Təhsilin inkişafı üzrə Dövlət Strategiyası — islahatların yeni mərhələsi nə vəd edir?
Ölkənin inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
Beş strateji istiqaməti ehtiva edən «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın məzmununda insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm şərtlərdən biri kimi qeyd edilir.
Təhsil sistemi yeni islahatlar dövrünə qədəm qoyan Azərbaycanda təhsildə keyfiyyət göstəricilərinin artması prioritet istiqamətlərdəndir. Burada əsas məqsəd təhsilimizi dünyanın sürətlə modernləşən aparıcı təhsil sistemləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Bu və ya digər məsələlərə təhsil mütəxəssislərinin yanaşmalarını təqdim edirik:
Şahlar Əsgərov, professor, Milli Məclisin Elm və təhsil komissiyasının sabiq sədri:
«Dövlət Strategiyasının imzalanması təhsil sistemimizə daha açıq gözlə baxmağa, hədəfləri müəyyənləşdirməyə şərait yaradır. Strategiyada əksini tapan müddəaların müzakirəsi təhsil sistemini ictimaiyyətin diqqət mərkəzinə gətiribdir. Bu bir fürsətdir, bundan səmərəli istifadə etmək lazımdır.
Dövlət Strategiyasında təhsil sisteminin qarşısında duran vəzifələr, perspektivlər çox aydın şəkildə göstərilmişdir. Sənəddə görülmüş işlərə nəzər salınaraq qeyd edilir ki, son illərdə təhsilin informativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmiş və mövcud təhsil obyektlərinin əsaslı təmir-bərpa işləri uğurla aparılmışdır».
Strategiyanın zəruriliyi haqda göstərilir: «Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu inkişaf etdirilməlidir «.
Bu fikirlərdən göründüyü kimi, bir tərəfdən, təhsilin inkişafı dövlətin inkişafı ilə harmoniya təşkil etməli, digər tərəfdən fərdi, insanı gələcəyə hazırlamağı bacarmalı və insan resursları inkişaf etdirilməlidir:
«Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir». Bir sözlə, təhsil — sürətlə dəyişən dünyada, insanı dəyişdirməyi bacarmalı, insanı «örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirməlidir».
Dövlət Strategiyası mükəmməl konseptual sənəddir və o, təhsilin bütün problemlərinə müxtəlif bucaq altında işıq salır.
Strategiyada təhsil sisteminin səviyyəsini müasir dövrün tələbləri səviyyəsinə yüksəltmək üçün beş strateji istiqamət seçilmiş və bu istiqamətlərdə genişmiqyaslı tədbirlər nəzərdə tutulur. Bu istiqamətlərdən birincisi şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir.
Təhsilli insanın fərqli və ya strategiyada göstərilən insani keyfiyyətə malik şəxs kimi yetişdirilməsi onun məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün təhsil pillələri üzrə mənimsədiyi kirikulumların məzmunundan asılıdır. Bu təhsil proqramları formaca dolğun, mükəmməl, məzmunca milli və bəşəri hazırlanmalıdır ki, kamil insan yetişdirmək mümkün olsun. Bu səbəbdən mən təhsilin məzmununa diqqəti cəlb etmək istəyirəm.
Məlumdur ki, insan anadan doğularkən bəzilərində şəxsi, bəzilərində isə ictimai mənafe hissləri üstünlük təşkil edir. İnsan oğlu ictimai mənafeyə üstünlük verdikcə digər canlılardan ayrılır, kamilləşir. Bu işdə mədəniyyətin, təhsilin, tərbiyənin və idmanın rolu böyükdür.
Orta təhsilin məzmunu elə olmalıdır ki, məktəbi qurtaran gənclərin əksəriyyətində ictimai mənafe (dövlətçilik, vətənpərvərlik və millətə xidmət hissi) şəxsi mənafedən (vəzifə hərisliyi, varlanmaq arzusu, qohumbazlıq hissi və s.) üstün olsun. Orta məktəb dərsliklərində ictimai mənafe vəsf edilməlidir, qədərindən artıq şəxsi mənafe hissləri isə bədii, tarixi nümunələr və misallarla tənqid edilməlidir. Fəaliyyətin hər bir növünü, tədris materialının hər bir mövzusunu bu prizmadan keçirib, dərsliklərə salmaq lazımdır.
İndiki dövrdə cəmiyyətdə şəxsi mənafeni güdənlərin sayı çoxdur. Cəmiyyət sosiallaşmaya yox, fərdiləşməyə daha meyillidir. Çünki təhsilin məzmununda böyük deformasiyalar baş verib. Güman etmək olar ki, bir neçə ildən sonra şəxsi mənafeni güdənlərin sayı daha çox olacaqdır. Belə olan halda, rahat cəmiyyət yaratmaq da mürəkkəbləşəcək. Bu baxımdan mənəviyyatın dirçəlməsinə ehtiyac böyükdür.
Dövlət Strategiyası ilə bağlı genişmiqyaslı işə başlamazdan qabaq, məncə, alimlərin, mütəxəssislərin, ekspertlərin, müəllimlərin iştirakı ilə bir elmi konfrans keçirilməsinə ehtiyac duyulur. Deyiləsi fikirlər, söyləniləsi sözlər çoxdur. Bu işləri qəzet məqalələri vasitəsi ilə nizamlamaq asan deyildir. Misal üçün, «oxumaq» və» öyrənmək» sözləri təhsildə düz işlədilmir. Bu sözlərin rus və ingilis dillərində mənalarına baxın və müqayisə edin. Bu dillərin hər birində bu sözlər öyrənmək mənasında işlədilir. «Oxumaq» vasitədir, «öyrənmək» məqsəddir. «Oxumaq» asandır, «öyrənmək» çətin. Bu anlayışlar öz işini görübdür. Bugünkü təhsilimizin düsturu: gənclərimiz öyrənmirlər, oxuyurlar.
Təhsilin inkişafı ilə bağlı deyiləsi söz çox olsa da, fikrimi Pakistanın sabiq maliyyə naziri Məhbub ül-Həqin söylədiyi sözlərlə tamamlamaq istəyirəm. O, çıxışlarının birində demişdir: «Bizim dövlətin 3 prioritet sahəsi var: 1-ci prioritet sahə təhsildir. 2-ci prioritet sahə də təhsildir. 3-cü prioritet sahə də təhsildir».
Aydın Əhmədov, Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri:
«Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası» tarixi əhəmiyyətə malik, təhsilimizin gələcək inkişafına geniş yol açan, strateji konseptual bir sənəddir. Müasir dövrdə ölkəmizin təhsil sisteminin taleyüklü problemlərinin həllinə və inkişaf perspektivlərinə yönəlmiş bu mühüm sənəddə təhsilin bütün pillə və səviyyələri əhatə olunmuşdur.
Sənəddə uşaqların erkən yaş dövründə inkişafını təmin edəcək səmərəli təhsil modelinə əsaslanan kurikulumların, məktəbəhazırlıq təhsili kurikulumlarının, eləcə də maarifləndirmə tədbirlərini özündə ehtiva edən «Səriştəli valideynlər» proqramının hazırlanması, 12 illik ümumi təhsilə keçidin təmin olunmasına istiqamətlənmiş mövcud standart və kurikulumların yeniləşdirilməsi, istedadlı uşaqlarla iş sahəsində beynəlxalq təcrübəyə uyğun inkişaf yönümlü xüsusi proqramların müəyyən edilməsi və digər aktual tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Strategiya sənədinə görə, məktəbəhazırlıq təhsilinin icbari xarakterdə olması təsbit edilmişdir. Eyni zamanda icbari ümumi orta təhsilin müddəti 10 il müəyyənləşdirilmişdir. Müddəti iki il nəzərdə tutulan tam orta təhsil səviyyəsində təhsil müxtəlif istiqamətlər üzrə həyata keçiriləcəkdir. Bütün bu məsələlər genişmiqyaslı, düşünülmüş və mövcud olanların dərindən təhlili üzərində qurulan tədbirlərin yerinə yetirilməsini tələb edir.
(Ardı var)

