Təhsilin yeni strategiyası
Yeni qüvvəyə minmiş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə tədbirləri nəzərdə tutur.
Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönələn birinci strateji məqsəd təhsilin bütün pillələri üzrə kurrikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Sənəd məktəbəqədər təhsil üzrə yeni kurrikulumun tətbiqinin sürətləndirilməsi zəruri hesab edir. Bundan başqa, ilk peşə-ixtisas və orta ixtisas təhsili kurrikulumları müasir tələblərə cavab vermir. Müəllim hazırlığı üzrə yeni kurrikulumlar tətbiq edilsə də, ümumilikdə ali təhsil müəssisələrinin kurrikulumları əmək bazarında işçi səriştəsinə olan tələblərlə uyğun gəlmir. Ali təhsil pilləsində kurrikulumların inkişafı, iqtisadiyyatın inkişaf dinamikasından geri qalır.
İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Növbəti strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Strategiya inkişaf etmiş ölkələrin təcrübəsini örnək alaraq təhsildə idarəetmənin ictimailəşmə prosesinin sürətlənməsini önə çəkir. Əlbəttə, təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, hər növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər çağdaş idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin beynəlxalq təcrübə əsasında modernləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.
Dördüncü strateji istiqamət günün tələblərinə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təlim metodologiyasına uyğun infrastruktur yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, modern təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.
Beşinci strateji istiqamət isə ölkədə iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemləri ilə eyni səviyyədə duran təhsil sistemini maliyyələşdirmə modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətləri göstərilməsinin dəstəklənməsini nəzərdə tutur.
Təhsilin İnkişafı Fondunun yaradılması da strateji istiqamət kimi qeyd edilir. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan nə qədər insan var.
İş bundadır ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatı ilə uzlaşmır. Ali təhsil müəssisələri tələbələrinin yalnız 1,2 faizi kənd təsərrüfatı ixtisasları üzrə təhsil alır. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmlənib. Özəl sektorda ixtisaslı işçi qüvvəsi çatışmazlığı problemi yaranıb. Ən böyük kadr çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə olunur. Hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə ölkə üzrə göstəricilər xeyli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında ali təhsilə çıxış imkanları genişləndirilməlidir.
Beləliklə, strategiyada təhsil müəssisələrinin infrastrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiya sisteminin, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi qarşıya məqsəd qoyulub.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğvi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, ölkədə 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib. Onu da qeyd edək ki, ümumi təhsil müddəti az sayda ölkədə on bir il təşkil edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə Ümumi Daxili Məhsulun 3-6 faiz artımına gətirib çıxarır.
Strateji hədəf və tədbirlər sırasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi yer alıb.
Sözügedən sənəddə məktəbəqədər hazırlıq təhsilinin icbari olması nəzərdə tutulur. Məktəbəqədər təhsilin inkişafının dövlət siyasətində əhəmiyyətli yer tutduğu, uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsinin vacib olduğu bildirilir. Belə ki, bir çox ölkələrdə təhsil müddətinin tədricən artırılması yönündə addımlar atılır.
Strategiyaya əsasən, müəllimlərin əmək haqları səriştə və nəticələr əsasında 2 dəfə artırılacaq. Belə ki, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əmək haqqının adambaşına düşən ÜDM-yə nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması, tam orta təhsildə bir şagirdə düşən illik xərclərin adambaşına ÜDM-yə nisbətinin mərhələlərlə 2 dəfəyədək artırılması da qarşıya məqsəd qoyulub. Sənəddə təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi məsələsi də öz əksini tapır.
Bundan başqa, təhsil sahəsində dövlət-biznes partnyorluğu sistemi yaradılacaq. Maraqlı tərəflərin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması, beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, ömür boyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin yaradılması və tətbiqi, beynəlxalq təhsil proqramlarının tanınması və təhsil müəssisələrində dövlət təhsil proqramları ilə yanaşı ödənişli əsaslarla tətbiqi də var.
Təhsil müəssisələrinin reytinq sistemi və beynəlxalq təcrübə əsasında məktəbəqədər və ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sistemi yaradılacaq. Keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi, bütün təhsil pillələri üzrə Təhsilin İdarə olunmasının Məlumat Sistemləri və «Tələbə-məzun» sistemi əsasında hesabatvermə, təhlil və proqnozlaşdırma sisteminin yaradılması və mütəmadi yenilənməsinin təmin edilməsi, əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması, təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin hazırlanması, şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi üzrə sistemin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu sənədlə bağlı mətbuata açıqlamasında təhsil naziri Cabbarov bir sıra məqamlara toxunub. O, strategiyanı təhsil tarixi üçün əlamətdar hadisə hesab edir. Deyir ki,sənəd çox əhatəlidir, onun həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq, planda tədbirlərin icra müddətləri müəyyənləşəcək.