkün olmadı – 1:1. Ona görə də, növbəti mərhələyə vəsiqənin sahibini Bakıda keçiriləcək cavab görüşü ayırd edəcək. Təkrar görüşdə istənilən hesablı qələbə, yaxud qolsuz heç-heçə “Qarabağ”ı yarımfinala çıxaracaq.

İlk “altılığ”a düşmək şansını itirən “Rəvan” öz meydanında “Xəzər Lənkəran”la üz-üzə gəldi. İndiyədək kubokda qarşılaşmayan bu klublar üçün mübarizəni kubokda davam etdirmək çox vacibdir. Çünki elə “Xəzər Lənkəran”ın özünün də ilk “altılığ”a düşərək avrokuboklara gedəcəyi hələ sual altındadır.
Görüş ərəfəsində Lənkəran klubunun baş məşqçisi Karles Bakesin istefa verməsi Bakı klubunun xeyrinə işləməli idi. Lakin “Rəvan” istədiyi nəticəyə nail ola bilmədi. Hərçənd, “Rəvan” erkən qol vurmaqla oyunu öz xeyrinə həll etmək üçün çox yaxşı şans qazanmışdı. Amma qonaqlar ikinci hissədə böyük əzmkarlıq göstərərək, oyunu öz xeyirlərinə başa vurmağı bacardılar. Bu qələbə sayəsində “Xəzər Lənkəran”ın yarımfinala vəsiqə qazanmaq üçün yaxşı şans qazandığını demək olar.

Kubokun 1/4 final mərhələsinin paytaxtda təşkil olunan ikinci görüşündə “Bakı” və “İnter” üz-üzə gəldilər. “İnter” çempionatda ilk “altılığ”a vəsiqəni çoxdan qazanıb. “Bakı”nın isə çempionatda işləri o qədər də yaxşı getmədəyindən ümidini kuboka bağlayıb.
Premyer Liqada ilk “altılığ”a vəsiqəni təmin edə bilməyən paytaxtın eyniadlı klubu oyunun gedişində hesabda geri idi. Amma məhz son saniyələrdə vurulan qol Bojidar Bandoviçin komandasını məğlubiyyətdən xilas etdi. Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün birinci dövrəsində bu komandalar arasında məhz “Bakı”nın meydanında keçirilən ilk görüş də qolsuz heç-heçə ilə bitmişdi. “İnter”in meydanında keçirilən ikinci qarşılaşmada isə “bankirlər” 1:0 hesabı ilə üstün olmuşdular. Kubok mücadiləsindəki cavab görüşünün necə bitəcəyini isə zaman göstərəcək.

Azərbaycan Kuboku, 1/4 final mərhələsi (ilk oyunlar)

“Simurq” – “Neftçi” — 0:0 (0:0)

“Qəbələ” – “Qarabağ” — 1:1 (1:0)
Qollar: Dodo, 33 (1:0), V.Nadirov, 56 (1:1)

“Bakı” – “İnter” — 1:1 (0:0)
Qollar: İ.Kandelaki, 80 (0:1), A.Nəbiyev, 90+2 (1:1)

“Rəvan” – “Xəzər Lənkəran” — 1:2 (1:0)
Qollar: M.Zeçeviç, 6 (1:0), R.Əmirquliyev, 74 (1:1), U.Pamuk, 80 (1:2).

1/4 final mərhələsinin cavab oyunları martın 7-də keçiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129