Muəllif:

Təhsilin inkişafı üzrə Dövlət Strategiyası — islahatların yeni mərhələsi nə vəd edir?

(Ardı. Əvvəli qəzetimizin 30 noyabr nömrəsində)
Məlumdur ki, Azərbaycanın ümumi təhsilində islahatlar xalqımızın ümummilli lideri, qüdrətli dövlət xadimi Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti sayəsində Dünya Bankının iştirakı ilə təmin olunmaqla 1999-cu ildən həyata keçirilməyə başlanmışdır.
Ötən müddət ərzində dünya təcrübəsinə əsaslanan mütərəqqi ideyalar və yanaşmalar nəzərə alınmaqla, ümumi təhsilin məzmununun yeniləşdirilməsi istiqamətində ciddi addımlar atılmış, Azərbaycan Hökuməti tərəfindən milli səviyyədə ümumi təhsilin dövlət standartları və proqramlarını (kurikulumları) əhatə edən konseptual xarakterli sənədlər qəbul olunmuş və bu sənədlərin əsasında ümumtəhsil məktəblərində tədris edilən fənlər üzrə müasir kurikulumlar hazırlanıb təsdiq olunmuşdur. Hazırda ümumtəhsil məktəblərinin IVI siniflərində tədris yeni fənn kurikulumları əsasında aparılır.
Bununla belə, istər məktəbəqədər, istərsə də ümumi təhsil üzrə dövlət standartları və kurikulumların təsdiqindən artıq müəyyən vaxt keçmişdir. Strategiyadan irəli gələn tələblər baxımından, həm də daha çox müvafiq dövlət standartları və kurikulumlarının 12 illik ümumi təhsil modelinə uyğunlaşdırmasına, təkmilləşdirməsinə və yeniləşdirməsinə zəruri ehtiyac yaranmışdır. Bu məqsədlə müvafiq işçi qruplarının formalaşdırılmasına başlanmışdır. İlk mərhələdə nəzərdə tutulur ki, işçi qrupları müvafiq sənədləri diqqətlə nəzərdən keçirib təkliflər müəyyən etsinlər və ictimai müzakirəyə çıxarmaq üçün bu sənədlərin yeni layihə variantlarını hazırlasınlar.
Bu gün ictimaiyyətin maraq dairəsində olan məsələlərdən biri də 12 illik ümumi təhsilə keçidlə bağlıdır. Strategiya sənədinə əsasən, deyə bilərik ki, 12 illik ümumi təhsil 4 (ibtidai təhsil) + 6 (ümumi orta təhsil) + 2 (tam orta təhsil) formatında olacaqdır. Ümumi orta təhsil səviyyəsinin hazırkı formatdan fərqli olaraq, 5 il əvəzinə 6 il müəyyən edilməsi məntiq baxımından daha önəmlidir. Belə ki, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda ümumi orta təhsil icbari hesab edilmişdir. Ona görə də həmin səviyyədə təhsil müddətinin 1 il uzadılması fənlər üzrə proqram materiallarının yüngülləşdirilməsi yolu ilə onların səmərəli mənimsənilməsinə, şagirdlərin sağlamlığının qorunmasına, onların psixoloji dayanıqlıqlarının təminatına müsbət təsir göstərəcəkdir. 12 illik ümumi təhsil modelinin tətbiqinə nə vaxt və hansı sinifdən keçiləcəyi isə yaxın vaxtlarda aparılacaq müzakirələrdən sonra məlum olacaqdır.
Məktəbəhazırlıq təhsilinin kurikulumunun psixoloji-pedaqoji baxımdan optimal hazırlanması da ciddi əhəmiyyət kəsb edən məsələdir. Çünki bu mərhələ icbari hesab olunduğundan hər bir uşaq məktəbəhazırlıq təhsilini keçdikdən sonra I sinfə qəbul ediləcəkdir. Ona görə də bu mərhələnin kurikulumu elə hazırlanmalıdır ki, o ibtidai təhsil səviyyəsinə problemsiz keçidi, eləcə də, həmin səviyyədə tədris yükünün qismən yüngülləşdirməsini, uşaqların təhsilə marağının artırılmasını təmin etsin.
Fərzəli Qədirov, Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın təsdiq edilməsi təhsil tariximizdə ən əhəmiyyətli hadisə kimi qəbul edilir, Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoymasının təzahürü kimi qiymətləndirilir.
Strategiyada ölkəmizin inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində hədəflər müəyyənləşdirilmişdir.
Həmin hədəflərdən biri də «Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması»dır.
Bununla əlaqədar həyata keçiriləcək tədbirlər nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistem yaradılacaq, təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə innovativ modellər tətbiq ediləcək, artıq tətbiqinə başlanılmış modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin inkişaf etdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin davamlı şəkildə yüksəldilməsi təmin ediləcəkdir.
Ən əhəmiyyətli cəhətlərdən biri də odur ki, müəllim peşəsinin itirilmiş nüfuzu bərpa ediləcək, bu sahədə dövlət siyasəti inkişaf etdirilməklə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sistemi yaradılacaq, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə kompleks tədbirlər həyata keçiriləcək.
Müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi nəticəsində peşəkar kompetensiyalara, praktik bacarıqlara malik müəllimlər hazırlanacaq, ümumilikdə pedaqoji kadr hazırlığı beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək.
Bununla yanaşı, müəllimlərin tədris resursları ilə təminatı istiqamətində əsaslı addımlar atılacaq. Təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması təmin ediləcək, yeni kurikulumlara uyğun və İKT əsaslı metodiki vəsaitlər, didaktik materiallar və təlim vasitələri hazırlanacaq, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq.
Eləcə də şəxsiyyətin, cəmiyyətin və dövlətin strateji maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə təkmil sistem yaradılacaq. Müəllimlər üçün istedadın aşkar edilməsi üzrə diaqnostik metodikalar, psixometrik vasitələr hazırlanacaq və təhsil müəssisələrində tətbiq ediləcək. Hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmləri yaradılacaq.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən sistem yaradılacaq, bununla əlaqədar inkluziv təlim metodologiyası işlənəcək, bu kateqoriyadan olan uşaqların təhsili və sosial adaptasiyası məqsədilə optimal inkluziv təhsil modelləri tətbiq ediləcək. Müvafiq bacarıqların aşılanması bütün müəllimlər inkluziv təhsil üzrə məqsədli ixtisasartırma təhsilinə cəlb ediləcəkdir.
Strategiyada nəzərdə tutulan hədəflərdən biri də «Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması» məsələsidir. Bununla əlaqədar idarəetmə sahəsində peşəkar kadrların hazırlanması, ehtiyat kadr bazasının formalaşdırılması, idarəetmə sahəsində çalışanlar üçün təlimlər sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi peşəkar kompetensiyalara malik menecerlər komandasının formalaşmasına, təhsili idarəetmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin hissolunacaq dərəcədə yüksəlməsinə gətirib çıxaracaq.
Həmçinin, strategiyada qabaqcıl beynəlxalq təcrübə əsasında ümumi təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması da nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ümumtəhsil məktəblərində müəllim-şagird nisbətinin optimallaşdırılmasına, pedaqoji heyətin keyfiyyət göstəricisinin yaxşılaşdırılmasına, nəticə əsaslı diferensial əmək haqqı sisteminin tətbiqinə zəmin yaradacaqdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 2127